İsrail ilk dəfə lazer HHM sistemi tətbiq edib

İsrail Müdafiə Nazirliyi bildirib ki, ölkə ilk dəfə real döyüş şəraitində yüksək enerjili lazer hava hücumundan müdafiə sistemlərindən istifadə edib; Livandan “Hizbullah” tərəfindən atılan onlarla dron və raket məhv edilib.
Nazirliyin məlumatına görə, Müdafiə Nazirliyinin Tədqiqat-İnkişaf İdarəsi, Hərbi Hava Qüvvələri və Rafael şirkəti tərəfindən yaradılan prototiplər 2024-cü ildən fəaliyyət göstərir və hədəfi “saniyələr içində” vurur, hər atışın dəyəri cəmi bir neçə dollardır.
Bu mobil komplekslər 2025-ci ilin sonunadək orduda xidmətə daxil olması gözlənilən daha güclü Iron Beam sistemini tamamlayacaq.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, lazerlər pis hava şəraitində və yüksək sürətli raketlərə qarşı az effektiv ola bilər, lakin İsrailin açıqladığı bu uğur “HHM-də yeni dövrün başlanğıcı” sayılır.
N.Təbrizli