Zelenski Almaniya səfərini yarımçıq dayandırıb? – Kiyev təkzib edir

Almaniyanın Der Spiegel jurnalı yazıb ki, Ukrayna Prezidenti Volodimir Zelenski Almaniya səfərini vaxtından əvvəl bitirərək Sumi vilayətindəki gərginlik səbəbindən Kiyevə qayıdıb; nəşr sərhəddə 50 minədək rus hərbçisinin cəmləşdiyini iddia edir.
Lakin RBC-Ukrayna-nın hökumət mənbəsi bu məlumatı yalanlayaraq bildirib ki, Zelenskinin Berlin proqramı əvvəlcədən birgünlük nəzərdə tutulmuşdu və Aaxendə Karl mükafatı mərasimində iştirakı planlaşdırılmayıb.
Spiegelin yazdığına görə, Zelenski Ursula fon der Lyayenin təltif olunacağı mərasimdən imtina edib və 28 may axşamı kansler Fridrix Mers, prezident Frank-Valter Ştaynmayer və Bundestaq sədri Yuliya Klöknerlə görüşdən sonra yola düşüb.
Rəsmi Kiyev səfərin vaxtından əvvəl başa çatması ilə bağlı məlumatı təsdiqləməyib. Ukrayna hərbçiləri şimal-şərqdə mümkün rus hücumlarının genişlənəcəyi barədə xəbərdarlıq ediblər.
N.Təbrizli