Uşaqların məktəbdə telefondan istifadə etməsi hansı problemləri yaradır? - ARAŞDIRMA

17:44 | 24.01.2024
Uşaqların məktəbdə telefondan istifadə etməsi hansı problemləri yaradır? - ARAŞDIRMA

Uşaqların məktəbdə telefondan istifadə etməsi hansı problemləri yaradır? - ARAŞDIRMA

Azərbaycanda 300 ümumi təhsil müəssisəsində şagirdlərin telefondan istifadə edilməsinə qoyulan məhdudiyyətlər müsbət nəticə verib. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sözcüsü Zenfira Sevdimalı anews.az-ın sualına cavabında bildirib.
 
"Pilot layihə olaraq məktəblərdə şagird davranış qaydaları tətbiq olunur. Həmin məktəblərdə telefon qadağası var. Uşaqlar məktəbə gələndə telefonlar yığılır, uşaq dərsə girir. Çıxanda da ona geri qaytarılır. Şagird davranış qaydaları ilə bağlı monitorinq işləri aparılır, onların uğurluluq dərəcəsi və hansı səviyyədə aparılması tədqiq edilir. Bizim mövqeyimiz odur ki, şagird davranış qaydaları tətbiq edilən məktəbləri daha da genişləndirək. Görünən odur ki, şagird davranış qaydaları tətbiq olunan məktəblərdə bu davranış qaydaları işləyir”, - cavabda vurğulanıb.
 
"Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” 2023-cü il fevralın 20-dən 300 məktəbdə pilot layihə olaraq tətbiq olunmağa başlanıb. Bu qaydalara görə, şagirdlər ağıllı saat və telefonları, həmçinin digər elektron cihazları məktəbə gətirməməli və dərs zamanı istifadə etməməlidir.
 
Cari il yanvarın 22-də Bakı şəhər 6 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdinin valideyni iddia edib ki, uşağı həmin məktəbin 7-ci sinif şagirdləri tərəfindən cinsi seksual hərəkətlərə təhrik edilib. Valideynin sözlərinə görə, 4 uşaq övladını çəkdikləri video görüntüləri yaymaqla hədələyib. Həmin məktəbin direktoru isə bildirib ki, uşaq dərsdən sonra 7-ci sinif şagirdləri tərəfindən göstərilən videonu görüb və onu özünə edildiyini xəyal edib. Direktor bunu valideyn uşağın psixoloqa danışdıqlarına əsasən ona dediyini vurğulayıb.
 
Hazırda ölkə ərazisində 4400 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.
 
Adının açıqlanmasını istəməyən 6 nömrəli məktəbin 7-ci sinif şagirdinin sinif yoldaşının anası anews.az- a açıqlamasında sinifdəki uşaqların hamısında bahalı telefon olduğunu və məktəbdə bundan istifadə etdiyini bildirib.
 
"Həmin sinifdə oxuyan uşaqların hamısının əlində bahalı telefon var. Mən uşağıma telefon vermirdim, amma onun sinif yoldaşları telefonu olmadığını görüb lağ edərək kasıb olduğunu deyiblər. Uşaq bundan utanıb. O yoldaşları tərəfindən qınanıb. Mənim uşağımda bu travma yaradırdı. Mən də məcbur qalıb ona telefon verməli oldum. Hətta müəllimlər həmin bahalı telefon işlədən uşaqların valideynlərindən çəkindikləri üçün onlara telefon gətirməmələrini qadağan edə bilmir. ”, - valideyn qeyd edib.
 
Faktlar onu deməyə əsas verir ki, uşaqların məktəbə telefon aparılmasında qadağa və buna nəzarət mexanizmi yoxdur.
 
Bəs uşaqların məktəbdə telefondan istifadə etməsi hansı problemlər yaradır?

Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur  Rüstəmov bildirib ki, günümüzdə məktəblərdə mobil telefondan istifadə şagirdlər, valideynlər, müəllimlər və səlahiyyətlilər tərəfindən müzakirə mövzusuna çevrilib.

