Seulda AXC-nin 100 illik yubileyi keçirildi - FOTO

12:10 | 23.05.2018
Seulda AXC-nin 100 illik yubileyi  keçirildi - FOTO

Seulda AXC-nin 100 illik yubileyi keçirildi - FOTO

Seulda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilib.
 
Azərbaycanın Koreya Respublikasındakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tədbirdə dövlət rəsmiləri, o cümlədən Ticarət, Sənaye və Energetika nazirinin müavini, Koreya Milli Assambleyasının deputatları, Yonhap Dövlət Xəbər Agentliyinin prezidenti, Seulda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, aparıcı Koreya şirkətlərinin, elmi-ictimai təşkilatların nümayəndələri, ali təhsil ocaqları və beyin mərkəzlərinin təmsilçiləri, Koreyada təhsil alan azərbaycanlı tələbələr və diaspor üzvləri iştirak ediblər.
 
Tədbirdə səfir Rəmzi Teymurov müsəlman dünyasında ilk dünyəvi, demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və rolu barədə danışıb. O bildirib ki, 1920-ci ilin yanvarında Paris Sülh Konfransında müstəqilliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınan AXC-nin cəmi 23 aylıq mövcudluğu dövründə bir çox siyasi-iqtisadi islahatlar həyata keçirilib, demokratik institutlar təsis olunub, bir çox qərb ölkələrindən də əvvəl qadınlara seçib-seçilmək hüququ verilib.
 
R. Teymurov 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini çətinliklə və qurbanlar hesabına bərpa etdiyini, müstəqilliyin ilk illərində siyasi və iqtisadi problemlərlə yanaşı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, etnik təmizləmə və soyqırımına məruz qaldığını diqqətə çatdırıb.
 
Azərbaycanla Koreya arasındakı əlaqələrdən söz açan R. Teymurov ölkələrimizin möhkəm ikitərəfli əlaqələr qurmağa nail olduğunu, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin əlaqələrimizin möhkəmlənməsinə böyük töhfə verdiyini bildirib.
 
Koreya Milli Assambleyasının Azərbaycan ilə dostluq qrupunun sədri Li Myonq-su isə 100 il əvvəl Azərbaycanın istiqlal bəyannaməsinin dünya tarixində böyük əhəmiyyət və rəmzi məna daşıyan başlanğıc olduğunu vurğulayaraq, böyük tarixi və mədəniyyəti ilə Azərbaycanın bir çox ölkələrdən də sürətli tərəqqi yolu ilə irəlidə olduğunu söyləyib.
 
Tədbirdə həmçinin Koreya Xarici İşlər Nazirliyinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə səfiri Mun Duk-ho və Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço çıxış ediblər.
 
İki ölkə arasında mədəni sahədə əməkdaşlığa verdiyi dəstəyə görə Koreya Mədəniyyət Assosiasiyasının prezidenti Ce-min Conqa Azərbaycan səfirliyinin mükafatı təqdim olunub.
 
Mərasimdə Bakı Milli Geyim Evinin modelyeri Könül Vəlibəylinin hazırladığı milli geyimlərimiz nümayiş olunub.
 
Tədbirdə həmçinin Azərbaycan Milli Kulinariya mərkəzinin baş direktorunun müavini Ceyran Əsgərova tərəfindən hazırlanmış Azərbaycanın milli təamları, o cümlədən dolma, plov növləri, kükü, habelə paxlava və şəkərbura qonaqlara təqdim olunub.
 













www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti