Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanmış Azərbaycan idmançılarının təltifetmə mərasimində gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış ediblər.
Onlar Tokioda uğur qazanmış idmançıları dövlət mükafatlarına layiq görülmələri münasibətilə təbrik edib, qarşıdakı yarışlarda, xüsusən də Paris-2024 Yay Olimpiya və Paralimpiya oyunlarında uğurlar arzulayıblar.
Sonra gənclər və idman naziri Fərid Qayıbov Prezident İlham Əliyevin sərəncamları ilə təltif edilmiş idmançı və məşqçilərə müvafiq dövlət mükafatlarının medal və vəsiqələrini təqdim edib.
Təltif edilənlər siyahısında Tokio olimpiadasının gümüş medalçıları karateçi İrina Zaretska (68 kq) ilə sərbəst güləşçi Hacı Əliyev (65 kq) və olimpiadanın bürünc medalına sahib çıxan cüdoçu İrina Kindzerska (68 kq), həmçinin Tokio paralimpiadasında bürünc medal əldə etmiş cüdoçu İlham Zəkiyev (+100 kq) də var.
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il avqustun 12-də və sentyabrın 26-dakı sərəncamları ilə Tokio Olimpiadasında qazandıqları uğurlara görə 7 nəfər "Vətənə xidmətə görə” ordeni, 2 nəfər "Əmək ordeni”, 7 nəfər "Tərəqqi” medalı, 5 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib. Bundan başqa, Paralimpiya oyunlarındakı yüksək nəticələrə görə 4 nəfər "Şöhrət” ordeni, 14 nəfər "Vətənə xidmətə görə” ordeni, 3 nəfər "Əmək ordeni”, 3 nəfər "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 11 nəfər isə "Tərəqqi” medalı ilə təltif ediliblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !