Google 425,7 milyon dollar ödəyəcək

ABŞ-ın San-Fransisko məhkəməsi “Google” şirkətinin istifadəçilərin məxfilik hüquqlarını pozduğuna görə 425,7 milyon dollar təzminat ödəməsi barədə qərar qəbul edib. Bu barədə Bloomberg” xəbər verir.
Kollektiv iddia 2020-ci ildə qaldırılıb. İddiaçılar bildiriblər ki, 2016-cı ildən bəri “Google” cihazlarda “Tətbiq və veb tarixçəsi” deaktiv edilsə də, üçüncü tərəf tətbiqlərindən istifadəçi məlumatlarını toplayıb.
Münsiflər heyəti şirkəti məxfilik hüquqlarını pozmaqda günahkar bilib, lakin kompüter fırıldaqları və sui-istifadə aktı ilə bağlı ittihamları rədd edib.
İyulda Kaliforniyada digər bir məhkəmə “Google”u “Android” istifadəçilərinin mobil məlumatlarından xəbərsiz istifadəyə görə 314 milyon dollar ödəməyə məhkum etmişdi.
N.Təbrizli