Tramp Maskı tənqid edib

ABŞ-ın sabiq prezidenti Donald Tramp milyarder İlon Maskın “Amerika Partiyası” adlı yeni siyasi təşkilat yaratmaq planlarını sərt şəkildə tənqid edib. Tramp Maskın "son beş həftə ərzində fəlakətə çevrildiyini" və “tamamilə nəzarətdən çıxdığını” bildirib.
"İlon Maskın necə özünü itirdiyini izləmək kədərlidir. O, indi hətta üçüncü siyasi partiya yaratmaq istəyir – halbuki bu cür təşəbbüslər ABŞ-da heç vaxt uğur qazanmayıb. Sistem buna uyğun deyil. Üçüncü partiyalar yalnız xaos və dağınıqlıq gətirir. Onsuz da bizdə radikal solçu demokratların sayəsində kifayət qədər xaos var", – Tramp Truth Social platformasında yazıb.
Tramp daha sonra jurnalistlərə verdiyi açıqlamada Maskın təşəbbüsünü “gülünc” adlandırıb.
"Üçüncü partiya yaratmaq gülüncdür. Biz Respublikaçılar Partiyası ilə böyük uğurlar əldə etmişik. ABŞ-da iki partiyalı sistem formalaşıb və üçüncü partiyalar yalnız qarışıqlıq yaradır", - deyə Tramp bildirib.
Bu şərhlər iyulun 6-da Maskın ABŞ Federal Seçki Komissiyasına (FEC) “Amerika Partiyası” (America Party, AMEP) adlı siyasi təşkilatın qeydiyyatı üçün rəsmi müraciət göndərməsindən sonra səsləndirilib. Hazırda sənəd "emal olunmamışlar" statusundadır.
İyulun 5-də Mask sosial şəbəkəsi X platformasında sorğu keçirərək yeni partiya qurmaq niyyətini elan edib.
1,2 milyon nəfər iştirak edib və səs verənlərin 65,4 faizi təşəbbüsə dəstək verib. Mask bu partiyanın məqsədini “azadlığı geri qaytarmaq” kimi təqdim edib.
N.Təbrizli