Zelenski Trampla telefon danışığı aparıb

Ukrayna Prezidenti Volodimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün teleqram kanalında məlumat verib.
Prezidentlər Ukraynaya gələcək dəstək, təhlükəsizliyin gücləndirilməsi və ədalətli, davamlı sülhün bərqərar olması məsələlərimi müzakirə ediblər.
Zelenski bildirib ki, Trampla “çox keyfiyyətli söhbət” keçib və ABŞ-ın Ukraynanı dəstəkləmək, qətliamları dayandırmaq istiqamətində birgə çalışmaq niyyətinə görə minnətdardır.
Zelenski həmçinin qeyd edib ki, ABŞ Prezidenti NATO-nun Baş katibi Mark Rütte ilə görüşündən də danışıb. Danışıqlar Alyans üzvləri ilə əlaqələrin vacibliyi və müdafiə xərclərinin artırılması barədə fikir mübadiləsi ilə davam edib.
Prezidentlər Rusiya hücumlarından qorunmaq üçün zəruri vasitələrin təmin ediləcəyini vurğulayıb, sülhə nail olmaq üçün “mümkün qədər məhsuldar işləməyə hazır olduqlarını” bildiriblər. Zelenski əlavə edib ki, tərəflər daha tez-tez telefon əlaqəsi saxlamaq və gələcək fəaliyyətləri əlaqələndirmək barədə razılığa gəliblər.
Sonda Zelenski Trampa təşəkkür edərək yazıb: “Sağ olun, cənab Prezident! Sağ olun, Amerika!”.