"Mobil telefonlardan istifadəni dəstəkləyən valideynlər hesab edirlər ki, bu telefonlar təhlükəsizlik baxımından faydalıdır, uşaqlara valideynləri və qəyyumları ilə ünsiyyət saxlamağa imkan verir. Şagirdlərin məktəb vaxtı mobil telefondan istifadə etmələrinin əleyhinə olanlar isə hesab edirlər ki, əksinə, mobil telefonlar yeniyetmələr arasında psixi sağlamlığın pisləşməsinə səbəb olan, sosial inkişafı əngəlləyən və kiber zorakılığa şərait yaradan əsas mənbədir. Bu hal şagirdlərin məktəbdə düzgün olmayan davranışların formalaşmasına rəvac verən ən böyük amillərdən biridir.  Aparılan araşdırmalar göstərir ki, sinifdə smartfonların istifadəsi daimi olaraq şagirdin diqqətinin dərsdən yayınmasına, aqressiv halların artmasına, şagirddə müəllimlərə qarşı uyğunsuz davranışlara, testlər, ev tapşırıqlarının hazırlanmasında valideyni və eləcə də müəllimlərini aldatmaq, uyğun olmayan fotoşəkillər çəkmək, mobil oyunlar oynamaq kimi zərərli hallara şərait yarada bilir. Elə bunun nəticəsidir ki, bir çox məktəblərdə şagirdlərin dərsə olan diqqətini artırmaq üçün mobil telefonlardan istifadə qadağan edilir", - psixoloq əlavə edib.

Onun sözlərinə görə, smartfonlardan istifadə sinifdə uşaqlar arasında kiber bullingin yaranmasının ən böyük səbəblərindən biridir.

" Məhz bu səbəbdən dərs müddətində uşaqların mobil telefonlardan istifadəsinə icazə verilməməlidir və hər bir valideyn bu fikrə hörmətlə yanaşmalıdır. Digər tərəfdən əgər söhbət uşağın valideynləri ilə əlaqə yaratmağından gedirsə, valideynin dərs müddəti bitdikdən sonra, tənəffüs zamanı zəng edərək övladı ilə əlaqə saxlaması daha doğru olacaqdır. Burada tövsiyə olunur ki valideyn bir digər nüansa, yəni telefonların smart tipli, çoxfunksiyalı olmamasına diqqət yetirsin. Bu kimi problemləri aradan qaldırmaq üçün hər məktəbin öz növbəsində qoyduğu qaydalara həm müəllimlər, həm valideynlər həm də şagirdlər tərəfindən birmənalı şəkildə əməl olunmalıdır. Digər bir problem isə valideyn uşağa telefon vermədiyi üçün onun digər sinif yoldaşları tərəfindən alçaldılması və qınanmasıdır. Dolayısı ilə baş verən bulling şagirdin psixologiyasına tamamilə mənfi təsir edərək onun sinifdən təcrid olunmasına gətirib çıxarır. Bu isə artıq məktəbin deyil, şagirdlərin problemidir. Belə olan zaman valideynlər birbaşa özü bu problemlə maraqlanmalı, məsuliyyəti digər valideynlərlə bölüşməli, məsələni şagirdlər arasında həll etməlidirlər. Nəticə etibarilə, mobil telefonlardan istifadə məktəblərdə uyğunsuz hallara səbəb yaradan ən böyük faktordur. Bu gün uşaqların cib telefonlarına valideynlərin düşündüyündən daha çox ehtiyacı ola bilər, lakin bu o demək deyil ki, bunkar dərs zamanı istifadə olunmakıdır. Məsələ mobil telefonun şagirdlər tərəfindən dərs zamanı istifadə olunmasının tədris prosesinə mane olmasına, şagirdlərdə deviant davranışlara rəvac verməsindən gedir. Ulu Öndərin qeyd etdiyi kimi, "Təhsil millətin gələcəyidir”. Bu gələcək naminə müəllim, şagird və valideyn üçbucağı bərabər fəaliyyət göstərməlidir", - Rüstəmov vurğulayıb. 


Psixoloq Nabat Mirzəyeva qeyd edib ki, uşağın telefondan hansı məqsədlə istifadə etməsi vacib amildir.
 
"Hazırda əlaqələrin sıxlaşdığı telefon dövrü olduğu üçün bir çox uşaq telefondan istifadə edir. Valideynlər isə uşaqlara telefonu ondan xəbərdar olmaq üçün verir. Onlar övladlarından narahat qalmamaq üçün maraqlanırlar. Bu normal haldır. İndiki dövr elədir ki, uşaqların zərərli vərdişlərə aludə olması ilə bağlı çox şey eşidirik. Valideyn də həm bunlardan, həm də övladlarının sosial şəbəkədə gördüyü şeylərin təsirinə düşməsi ilə bağlı narahat olduqlarına görə telefon vasitəsilə davamlı, sıx şəkildə onlarla əlaqə saxlamağa çalışırlar. Telefondan yalnız əlaqə vasitəsi kimi istifadə edilməsi uşaqlarda hər hansı aqressiyaya və s. səbəb ola bilməz. Lakin uşaq əgər ki, telefonda qəzəb yaradacaq oyunlar oynayır, qəzəb yaradacaq videolara baxırsa, telefondan zərərli formada istifadə edirsə, onlarda sözsüz ki, aqressiya yarana bilər. Buna görə də valideynlər övladlarını daim nəzarətdə saxlamalı, telefondan hansı formada, nə üçün istifadə etdiklərinə diqqət etməlidir”, - Mirzəyeva əlavə edib.
 
Psixoloqun sözlərinə görə, valideyn övladına varlılıq əlamələtinin telefon və bahalı əşyalar olmadığını aşılamalıdır.
 
"Telefonun olmaması kasıblıq demək deyil. Ola bilər ki, valideyn övladına rahat nəzarət edə biləcəyi, onunla əlaqə saxlayacağı sosial şəbəkəyə giriş imkanı olmayan sadə telefon verər. Bu onun haqqıdır. Sosial şəbəkələr hazırda övladlarımıza çox böyük təsir göstərir. Eyni zamanda o bir uşaqdır və üzərində bahalı əşya, son model telefon gəzdirməsi normal yanaşma deyil. Biz övladlarımıza varlılıq simvolunun düşüncə, ağıl, işi gözəl şəkildə çatdırmağa çalışmaq, hörmət, insanlara, heyvanlara mərhəmətli şəkildə yanaşmaq, anlamağa çalışmaq, eyni zamanda yeri gələndə sakit durub dinləyib, yeri gələndə fikrini gözəl formada çatdırmaq olduğunu aşılamalıyıq. Dostu onu qınayanda isə biz onunla danışmalıyıq. Ona ünsiyyət qurmağı öyrətməliyik ki, qarşısındakına fikrini rahat bildirə bilsin. Bunu ona aşılamaqla onun gələcəyini də qurmuş oluruq. Valideyn olaraq ondan soruşmalıyıq ki, dostunun sözünün qarşısında ona nə demək istəyərdi? Dinlədikdən sonra əgər ona şiddətli təsir göstərdiyini görərsə, müəllimlə danışıb rica etmək lazımdır ki, o uşalarla telefon və sosial şəbəkələr barəsində söhbət aparsın”, - psixoloq vurğulayıb.

Deputat Etibar Əliyev qeyd edir ki, məktəbdə telefon işlədilməsi tədris prosesini pozan alətdir.
 
"İndiyə qədər bu məsələ çox qaldırılıb. Amma heç ölçü götürülmür. Burada Elm və Təhsil Nazirliyinin bir istəyi olmalıdır ki, uşaqlar məktəbə telefon daşımasınlar. Əlbəttə telefon tədris prosesini pozan alətdir. Bunu pedaqoqlar da, Təhsil Nazirliyinin məmurları da bilir”, - o deyib.
 
Deputat bildirir ki, məktəbdəki bütün şagirdlər bərabər hüquqludur. 

"Uşaq məktəbin içərisinə keçdisə, hamı bərabərdir. Bu məktəbli formaları nə üçün tətbiq olunub? Bu bərabərliyin qorunması üçündür. Status məsələsini hamı evlərində, çevrələrində etsinlər. Məktəb elə bir qurumdur ki, onun içərisinə daxil oldunsa, hamı bərabərdir. Kiməsə söz demək olmaz, kimsə dərsə gəlməyəcək imtiyazı var belə söhbətlər olmamalı və yığışdırılmalıdır. Nəzarət mexanizmini Elm və Təhsil Nazirliyi bir dəfəlik uşaqların məktəbə telefonla gəlməsinə qadağa qoyaraq qurmalıdır. Burada direktor və onun müavinləri cavabdehlik daşısınlar. Bir direktorun 3-4 müavini var, onlar yüksək cavabdehlik daşısınlar. Bütün hallarda telefon və digər vasitələr məktəbdə tədris prosesini pozur. Bunun qarşısı alınmalıdır”,-Əliyev əlavə edib. 
 
Təhsil eksperti Elçin Əfəndi məktəbdə telefon istifadəsinin yol verilməz olduğunu söyləyib.
 
"Şagird mobil telefonu məktəbə daşımamalıdır. Daşıyırsa da auditoriyaya daxil etməməlidir. Çünki, onun diqqəti yayınır, dərsə fokuslanması, eyni zamanda yoldaşları, müəllimlə arasında olan münasibətləri pozulur. Telefon bir növ auditoriyada olan fərdlər arasında birbaşa kommunikasiyanı sıradan çıxaran amilə çevrilir. Bununla yanaşı sosial təbəqələşməyə təsir edəcək vəziyyət yaradır. Dövr elədi ki, kimlərsə, əlində tutduğu telefonla öyünür, yaxud da müvafiq olaraq dərsin gedişatını pozur və pozduğu anı sosial platformalarda yayımlayır. Bu da ümumi olaraq təhsil prosesinə maneəçilik törədir”, - ekspert əlavə edib.
 
Elçin Əfəndinin sözlərinə görə, məktəblərdə tətbiq olunan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”ndakı telefon gətirməklə bağlı müəyyən edilmiş qadağalarla yanaşı paralel olaraq valideynlərin özü ilə əlaqə saxlamaq lazımdı.
 
"Təhsil müəssisəsi valideynlə danışmalı və bildirməlidir ki, uşaq məktəbə telefon gətirməsin. Telefon gətirilirsə, təhsil müəssisəsinin buna qadağa qoymağa gücü çatmırsa, valideynlərlə anlaşmaq olar ki, telefon məktəbə gətirilir, məktəbin girişində xüsusi hər bir sinifə uyğun otaq və ya şkafmı onun içərisində şagirdin və sinifin adına uyğun saxlanılır. Dərsdən çıxdıqdan sonra da götürüb gedirlər. Başqa cür bu prosesə nəzarət etmək mümkün deyil”, - ekspert vurğulayıb.
 
Təhsil eksperti Elmin Nuri hesab edir ki, məktəbə mobil telefon gətirilməsi ilə bağlı qərar yekdil olmalıdır.
 
"Azərbaycanda pilot şəkildə yalnız bir qism məktəbdə həyata şagird davranış qaydaları çərçivəsində məktəblərə telefon gətirilməsinə qadağa qoyulur. Özəl tədris müəssisələrində, lisey-məktəblərində idarəetmə, bununla bağlı qərar qəbul etmə rəhbərliyin səlahiyyəti olduğu üçün ya qadağan edirlər ya da etmirlər. Bəzi özəl məktəb və liseylərdə şagirdlərin telefon gətirməsi yığışdırılıb, bəzilərində isə bu hələ də qalmaqdadır. Məncə mobil telefonlarla bağlı qərar yekdil olmalıdır. İndiki texnika dövründə, 21-ci əsrdə telefona zəruri ehtiyacı olan uşaq olmurmu? Təbii ki, olur. İndi bir çox məktəblərdə məktəblinin dostu vəzifəsini həyata keçirən şəxslər var. Məktəblinin dostunun, labarantın və s. kiminsə müşaiyətilə telefon yığılır, şagird evə gedəndə telefonu götürüb gedir. Bu cür nizam-intizam olanda məktəbdə neqativ hal yaşanmır” ,- ekspert əlavə edib.
 
Ekspertin sözlərinə görə, nizam-intizam təhsil üçün həyat tərzi olmalıdır.
 
"Təhsil qadağanı sevmir, amma sıx nizam-intizamı sevir. Təhsilə qadağa tətbiq olunanda o effekt verməyəcək. Gələcəkdə o əks reaksiya verəcək. Amma təhsilə ciddi nizam-intizam tətbiq edəndə o mütləq öz səmərəliliyin göstərəcək. Nizam-intizam təhsil üçün həyat tərzi olmalıdır. Təhsili güclü olan ölkələrdə xüsusən də uzaq Şərq ölkələrində - Koreya, Sinqapur, Çin, Yaponiya Malaziya  və s. burada təhsil həyat tərzi olaraq nizam intizamı öyrədir. Məncə, məktəblərdəki problem yalnız telefonla bağlı deyil. Bu gün nizam-intizamın həyat tərzinə keçirilməsi üçün xüsusi addımlar atılmalıdır. Mənim aləmimdə nizam-intizam bir uşağın şuluqluq edib-etməməsi deyil, onun partada düzgün oturuş qaydasına əməl etməsi, bütün uşaqların zəng vurulmamışdan 5 dəqiqə qabaq sinifə daxil olması, növbə mədəniyyətidir və s. Növbə mədəniyyətindən böyük nizam-intizam qaydası yoxdur. Bu detallar təhsilə həyat tərzi olaraq gətirilməlidir”, - Nuri vurğulayıb.
 
UNESCO-nun 2023-cü il Global Education Monitoring (GEM) hesabatında xəbərdarlıq edilib ki, sinifdəki texnologiyalar tələbələrin öyrənməsinə faydalı ola bilsə də, smartfonlardan yersiz və ya həddindən artıq istifadə edilməsi, zərərli təsir göstərə bilər.

"Beynəlxalq Tələbələrin Qiymətləndirilməsi Proqramı (PISA) tərəfindən təqdim edilən geniş miqyaslı beynəlxalq qiymətləndirmə məlumatları İKT-nin həddindən artıq istifadəsi ilə tələbə performansı arasında mənfi əlaqə olduğunu göstərir”, - hesabatda deyilir.

GEM-də qeyd edilib ki, smartfondan istifadənin 14 ölkədə tələbələrin diqqətini yayındırdığı və öyrənməyə mənfi təsir göstərdiyi aşkar edilsə də, yalnız dünyanın hər 4 ölkəsindən 1-də məktəblərdə smartfondan istifadə qadağan edilib.

Onlardan Fransa, İtaliyə, Finlandiya 2018-ci ildən məktəblərdə smartfonların istifadəsini qadağan edib, Hollandiya isə cari ildə bu qadağanı tətbiq edəcək.
UNESCO sinifdə smartfonlara qlobal qadağa qoyulmasını tövsiyə edir.

"Biz təhsildə texnologiyadan istifadə edərkən keçmiş səhvlərimizi öyrənməliyik ki, gələcəkdə onları təkrarlamayaq. Uşaqlara həm texnologiya, həm də texnologiyasız yaşamağı, informasiya bolluğundan ehtiyac duyduqlarını götürməyi, lazım olmayanı isə görməzlikdən gəlməyi öyrətməliyik", - (GEM) Hesabatının direktoru Manos Antoninis bildirib.
 
İstiqamət: 6.3.13. informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi;
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 
 
Aygün Mirakif


www.anews.az
3
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM