Türk tarix elminin bilicisi, professor Xəlil İnalcık İstanbulda dəfn edilib.
APA-nın Türkiyə bürosunun məlumatına görə, dəfn mərasimində Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlu, İstanbulun bələdiyyə başqanı Kadir Topbaş, tanınmış elm və siyasət adamları iştirak ediblər.
X. İnalcık Osmanlı tarixinin dünyadakı ən yaxşı tədqiqatçılarından biri sayıldığına görə, Türkiyə Nazirlər Şurası onun Fateh məscidinin heyətində məzarlıqda dəfn edilməsi haqqında qərar verib. Məscidin baxçasındakı məzarlıqda Osmanlı dönəminin tanınmış simalarının məzar və türbələri olduğundan Nazirlər Şurasının qərarı olmadan orada heç kimin dəfn edilməsinə icazə verilmir.
Qeyd edək ki, Cümhuriyyət dönəminin məşhur tarixçisi, professor Xəlil İnalcık 29 may 1916-cı ildə İstanbulda anadan olub. Ailəsi 1924-cü ildə Ankaraya köçdüyündən X. İnalcık təhsilini orada davam etdirərək 1938-ci ildə Ankara universitetinin dil-tarix-coğrafiya fakültəsini bitirib. 1952-ci ildə professor elmi dərəcəsi alan X. İnalcık ABŞ və Böyük Britaniyanın bəzi universitetlərində Osmanlı tarixi dərsi verib. X. İnalcık professor İhsan Doğramacının dəvəti ilə 1992-ci ildə Ankaradakı Bilkənt universitetində Osmanlı tarixi kafedrasını yaradıb.
İyulun 26-da Ankarada vəfat edən X. İnalcık 72 kitab müəllifidir. Məşhur şərqşünas alim, professor Fuad Köprülünün tələbəsi olmuş X. İnalcık Türk tarixşünaslığında Şərq mənbələrini Qərb metodologiyası ilə tədqiq edən elmi məktəb yaradıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !