Vətən qazisi - Azərbaycandan imtina etməyi düşünürəm

13:29 | 21.07.2022
Vətən qazisi - Azərbaycandan imtina etməyi düşünürəm

Vətən qazisi - Azərbaycandan imtina etməyi düşünürəm

İkinci Qarabağ Müharibəsi iştirakçısı Lənkəran sakini Mais Hüseynli əliliyin təyin olunmamasından narazıdır, bu barədə o anews.az-a müraciət edərək bildirib.
 
"Qubadlı ərazisində döyüşlərdə başımdan ağır travma almışam və təxris olunmuşam. Davamlı bir neçə xəstəxanada müalicə olunmuşam. Maştağa qəsəbəsində  yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasında yatmışam. Hazırda da psixotrop dərmanlardan istifadə edirəm. Davamlı olaraq yaddaşım gedir, qıcolmalarım olur. İşlədiyim iş mühafizə işi olduğu üçün gecə növbəsində oyaq qalmalı oluram. Əslində isə mənə belə işdə işləmək olmaz.  Əlilliiyimlə bağlı müraciət etməyimə baxmayaraq hər dəfə məni sistem bağlıdır bəhanəsi ilə yola verirlər. Hara müraciət edəcəyimi bilmirəm", - Mais Hüseynli deyib.
 
Vətən Müharibəsi İştirakçısının sözlərinə görə yardım üçün bir neçə dəfə Lənkəran Şəhər İcra Hakimiyyətinə maddi dəstək üçün müraciət etsə də ona yox cavabı verilib.
 
"Maddi durumumla bağlı problemlərim var. Aldığım 312 manat maaşı kreditlərimə ödəyirəm və öz xərclərimə pul qalmır. Ailəliyəm, bir övladım var. Uşağın xərclərini çatdıra bilmirəm. Buna görə bir neçə dəfə icra hakimiyyətinə müraciət etsəm də mənə bildiriblər ki, sizə kömək etmək üçün icra hakimiyyətinin balansında kifayət qədər vəsait yoxdur", - Hüseynli söyləyib.
 
Mais Hüseynli "YAŞAT" Fondundan da dəstək ala bilmədiyini bildirir. Hətta o müharibədən sonra sığorta pulunu da ala bilməyib.
 
"YAŞAT" Fondunun qaynar xəttinə iki dəfə müriacət etdim. Durumumun ağır olduğunu söylədim. Mənə dedilər ki, sizə kömək edə bilmərik. Nə zaman əlilik dərəcəsi alsanız o zaman müraciətinizə baxıla bilər", - şikayətçi vurğulayıb.
 
Müharibə iştirakçısı problemlərinin həll olunmasında ona dəstək gösətrilməsini istəyir.
 
"Hazırda işlədiyim yerdə qazi olduğum üçün məni işdən azad edə bilmirlər. Amma özüm də fərqindəyəm ki, mən bu işin öhdəsindən gələ bilmirəm. Bəzən yaddaşım gedir. Məsələn o gün işdən çıxıb evə gedə bilmədim. Çünki yolu xatırlaya bilmirdim. Səhərə qədər dəniz qırağında oturmuşam. Bəzi hallarda ürəyim gedir. Müharibədə də ağır avtomat daşıdığım üçün belimdə problemlər yaranıb. Ayaq üstə çox qala bilmirəm. Belə olan halda mənə nə əlilik təyin edilmir, nə bir dəstək ala bilmirəm. O qədər bezmişəm ki, artıq Azərbaycan vətəndaşı olmağımdan imtina etmək haqqında düşünürəm", - Hüseynli şikayətlənib.
 
Mais Hüseynli 44 günlük Vətən Müharibəsində Cəbrayıl-Qubadlı istiqamətində döyüşlərdə iştirak edib. Qubadlı istiqamətində gedən döyüşlərdə yaralanıb. "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" medalları ilə təltif olunub.
 
"YAŞAT" Fondundan bildirib ki, müharibədə iştirak edən şəxslərin müalicə olunmasında dəstək göstərilməsi yalnız əlilik dərəcəsi təyin edildikdən sonra mümkün olur. 
 
Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətbuat katibi Tural Qurbanov isə açıqlama verib ki, adı çəkilən şəxs barəsində agentliyə heç bir məlumat daxil olmayıb. Bunun üçün həmin şəxsin xəstəliyini təsdiq edən forma 88 göndərilməyib.
 
Səhiyyə Nazirliyindən isə cavab olaraq bildirilib ki, araşdırılıb məlumat veriləcək. 
 
Gülnar Nazimqızı 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM