“Türkiyədə “BengüTürk Tv” Azərbaycanlıların evinə çevirilib” – Fotolar, Video

12:55 | 09.12.2018
“Türkiyədə “BengüTürk Tv” Azərbaycanlıların evinə çevirilib” – Fotolar, Video

“Türkiyədə “BengüTürk Tv” Azərbaycanlıların evinə çevirilib” – Fotolar, Video

"Azərbaycan rüzgarı” verilişinin aparıcısı Səidə Ömər: "Azərbaycanımın yarıcanı Türkiyəyə isti nəfəs gətiririk”
"Ortaq dəyərlərimizi Türkiyə pəncərəsindən dünyaya yayaq”
"BengüTürkTv”-də hər bazar "Azərbaycan rüzgarı” əsir. İsti, ilıq, canayaxın… Bu rüzgar məmləkəti özləyən, Azərbaycana "can” deyən hər kəsin ürəyindən xəbər verir.
"Azərbaycan rüzgarı”nın müəllifi isə Azərbaycan sevdalısı olan gənc bir qızdır. Həyat dolu bu qızın Turkiyəyə gəlişinin başlıca səbəbi də elə Azərbaycanı qardaş məmləkətdə bacardığı qədər təbliğ eləməkdi. Ona görə də təkbaşına gedib Türkiyədəki Milliyyətçi Hərəkat Partiyasının televiziyasının qapısını çaldı. Azərbaycan türklərinin mənəvi dəyərlərini əks etdirən bir müəllif proqramı açmaq arzusunu bildirdi. "Bengü Tv” rəhbərliyi də onun bu arzusuna könül verdi.
Azərbaycanın doğma Türkiyədə geniş təbliğinə aşırı ehtiyac olduğu bir zamanda həmyerlimiz Səidə Ömərin təmənnasız və əzmlə türk dəyərlərini təbliğ etmə istəyinin gözəlliyi bəlkə də onun verilişini belə çox sevdirir.

Kinorejissor Oqtay Mirqasımovun tələbəsi: "Günaydın, mələyim”də mənim də rolum var”
– Səidə Ömər kimdir? Onu yaxından tanıyaq.
– Səidə Ömər 22 avqust 1986-cı ildə Bakı şəhərində dənizçi ailəsində dünyaya gələn bir türk qızıdır. 1993-cü ildə Elşad Yəhyayev adına 56 saylı tam orta məktəbdə təhsil almışam. 1996-2002-ci illərdə Vaqif Mustafazadə adına 2 saylı musiqi məktəbində fəaliyyət göstərən "Aysel” rəqs grupunun üzvü olmuşam. 2004- cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakultəsinin Kinorejissorluq bölümünü qırmızı diplomla bitirmişəm. Azərbaycan xalq artisti, tanınmış kinorejissor Oktay Mirqasımovun tələbəsi olmuşam. "Azərbaycanfilm” kinostudiyasında Oqtay Mirqasımovun "Günaydın, mənim mələyim” adlı filminin rejissor köməkçisi olaraq çalışmışam və filmdə epizodik rollara da çəkilmişəm.
2005-2018-ci illərdə Suraxanı rayonu 2 saylı Uşaq Evində "Ağ çiçəklər” rəqs qrupunun, paralel olaraq 2009-2017-ci illərdə Heydər Əliyev adına liseydə ‘’Zərifə” rəqs qrupunun rəhbəri, 2010-2017- ci illərdə GünazTv-də "Rəqs Dünyası” (verilişdə Azərbaycan milli rəqsləri öyrədilib-red.) və "Günəş ve Həmail” adlı uşaq programramının aparıcısı və müəllifi olmuşam. 2017-ci ildən Azərbaycan Alpagut Federasiyasında Mədəniyyət Departamentinin sədri vəzifəsində çalışmışam.

Hazırda İstanbul Universitetinin Jurnalistika fakultəsinin "Radio Televiziya Kino” bölümündə magistr təhsili alıram. Təhsilimlə yanaşı Türkiyədə Bengü Türk televiziyasında "Azərbaycan Rüzgarı” adlı programın aparıcısı və müəllifiyəm.
Türkiyəyə gəlməyimdə məqsəd akademik təhsil almaq, Azərbaycanı layiqincə təmsil etmək və Türk dünyasına xidmət etməkdir.
"Uşaq evinin "Ağ çiçəklər” rəqs qrupuna 13 il rəhbərlik etdim”
– Ən uzunmüddətli fəaliyyətin 2 saylı uşaq evində olub? Yetirmələrin arasında tanınmışlar varmı?
– Tələbəliyimə yeni başlamışdım ki, 18 yaşımda Suraxanı rayonu 2 saylı Uşaq Evindən dəvət aldım. O gün bu günkü kimi yadımdadı. İşim 1 ay ərzində uşaqları festivala hazırlamaqdı. Amma ordakı uşaqlar o qədər istiqanlı, rəqsə həvəsliydilər ki, onlara bağlandım. 1 aylıq işim 13 il çəkdi. Uşaqlara incəsənət sahəsində nə bilirdimsə hamısından bacardığım qədər öyrətməyə çalışdım. Onları festivallara, tədbirlərə, Tv çəkilişlərinə hazırlayırdım. Azərbaycan milli rəqsləriylə yanaşı, dünya rəqslərindən də bir çoxunu öyrədirdim. Həmçinin incəsənətin başqa sahələri – teatr, kino haqqında da bilgi verirdim. Bu gün onların arasında televiziyalarda montajor, məktəblərdə rəqs müəllimi, ali təhsilli aktyorlar və rejissorlar var.

"Bengü Tv”-nin rəhbəri Metin Özkan veriliş açmaq təklifini çox gözəl qarşıladı
– Türkiyə televiziyasında Azərbaycanı təmsil etmək ideyası kimdən gəldi? Atanın Azərbaycan türkü, ananın Qaqauz türkü olması, iki türk boyundan olan nümayəndələrin bir ailədə birləşməsimi səni Türkçülük, Turançılıq ideyalarının yayılmasına sövq eləyir?
– Verilişin ideyası mənə məxsusdur. Türkiyəyə gəldiyimdə qarşıma qoyduğum məqsədlərdən biri Azərbaycan tarixinə, mədəniyyətinə və ədəbiyyatına aid bir veriliş açmaq idi. Bu təklifi "BengüTürk Tv”-nin rəhbəri Metin bəy Özkana təklif edəndə sağ olsun təklifimi çox gözəl qarşıladı. Buna görə də ona çox təşəkkür edirəm. Turançılıqla bağlı suala isə yazdığım bir bənd şerlə cavab vermək istəyirəm.
Sordular bana -Kimsin sen?
– Dedem Korkutdur-dedim
– Bu kadar güc nerden sende?
– Bozgurtdan aldım dedim.
İsmimi korkarak sordular
– "Turan”dır ismim dedim.
Elədir, mən bir Turan ailəsində doğuldum. Bizim ailəmizin özünəməxsus kültürü var. Onu deyim ki, ədəbiyyata olan marağım atamdan, musiqiyə olan həvəsim isə anamdandır. Qaqauz yerində olanda bunun fərqinə vardım. Qaqauzlar çal-cağırı, oynamağı çox sevərlər. Onların axşamları musiqiylə, rəqslə bitər. Mən də bu kültürləri birləşdirib Turan sevdamı şerlərimdə, rəqslərimdə yaşatmağa çalışıram.

"Azərbaycan rüzgarı”nın ilk dəyəri Əhməd Cavad oldu
– Nədən bu verilişə məhz "Azərbaycan rüzgarı” adını seçdin? Əsasən verilişin mövzuları nədir?
– Bunu məndən çox soruşurlar. Mən də belə cavab verirəm: Təbiət dövr edib, fəsillər dəyişəndə yazın ilk bahar nəfəsi, payızın son bahar qoxusu bizlərə bəzən ilıq, bəzən sərin bir mehlə müjdələnir.
Mən də dünyadakı bütün mənəvi, elmi dəyərləri bu rüzgara bənzədirəm. Bir türk qızı olaraq bu rüzgarı Xəzridən, Gilavardan ilhamlanıb Azərbaycandan seçdim. Çox istərdim ki, seçilmiş ədəbiyyatımız, müdriklərimizin dəyərli fikirləri, ən gözəl musiqi, rəqs, rəsmlərimiz, digər incəsənətimiz, sənət əsərlərimiz, tarixi abidələrimiz, saf-çürük edilib arınmış folklor və ənənələrimiz həzin bir meh kimi Türkiyə pəncərəsindən bütün dünyaya yayılsın.
"Azərbaycan rüzgarı”nın mövzusuna gəlincə ilk veriliş istiklal şairimiz Əhməd Cavadla başladı, daha sonra Şəhriyar, Hüseyn Cavid, Nigar Rəfibəyli və fərqli-fərqli mövzularla davam etməkdədir.
"Artıq Türkiyədə çoxları mənimlə Azərbaycan türkcəsində danışır”
– Verilişin hansı gündə və hansı saatda başlayır? Türkiyə cəmiyyətində Azərbaycan haqqında çox az bilgi var. Türk toplumu bu proqramı necə qarşılayır?
– "Azərbaycan rüzgarı” programı "BengüTürk Tv”-də hər həftə bazar günləri axşam saat 20:00 – 21:00 radələrində yayımlanır.

Türk dünyası nə qədər geniş olsa və dünyada nə qədər qardaş türk xalqları olsa belə, onlar arasında Türkiyə Azərbaycan qardaşlığının özünəməxsus yeri var. Bu gün Azərbaycanın hər yerində Türkiyə məfhumu müqəddəsdir, cəmiyyətimizdə bir türk heyranlığı var. Türkiyədə də Azərbaycan adına belə bir sevginin olması üçün biz bacardığımız qədər çox təbliğat aparmalıyıq. Amma onu da deyim ki, Azərbaycan türkcəsi qardaş ölkəmizdə çox ilgi çəkir, söylənilən kiçik bir beyt belə Türkiyə vətəndaşında, Türkiyə tamaşaçısında inanılmaz, gözəl duyğular oyadır. Bəzi türk aydınları öztürkcənin daha çox Azərbaycan türkçəsində saxlandığını, Azərbaycan türkcəsinin daha canlı olduğunu dilə gətirirlər. Ona görə də verilişmdə daha çox Azərbaycan türkçəsində danışıram. Verilişi izləyənlərin çoxusu, televiziyadakı kollektivimiz, bəzən universitetdə tələbələri mənimlə Azərbaycan türkcəsində danışmağa çalışırlar. Bu da mənə çox xoş gəlir. İnanıram ki, bu verilişimiz sayəsində türkiyəli seyrçilər Azərbaycan haqqında çox şeylərdən xəbərdar olacaqlar.

– Bu proqram Azərbaycanda necə reaksiya doğurur?
– Gələn zənglərdən yazılan məktubardan bəlli olur ki, Türkiyədə və Azərbaycanda veriliş kifayət qədər izlənir. Artıq "BengüTürk Tv” Azərbaycanlıların evinə çevrilib deyərdim. Hər kəs İstanbula gələndə televiziyaya gəlir. Bu da məni çox sevindirir.
– Duydum ki, bu verilişdə təmənnasız aparıcılıq edirsən. Tələbə bir qızın İstanbul kimi meqapolda güzaranı necə keçir?
– Bəli doğrudur. Açığı heç kim buna inanmır. Amma hələ ki, bu belədi. Əlbəttə İstanbul böyük şəhərdir, çətinlikləri çoxdur.Tələbə olduğum üçün bəzi çətinlikləri üstələyə bilsəm də,bəzilərini üstələyə bilmirəm. Amma ümid edirəm ki, hər şey yaxşı olacaq.
"Bu ata-anamın itgisindən sonra məni ən çox sarsıdan ölüm xəbəri idi…”
– "Savalan” qrupunun rəhbəri Novruz Novruzlunun qəflətən dünyasını dəyişməsi xəbəri Azərbaycan cəmiyyətində çox böyük üzüntüylə qarşılandı. Sənin də bu xəbərdən çox sarsıldığını facebook səhifəndə oxudum. Ata-ananın itgisindən sonra, onun itgisinin sənin üçün çox ağır olduğunu yazmışdın. Ata-anan nə zaman, nə səbəbdən dünyasını dəyişdi? Ailədə neçə uşaqsız? Səndən başqa incəsənət yolunu seçən varmı?
– Bəli Türk dünyasına böyük bir itgi oldu. Novruz Novruzlunun qəfil ölüm xəbəri çoxları kimi məni də çox üzdü. Musiqi üçün susayanda onu dinlərdim. Biz onunla görüşəndə Türk dünyası üçün nə edirik və nələr edə bilərik deyə müzakirələr aparardıq. Verilişimdə onu çox görmək istəyirdim. Gələcək verilişlərimdə onun ifalarına mütləq yer ayırmağı düşünürəm.

"Azərbaycan kimi bir dövlətin vətəndaşı olmaq mənə güc verir”
Novruz müəllimin qəil vəfatı xəbəri valideynlərimin vaxtsız itgisi xəbərinə bənzədi. Valideynlərimi 8 il əvvəl itirmişəm. Atam qəflətən ürək çatışmazlığından dünyasını dəyişdi. 2 ay sonra isə anam xərçəng xəstəliyindən rəhmətə getdi. O ağır günləri zorla da olsa bacım və qardaşımla birgə atlatdım. Atam dayağım, anam ruhum idi. O günlər həyatımın ən ağır günləriydi. Amma bir təsəlli mənə güc verir: nə yaxşı ki, iki türkün sevgisindən doğulmuşam. Onlar bizi Türk dünyası üçün böyütdülər və əbədiyyətə qovuşdular. Məni yaşadan, güclü edən başqa bir səbəb isə Azərbaycan kimi güclü bir dövlətin vətəndaşı və bu dövlətin qardaşı məhz Türkiyə olmasıdır. Mən özümü Türkiyədə əsla yad, qərib hiss eləmirəm. Azərbaycan kimi Türkiyə də mənim vətənimdir.

"Bacımla mən rəqsi təbliğ etmək üçün öyrədirik”
Ailəmizdə bacımla ortaq cəhətlərimiz çoxdur. O da Mədəniyyət və İncəsənət Universitetinin İncəsənət fakultəsinin Teatrşunaslıq bölümünü bitirib. Teatr və rəqs sahəsində onun da fəaliyyətləri var. Bacımla mən rəqs sənətini yüzlərlə insana öyrətmişik. Və məqsədimiz insanları əyləndirmək deyil, rəqslərimizin estetikasını, zərifliyini insanlara aşılamaq və bu incəsənətə olan rəğbəti artırmaqdır.
"Seyrçilərimizə müjdələrim var”
– Səidə daha nə planların, projelərin gözlənilir?
– "Azərbaycan rüzgarı” şükürlər olsun həm Azərbaycanda, həm də Türkiyədə müsbət qarşılanır. Qarşıdan 31 dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü, həm də 1 yanvar Yeni il bayramı gəlir. Bu bayramlar münasibətilə bütün soydaşlarımızı təbrik eləyirəm. Və bu ərəfədə seyrçilərimizi bir çox sürpizlər gözləyir. İnşallah onu zamanı gələndə açıqlayacam.

Onu da bildirim ki, mənim və "Azərbaycan rüzgarı” verilişimiz haqqında AMEA-nın əməkdaşı Elnur Eltürkün dəstəyilə vikipediya açıq ensiklopediya səhifəsi açılıb, buna görə onlara təşəkkür edirəm.
Bu yaxınlarda Ankarada Kərkük Mədəniyyət Dərnəyinin rəhbərliyilə TÜRKSOYda keçirilən Kərkükün milli şairi Məhmət İzzət Həttatın gecəsində şerlərlə, rəqslərlə çıxış etdim. Bu günlərdə də İstanbulda fəaliyyət göstərilən İraq Türkləri Dərnəyinin bir tamaşasına baş rollardan birində iştirak edəcəm. Bundan başqa tələbə yoldaşım, kinorejissor Əli İmanovla birgə İstanbul universiteti tələbələrinin də iştirak edəcəyi Azərbaycan-Türkiyə qardaşlığına aid bir layihəyə start vermişik. Gələcəkdə də Azərbaycan Türkiyə münasibətlərinə dair layihələri davam etdirmək niyyətindəyəm. (Bizimyol/Sevil Hilalqızı)

 











www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM