Avqustun 26-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 2017-2018-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.
Virtualaz.org-un qurumun mətbuat xidmətinə istinadən məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri müzakirə olunur, qarşıda duran vəzifələr müəyyənləşdirilir. Ölkə Prezidentinin himayəsi ilə Naxçıvana təbii qazın verilməsi, yeni elektrik stansiyalarının qurulması və enerji təhlükəsizliyinin təmin olunması, əhalinin ilboyu dayanıqlı təbii qaz, elektrik enerjisi və içməli su ilə təmin olunması, istilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri və yaradılan şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Lakin muxtar respublikanın iqlim şəraiti nəzərə alınaraq payız-qış mövsümünə hazırlıq tədbirləri hər il diqqətdə saxlanılmalı, mövcud infrastruktur daha da təkmilləşdirilməli və müvafiq tədbirlər həyata keçirilməlidir.
Əlahiddə Ümumqoşun Ordu komandanı Kərəm Mustafayev, Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov və Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Tofiq Həsənov payız-qış mövsümünə hazırlığın vəziyyəti və görülən işlər barədə məlumat veriblər.
Ali Məclisin sədri Vasif Talıbov müşavirədə çıxış edib və müvafiq nazirliklərə və digər qurumlara zəruri tapşırıqlar verib: "Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaqla təchizatı və ərzaq ehtiyatının yaradılması vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordusunun komandanlığı Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın vəziyyətini araşdırıb, Ali Məclisə məlumat verməlidir. Şəhər və rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi qurumuş ağacların kəsilərək hərbi hissələrə verilməsini, payız mövsümündə yeni yaşıllıqların salınmasını təşkil etməlidirlər. Muxtar respublikanın bitki və heyvanat aləminin qış aylarında qorunması üçün müvafiq tədbirlər görülməlidir. Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti orqanları və aidiyyəti təşkilatlar birlikdə qış mövsümündə elektrik enerjisi və təbii qaz sayğaclarına müdaxiləyə, sayğacdankənar istifadə hallarına qarşı reydlərin keçirilməsini davam etdirməlidirlər”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !