"Qazandığımız penaltini qola çevirməliydik. Çünki "Bavariya" matçın əvvəllərində bir qədər zəif çıxış edirdi. Məsut Özil penaltini dəyərləndirə bilmədiyindən həvəsdən düşdü. On bir metrlik cərimə zərbəsini vura bilmədiyi üçün ona nə deyə bilərəmki? Rəqib də bir dəfə bu şansdan istifadə edə bilmədi. İlk on beş dəqiqədə üç önəmli qol fürsətimiz oldu. Bunlardan heç olmasa birini qola çevirməli idik".
Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bu sözləri "Arsenal"ın baş məşqçisi Arsen Venger Çempionlar Liqasının 1/8 finalında "Bavariya" ilə ilk oyundan (0:2) sonra deyib.
Fransalı çalışdırıcı görüşün baş hakiminin qapıçı Şesniyə verdiyi qırmızı vərəqənin düzgün olmadığını bildirib:
"Qapıçımız topa oynayırdı. Qırmızı vərəqə oyunun tempini öldürdü. Bu cür yanlış qərarlarla Premyer Liqada da rastlaşırıq. Məni ən çox narahat edən ilk hissədə çox yaxşı, ikinci hissədə isə pis oynamağımızdı".
Cavab qarşılaşması haqda da danışan Venger söyləyib ki, növbəti mərhələyə çıxmaq ümidlərini hələ də itirməyiblər: "Özümüzə güvənirik. Hələ də ümidliyik. Sonuna qədər mübarizə aparacağıq".
ANN.Az