Orxan PamukBəzi yazıçıları ancaq yazdıqları əla əsərlərə görə çox sevirik. Bu, ən mükəmməl əsər, saf yazıçı və oxucu üçbucağıdır. Bəzi başqa ədiblər isə yazıçı kimi tutduqları mövqeyə və tarixdəki yerlərinə görə bizə maraqlı görünür. Viktor Hüqo mənim üçün ikinci tip yazıçılardandır.
Mən Hüqonu hələ gənclik illərimdə romançı kimi tanımışdım. Onun böyük şəhərlərin, tarixi olayların baş verdiyi küçələrin ab-havasının, insanı heyrətə gətirən dramatik gücünün fərqinə varıb oraları həm də bir-biri ilə əlaqəsi olmayan hadisələrin cərəyan etdiyi (1832-ci ildə parislilər barrikadalarda çarpışanda iki küçə aralıda çayxanalarda bilyard taqqıltıları eşidilirdi) bir yer kimi təsvir etməsini bəyənirdim. Şəhərləri məzlumların, alçaldılmışların toplaşdığı qaranlıq bir məkan kimi melodramatik təsvir etməsi, gənc yaşlarımda məni də təsirləndirmişdi. Qeyd edək ki, bu mənzərələr elə Dostoyevskini də təsirləndirirmiş. Bir az yaşa dolandan sonra Hüqonun o rahat, dəbdəbəli, nümayişkaranə və pafoslu təhkiyəsi məni çimçindirməyə başladı. “Doxsan üç” adlı tarixi romanında fırtınada dayanmadan irəliləyən gəminin iplərini qoparan topun hər tərəfi bombardıman etməsi və bu səhnəni uzun-uzadı təsvir etməsi, düzü, xoşuma gəlməmişdi.
Nobel mükafatçısı Vladimir Nabokov amerikan yazıçısı Uilyam Folkneri tənqid edən məktublarının birində onun da Hüqodan təsirləndiyini aydın bir nümunəylə göstərir (“Adam dar ağacına baxırdı, dar ağacı adama”). Ritorikanın və dramatizmin təsirini artırmaq üçün “coşqun romantik” ifadəsinin pis mənada işlədilməsi Viktor Hüqonun yaradıcılığında məni ən çox maraqlandıran və narahat edən cəhət idi. Ancaq Emil Zolyadan tutmuş Jan-Pol Sartra qədər təkcə fransız intellektuallarına deyil, bütün dünya mədəniyyətinə təsir edən siyasi asılılıq, müqavimət əzmi “haqqın və doğruluğun tərəfdarı olan böyük yazıçı” yaranması fikrini də Hüqonun böyüklüyünə borcluyuq. Böyüklük arzusunun nə demək olduğunun fərqində olması, o məsuliyyətin öhdəsindən gələ bilmək göstərir ki, o, əbədi korifey, ən pis halda, öz-özünün heykəlini yaratmış yazıçıdır. Əxlaqi və yaxud siyasi bir jest edərkən lazım olduğundan da artıq ağıllı addım atması Hüqo haqqında davamiyyətli olaraq yazıçı barədə sünilik təsəvvürü yaradıb. Bu məqamda “Şekspir dühası”nı anlamaq istəyərkən, böyüklüyün əsas təhlükəsinin saxtalıq olduğunu Hüqo özü etiraf edir. Amma siyasi sürgündən zəfərlə qayıtmağı, bütün xalqa üz tutub müraciət etməsi, roman qəhrəmanlarını bütün Avropanın – dünyanın təsəvvürünə yerləşdirib orda daim yaşatması Hüqoya bütün süniliklərin, saxtalıqların fövqündə bir bəşərilik bəxş edir. Bu, müəyyən qədər həm də bir zamanlar Fransanın bəşəriyyətin bütün tarixi dövrlərini öz içində yaşadan bir ölkə olması ilə əlaqədardır. Buna görə ötən çağlarda insanlar nə qədər patriot olsalar da, böyük fransız yazıçıları Fransanı yox, bütün bəşəriyyətin haqqını müdafiə edirdilər. İndi isə vəziyyət belə deyil. Fransanın bu qəribə və böyük yazıçısını xatırlamaq bəs edir ki, fransız ədəbiyyatının qədim müzəffər günlərinə aid nostaljisi aydın görünsün.Dilimizə uyğunlaşdırdı: Fərid HüseynANN.Az