Tənqidi bacarmayan "istedadlılarımız" - KÖŞƏ

14:07 | 26.05.2015
Tənqidi bacarmayan

Tənqidi bacarmayan "istedadlılarımız" - KÖŞƏ

Orxan Aslanlı

Bəlkə də bu yazı tənqiddən bezənlər üçün yaşıl işıq olacaq...

Hər hansı işi bitirdikdən sonra onu qiymətləndirənlərlə bərabər tənqid edənlər də az olmur. Hansısa məqamda bu münasibət həmin işin icraçısını həvəsdən sala bilər, amma tənqidçilər çox zaman bu nüansı yaddan çıxarırlar və baltanı kökündən vururlar. Çünki əksər tənqidçi insanların yalnız bir düşüncə tərzi var: hər şeyə tənqidi yanaşmaq, hər şeydə ancaq mənfiliklər axtarmaq - pozitiv olanın fərqinə varmamaq (çox vaxt bilərəkdən – O.A.), ən balaca neqativliyi isə filə döndərmək. 

Tənqid mövzusunda mənə pis təsir edən məqamlardan biri də haqqı olmayanların tənqidçilik etməsidir. Kimi gəldi və necə gəldi pisləməsi, qarşıdakının fəaliyyətində mənfilik axtarmaq üçün az qala lupadan istifadə ettməsi bu adamların peşəsinə çevrilib. Yaxud sadəcə vəzifəsi yüksəkdir deyə tənqid etməyi özünə səlahiyyət sayırlar. Jurnalistika sahəsində işlədiyim müddətdə belə faktlarla çox qarşılaşmışam. Özü iki-üç cümləni ardıcıl yaza bilməyən, hansısa yollarla baş redkatorluq postunda əyləşən şəxs işçilərini, yaşlı, kifayət qədər iş təcrübəsi olan redaktorlarını sərt tənqid etməkdən çəkinməyiblər. 

Yaxud da bəzi tənqidçilər tənqidlə təhqir ifadələri arasında heç bir sədd saxlaya bilmirlər. Məsələn, fərqli düşüncə, fərqli üslub ortaya qoymağa çalışan bir ədəbi yazarın əsərinin müzakirəsi zamanı onu həvəsləndirməkdən, ona stimul verməkdən, yaradıcılıq sahəsindəki üstünlüklərini dilə gətirmir, əksinə, ən xırda faktları əldə bayraq edirlər. Nəticədə tənqidin dərəcəsini o qədər qaldırırlar ki, o tənqidlikdən çıxır və təhqir formasını alır. Buna görə də artıq əsl ədəbi tənqidçilərlə dırnaqarası tənqidçiləri bir-birindən ayırmaq olmur.

Gənc nəsil belə nümunələrdən hansı dərs götürə bilərlər? Bu ideoloji düşüncə tərzi nə vaxta kimi özü ilə bərabər bizi də xarablıqlara aparacaq? Hamılıqla düşünməliyik ki, səviyyəcə sizdən aşağı olan birisinin sizi tənqid etməyi sadəcə gözdənsalmadır və bu uçuruma getməyimizin əsas göstəricisidir.

Tənqid qaçılmazdır, amma tənqid yaradıcılığın yüksəlişinə xidmət etməlidir, çöküşünə yox. Tərif haqqında müdriklərin də hikmətli sözləri çox olub: "Tərif əsl fikirlərini gizlədənlərin söylədikləri yalandır” ( Platon). "Tərif - ondan zövq alanları korlamaqdan başqa bir işə yaramaz”.  ( Jan Jak Russo). 

Fransız filosofun tərif haqqında söylədiklərində həqiqət çoxdu. Bir insanın adi bir işinə görə çox böyük tərif yağdırmaq da onu məhvə aparan əsas amillərdəndir. Təriflə yanaşı tənqid də olmalıdır. Bu qəbul edilmiş bir qərardır. Ancaq hər şey normasında, hər şey öz əndazəsində... 



www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM