Türkiyəli iş adamı: "Qarabağda tikəcəyimiz zavod Azərbaycanda inqilab yaradacaq" - MÜSAHİBƏ

12:15 | 24.10.2021
"VETAL heyvan sağlığı ürünləri" şirkətinin rəhbəri, iş adamı Abdullah Tutak Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə yatırmaq niyyətində olan xarici investorlardan biridir. Əsasən heyvanlar üçün vaksin istehsal edən bu müəssisə Azərbaycanla artıq əməkdaşlıq edir və bu iş birliyini Qarabağda müəssisənin açılması layihəsi ilə genişləndirmək niyyətindədir: 

- Şirkətimiz Türkiyənin Adema şəhərində yerləşir və əsasən heyvan vaksinləri istehsalı ilə məşğuluq. Böyük və kiçik baş mal-qara, pişiklər, itlər, ev quşları və balıqlar üçün vaksinlər istehsal edirik.  Azərbaycanla 2014-cü ildən fəaliyyət göstəririk.  Azərbaycanın Kənd Təsərrüfatı nazirliyi ilə birbaşa əməkdaşlıq edirik. Hazırda 13 adda peyvənd növü  Azərbaycan dövləti tərəfindən satın alınır və  ölkənin rayon və şəhərlərinə paylanır. Keçən il vaksin almış  rayon və şəhərlərin baytar həkimləri  ilə görüşlər keçirib, məhsullarla bağlı müzakirələr apardıq. Növbəti mərhələdə Azərbaycan hökumətinə Qarabağ layihəmizi təqdim etmək niyyətindəyik. 

- "Qarabağ layihəsi" deyəndə nə  nəzərdə tutursuz?
 
Bizim əsas hədəfimiz Qarabağa investisiya qoymaqdır. Bu investisiyanı öz sərmayəmizlə etmək istəyirik. Bu bölgəyə yatıracağımız investisiya ilə həm Azərbaycanın ehtiyacını, həm də Azərbaycana qonşu olan ölkələrin vaksinlərə olan ehtiyacını qarşılamaq istəyirik. Layihə 3 hektar ərazidə vaksin istehsalı üzrə müəssisənin tikintisini nəzərdə tutur.  Yəni bu, həmçinin Azərbaycanda kənd təsərrüfatı sahəsində inqilab deməkdir. Şirkətimizin bir zavodu İranda fəaliyyət göstərir. Hazırda Qazaxıstanda inşaat işlərinə start verilib. Üçüncü proyekt kimi Azərbaycanın Qarabağ bölgəsi planlaşdırılır. Burada quşçuluq üçün də nəzərdə tutulan vaksinləri istehsal etməyi düşünürük. İndiyə kimi Azərbaycanda bu məhsulların istehsalı təşkil olunmayıb.

Yeni müəssisə açılandan sonra hər il Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin vaksinlərin alınması üçün ayırdığı 10 milyon dollarlıq vəsait  ölkə xaricinə çıxmayacaq.  Həmçinin Qarabağda 100 nəfərdən çox yeni iş yeri açılacaq. Yerli istehsalla xarici bazara çıxmaq imkanı yaranacaq.  Azərbaycan heyvanlar üçün vaksin istehsalı üzrə heç bir ölkədən asılı olmayacaq. Sadəcə istəyimiz, dövlətin xüsusən də Kənd Təsərrüfatı nazirliyinin bizə dəstək olması, uzun müddətli kontraktlarla əməkdaşlığımızın davam etməsidir. Dünya üzrə  heyvan vaksini istehsal edən altı belə zavod var. Bunların dördü şəxsidir, yəni heç bir dövlətdən asılılıqları yoxdur. Gələcəkdə ölkədə yerli istehsal olarsa, rəqabət də olacaq. Ancaq hazırda belə bir şərait olmadığına görə, bu zavodlar parakəndə satış və dövlət satınalması hesabına ayaqda durur. Bunun üçün uzun müddətli qarantların olması bizim üçün çox vacibdir.

- Nə qədər sərmayə qoymağı düşünürsüz?

Birinci mərhələdə 7 milyon dollar sərmayə qoymağı, biznes uğurla davam edərsə bunu 40 milyon dollara qədər artırmağı planlaşdırırıq. 

- Qarabağ bölgəsində hansı rayonlar Sizə cəlbedici görünür?
 
Hələki konkret bir rayon müəyyən etməmişik. Layihəmizlə bağlı danışıqlar davam edir, təsdiqlənmə mərhələsindəyik. Bu məsələdən Türkiyənin Azərbaycandakı səfiri də xəbərdardır. Kənd Təsərrüfatı Nazirliyi tərəfindən də müsbət qarşılanıb. Danışıqlar zamanı hansı rayon uyğun görülərsə, o rayonda inşaat işlərinə başlayacağıq. Bu proyekt Qarabağda sadəcə, bir rayon üçün nəzərdə tutulub. Hansı rayon heyvandarlığın inkişafında böyük potensiala sahibdirsə, o rayona sərmayə yatıracağıq.

- Zavodun inşası hansı müddətə yekunlaşa bilər?
 
Bizim bu sahədə çox ciddi təcrübəmiz var. Bizə bəlli bir yer təqdim edildikdən sonra 10 ay içərisində inşaat işlərimiz bitmiş olar. Sadəcə, pandemiya ilə bağlı bəzi xammal materiallarının xarici ölkələrdən gətirilməsi prosesi bir az uzun çəkə bilər. Bu ilin sonunadək layihəmiz təsdiqlənmiş olar. İnşaat üçün tövsiyə olunan ay apreldir, elə apreldən də inşaata başlayarıq. Biz təkcə heyvan vaksinləri istehsal etmirik. Bizim Türkiyə və Macarıstanda mal-qara üçün nəzərdə tutulan yem fermalarımız var. Macarıstandan kiçik həcmli yemləri alır, Türkiyəyə gətirib 700-800 kq-a kimi çoxaldır və satırıq. Biz bu təcrübəmizi də Azərbaycanla paylaşmaq istəyirik. Ümid edirik ki, tez bir zamanda layihəmizin icrasına start veriləcək.
 
 
Samirə Əli
0
Bizi sosial şəbəkələrdə izləyin !

Tərəfdaşların xəbərləri

REKLAM