Ölkənin şərqində antiterror əməliyyatı keçirən Ukrayna güc strukturlarının qüvvələri separatçıların əlindəki Luqansk şəhərinə daxil olublar.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, hərbçilər şəhərə bitişik Metallist qəsəbəsini tam təmizləyib. Daha sonra onlar Kamennobrodsk rayonu tərəfdən şəhərə daxil olublar. Hazırda Kamennobrodskda döyüşlər gedir. Separatçılardan bəzilərinin təslim olduğu bildirilir. Şəhərdə hava həyəcanı verilib, sirenaların səsi eşidilir.
Ukrayna Ali Radasının sədri Aleksandr Turçinov parlamentin bu gün səhər başlayan iclasında əməliyyatın gedişi haqda məlumat verib: “Silahlı Qüvvələr və Milli Qvardiya terrorçulara və cinayətkarlara qarşı fəal hücumları davam etdirir. Bizim hərbçilərimizin fəaliyyəti çox effektiv və yüksək səviyyədədir. Əminəm ki, ordumuzun gücü ilə Donetsk və Luqansk terrorçulardan tam azad ediləcək”.
Xatırladaq ki, Ukrayna prezidenti Petro Poroşenko Donbass probleminin həlli üçün sülh planı irəli sürüb və iyunun 20-də birtərəfli qaydada 1 həftəlik atəşkəs elan edib. Daha sonra atəşkəsin müddəti daha 3 gün uzadılıb. Lakin separatçılar P. Poroşenkonun irəli sürdüyü şərtləri qəbul etməyiblər və Ukrayna prezidenti iyulun 1-nə keçən gecə Silahlı Qüvvələrə və Milli Qvardiyaya hücum əmri verib.
ANN.Az