İyunun 29-da Bakıda Vergilər Nazirliyi və Caspian European Club-un (Caspian Business Club) təşkilatçılığı ilə birgə biznes-forum təşkil edilib.
Vergilər nazirinin müavini İlkin Vəliyevin, nazirliyin Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəisi Samirə Musayevanın, eləcə də Vergi siyasəti və strateji araşdırmalar baş idarəsinin rəis müavini Şamil Ərəbovun da iştirak etdiyi biznes-forumda Azərbaycanda vergi qanunvericiliyinin əsas aspektləri və bu sahədə gələcəkdə aparılması planlaşdırılan islahatlar müzakirə edilib.
Vergilər nazirinin müavini İlkin Vəliyev forum iştirakçılarını salamlayaraq, Caspian European Club-la (Caspian Business Club) Vergilər Nazirliyi arasındakı əməkdaşlığın yüksək səviyyədə olduğunu, sahibkarlığın qarşısında duran problemlərin həlli istiqamətində bu iki qurum arasında faydalı dialoqa əsaslanan tərəfdaşlıq münasibətlərinin qurulduğunu diqqətə çatdırıb.
İ.Vəliyev forum iştirakçılarını son vaxtlar vergi sistemində aparılan islahatlar, vergi qanunvericiliyində edilmiş dəyişikliklər barədə məlumatlandıraraq bildirib ki, Vergilər Nazirliyi ölkədə biznes mühitini yaxşılaşdıran mükəmməl vergi qanunvericiliyinin olmasında maraqlıdır və vergi ödəyicilərinin vergi öhdəliklərinə əməletməsi səviyyəsinin daha da yüksəldilməsi, vergi orqanı ilə biznes strukturları arasında partnyorluq münasibətlərinin inkişaf etdirilməsi istiqamətində yüzlərlə xarici və yerli şirkəti özündə birləşdirən Caspian European Club-la sıx əməkdaşlığı bundan sonra da davam etdirməyə hazırdır. Vergitutma sahəsində aktual olan məsələlərlə bağlı Caspian European Club-a daxil olan şirkətlərlə çoxlu sayda müzakirələr aparıldığını bildirən İ.Vəliyev belə müzakirələrdə mövcud çətinliklərin bir çoxunun aradan qaldırılması istiqamətində faydalı nəticələr əldə edildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, Vergilər Nazirliyi biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində ictimai təşkilatlarla belə formatda müxtəlif müzakirələrin keçirilməsinə böyük önəm verir, vergi mühitinin liberallaşdırılması və vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə təklif olunan dəyişikliklərin layihələrində yerli və xarici biznes strukturlarının, onların ictimai təşkilatlarının rəyini nəzərə almağa çalışır.
Son aylar ərzində Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin ölkədə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlıq subyektlərinin fəaliyyətinin genişləndirilməsi, yeni investisiya yatırımları üçün şəraitin daha əlverişli olmasına imkan yaratdığını bildirən nazir müavini qeyd edib ki, yerli istehsalın artırılması, ixrac yönümlü istehsalın stimullaşdırılması və ixrac fəaliyyətinin təşviq edilməsi ilə bağlı da dövlət tərəfindən müvafiq addımlar atılıb.
Bütün bunlarla yanaşı vurğulanıb ki, vergi ödəyiciləri, sahibkarlar da öz üzərinə düşən vəzifələri yerinə yetirməli, vergiləri düzgün hesablayaraq dövlət büdcəsinə vaxtında və tam həcmdə ödəməli, vergi uçotunun aparılmasında şəffaflığı təmin etməlidirlər.
Forumda iş adamlarının qarşılaşdıqları problemlər, onların həlli yolları, həmçinin Caspian European Club-a daxil olan şirkətləri maraqlandıran məsələlər müzakirə edilib, forum iştirakçılarının təklifləri dinlənilib, Vergilər Nazirliyinin nümayəndələri forum iştirakçılarının suallarını cavablandırıblar.
Biznes-forumda çıxış edən Caspian European Club-un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian European Club (Caspian Business Club) və Caspian Energy İnternational Media Group-un bütün fəaliyyəti ərzində sıx əməkdaşlığa və biznesmenlərə göstərilən hərtərəfli dəstəyə görə nazir Fazil Məmmədovun simasında Vergilər Nazirliyinin rəhbərliyinə, o cümlədən nazir müavinlərinə minnətdarlığını bildirib.
"Bizim məqsədimiz şirkətlərin Vergilər Nazirliyinin nümayəndələri ilə operativ əməkdaşlığının yeni səviyyəsini müəyyənləşdirməkdir", - deyə T.Əliyev qeyd edib.
T.Əliyevin sözlərinə görə, biznes-forumun sonunda Caspian European Club-un Ekspert Şurası (Caspian Business Club) Vergilər Nazirliyi ilə birgə vergi qanunvericiliyində dəyişikliklərin edilməsi ilə bağlı təkliflər hazırlayacaq. Həmin təkliflər Azərbaycan Prezident Administrasiyası, Azərbaycan Nazirlər Kabineti və Azərbaycanın Milli Məclisinə (parlament) təqdim ediləcək.
Telman Əliyev Caspian European Club-un (Caspian Business Club) 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə yaradıldığını qeyd edib. Caspian European Club-un (Caspian Business Club) Sədrinin Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev olduğu vurğulanıb. Telman Əliyevin sözlərinə görə, təsis olunduğu ilk gündən Caspian European Club (Caspian Business Club) neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb edilməsinə kömək edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club (Caspian Business Club) dünyanın 50 ölkəsində fəaliyyət göstərir və dövlət qurumları ilə özəl sektor arasında dialoqa dəstək istiqamətində fəal iş aparır.
Biznes-forum zamanı İlkin Vəliyevə Caspian European Club-un (Caspian Business Club) fəxri üzvlük sertifikatı təqdim olunub. Bundan əlavə, Caspian European Club-un (Caspian Business Club) yeni üzv şirkətlərinə - A-Group Insurance Company, Azertelecom LLC, Debet Uniform Ltd., TrastBV, Mont MMC və Veysəloğlu Şirkətlər Qrupuna sertifikatlar verilib.
Biznes-forumda şirkət rəhbərləri və səfirlər, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !