Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin vahid informasiya siyasətinin təmin olunması barədə əmr imzalayıb. APA-nın xəbərinə görə, əmrdə bildirilib ki, Azərbaycanda təşəkkül tapmış açıq informasiya siyasəti Təhsil Nazirliyinin fəaliyyətinin prioritet istiqamətlərindən birini təşkil edir. Təhsil Nazirliyinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması işinin planlaşdırılmış və koordinasiyalı qaydada təşkili KİV-lə əlaqələrin daha səmərəli qurulması zərurətini yaradıb. Təhsil Nazirliyinin KİV-lə əməkdaşlığının mərkəzləşdirilmiş qaydada və müəyyənləşdirilmiş istiqamətlərdə qurulması ilə yanaşı, ictimaiyyətə dolğun və məzmunlu məlumatlar çatdırılmalı, ictimaiyyətlə əlaqələr “Kütləvi informasiya vasitələri haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlara uyğun həyata keçirilməli, fəaliyyətin təşkilində təkrarçılıq və paralellik aradan qaldırılmalıdır. Təhsil Nazirliyinin fəaliyyəti, nazirlik daxilində üfüqi informasiya mübadiləsinin təmin edilməsi, ölkənin təhsil həyatında baş verən yeniliklər, həyata keçirilən islahatlar haqqında ictimaiyyətə və KİV-ə məlumatların operativ və sistemli şəkildə çatdırılmasının təmin olunması, media ilə səmərəli əməkdaşlığın qurulması məqsədilə qurumun bütün struktur bölmələri və tabeliyindəki qurumlar tərəfindən KİV-lə əlaqələr və ictimaiyyətə məlumatların verilməsi yalnız nazirliyin İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoru vasitəsi və ya razılığı ilə həyata keçirilməlidir. Nazirliyin bütün struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərləri təhsil sahəsinə dair böyük ictimai maraq doğuran normativ-hüquqi sənədlər, müvafiq yerli və beynəlxalq tədbirlər, görüşlər haqqında məlumatların, kütləvi informasiya vasitələrindən daxil olmuş informasiya sorğularının və müraciətlərin müvafiq qanunvericiliyə uyğun müddətdə cavablandırılaraq İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektoruna təqdim olunmasını təmin etməlidirlər. İnformasiya şöbəsinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehova tapşırılıb ki, nazirliyin struktur bölmələrinin və tabeliyindəki qurumların KİV və ictimaiyyətlə əlaqələrin koordinasiyasını təmin etsin, nazirliyin fəaliyyəti ilə bağlı media monitorinqin aparılmasını və media planın hazırlanmasını həyata keçirsin, nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların təsis etdiyi mətbu orqanların fəaliyyətinin istiqamətləndirilməsini və əlaqələndirilməsini təmin etsin, KİV və ictimaiyyətlə əlaqələrin təşkilinin təhlil olunmasını və bu istiqamətdə fəaliyyətin təkmilləşdirilməsinə dair təkliflərin verilməsini təmin etsin, ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” haqqında cəmiyyətdə aydın təsəvvürün yaradılması məqsədilə KİV-də çıxışların təşkil olunmasını təmin etsin, nazirliyin struktur bölmələri arasında informasiya mübadiləsinin yaradılması məqsədilə hər həftənin cümə günü müvafiq iclasın təşkil olunmasını və həmin iclas barədə qısa xülasənin hazırlanmasını təmin etsin.ANN.Az