ABŞ Harvard universitetinə xarici tələbə qəbulunu qadağan edib

ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem Harvard Universitetinin əcnəbi tələbə qəbuluna icazə verən sertifikatını ləğv edərək, universiteti antisemitizmi təşviq etməkdə və Çin Kommunist Partiyası ilə əməkdaşlıqda ittiham edib. Bu barədə The New York Times yazıb.
Bununla Harvard artıq xarici tələbələrə ABŞ vizası almaq üçün zəruri sənədləri təqdim edə bilməyəcək.
Universitetdə təhsil alan əcnəbi tələbələr ya başqa təhsil müəssisələrinə köçməli, ya da ABŞ-da qalmaq hüququnu itirəcəklər.
Harvard rəhbərliyi bu qərarı qanunsuz və akademik müstəqilliyə zərbə kimi qiymətləndirib.
Hazırda universitetdə 140 ölkədən 7000-ə yaxın əcnəbi tələbə təhsil alır ki, bu da ümumi tələbə sayının dörddə birini təşkil edir.
Apreldə ABŞ adminstrasiyası Harvardın 2,2 milyard dollarlıq federal qrantlarını dondurub.
ABŞ hakimiyyəti universitetdən Amerika dəyərlərinə qarşı düşmən münasibət bəsləyən əcnəbiləri qəbul etməmək və proqramların antisemitizm və nifrət çağırışları baxımından auditini tələb edib.
Harvard bu tələbləri rədd edərək məhkəməyə müraciət edib.
N.Təbrizli