Ölkəmizdə aqrar sığorta mexanizminin tətbiqi çərçivəsində bu sahədə müstəqil ekspertlər institutunun yaradılması tələb olunur. Müstəqil ekspertlər aqrar sığorta zamanı risklərin və dəyən zərərin qiymətləndirilməsi xidməti göstərəcəklər.
Müstəqil ekspert statusu almaq istəyən şəxslər üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahan təşkil ediləcək.
Artıq Dövlət İmtahan Mərkəzi (DİM) namizədlərin imtahanlara səmərəli hazırlaşmasını təmin etmək məqsədilə imtahanın birinci mərhələsinin proqramlarını təqdim edib.
Proqramlarla
(http://dim.gov.az/upload/iblock/c44/c448ea7aa51b5cd082690f94896cb47b.pdf) linki vasitəsilə tanış olmaq olar.
İmtahanın birinci mərhələsindən müvəffəqiyyətlə keçən şəxslər Aqrar Sığorta Fondu tərəfindən təşkil edilən təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir. İmtahanın ikinci mərhələsi təlim proqramına dair sualları əhatə edir.
İmtahan aşağıdakı növ sertifikatların verilməsi üçün təşkil olunur:
- Kənd təsərrüfatı heyvanlarının və kənd təsərrüfatı məqsədilə yetişdirilən heyvanların sığortası üzrə müstəqil ekspert sertifikatı;
- Akvakultura məhsullarının sığortası üzrə müstəqil ekspert sertifikatı.
Namizədlər qanunvericilik aktları və digər zəruri materiallarla Ədliyyə Nazirliyinin Normativ hüquqi aktların vahid internet elektron bazasından (http://www.e-qanun.az/) və Aqrar Sığorta Fondunun internet səhifəsindən (http://elacademy.az/) tanış ola bilərlər.
Qanunvericilikdə edilən dəyişikliklərə uyğun olaraq müvafiq proqramlara düzəliş və əlavələr ediləcək. Eyni zamanda, imtahanların məzmunu, keçirilməsi və bununla əlaqədar digər zəruri məlumatlar da mütəmadi olaraq DİM-in internet səhifəsində yerləşdiriləcək. İmtahan iştirakçılarına bunu nəzərə alaraq DİM-in internet səhifəsini və yuxarıda göstərilən internet səhifələrini mütəmadi olaraq izləməsi tövsiyə olunur.
İmtahanlarda iştirak etmək istəyən namizədlər "Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspertlərin imtahanının keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 106 nömrəli Qərarı ilə yaxından tanış olmaları məqsədəuyğundur.
www.anews.az