Nobel Sülh mükafatının qalibi Tramp olmayıb

Norveç Nobel Komitəsi 2025-ci il üçün Nobel Sülh Mükafatının Venesuela müxalifətinin lideri Mariya Korina Maçadoya verildiyini açıqlayıb.
Komitə, qərarın əsasən Maçadonun demokratik institutların bərpası və insan haqları uğrunda mübarizəsinə görə verildiyini bildirib.
Bu qərar, ABŞ-ın prezidenti Donald Trampın mükafata layiq olduğunu iddia etdiyi bəyanatlarına baxmayaraq verilib.
Tramp 2024-cü ilin fevralında verdiyi açıqlamada, “Mənə heç vaxt Nobel Sülh Mükafatını verməyəcəklər. Mən buna layiqəm, amma heç vaxt verməyəcəklər”, – narazılığını ifadə etmişdi.
Sentyabrın 30-da isə ABŞ generalları ilə görüş zamanı o, mövzuya qayıdaraq, mükafatın başqa bir şəxsə verilməsinin “ölkəmizə qarşı böyük təhqir” olacağını demişdi.
Komitənin beş üzvündən biri və katibi Kristian Berq Harpviken bildirib ki, qərar son siyasi bəyanatlara deyil, uzunmüddətli fəaliyyətə əsaslanır:
“Bu mükafat əsasən 2024-cü ildə və əvvəlki illərdə görülən işlərə aiddir. O, son həftələr və ya aylardakı nailiyyətlərə görə verilmir”, – Harpviken Norveçin NRK telekanalına deyib.
57 yaşlı Mariya Korina Maçado, 2014-cü ildən bəri prezident Nikolas Maduronun avtoritar idarəçiliyinə qarşı mübarizə aparır. O, ölkədə demokratik seçkilərin keçirilməsini və siyasi məhbusların azad olunmasını tələb edən kampaniyalara rəhbərlik edib. 2023-cü ilin sonlarında keçirilən müxalifət praymerizində Maçado, seçicilərin 92 faizinin dəstəyini qazanaraq vahid müxalifət lideri kimi tanınıb.
Venesuelada siyasi və iqtisadi böhranın başladığı 2015-ci ildən bu yana təxminən 7,7 milyon vətəndaş ölkəni tərk edib.
Maçadonun rəhbərlik etdiyi “Vente Venezuela” hərəkatı bu dövrdə beynəlxalq sanksiyalara və daxili təzyiqlərə rəğmən fəaliyyətini davam etdirib.
Tramp 2020–2024-cü illər arasında bir sıra beynəlxalq gərginlikləri azaltmaq üçün diplomatik təşəbbüslərlə çıxış edib. Xüsusilə Yaxın Şərqdə İsrail ilə BƏƏ, Bəhreyn və Mərakeş arasında münasibətlərin normallaşmasına dair “Abraham Sazişləri” bu kontekstdə qeyd olunur. Lakin Nobel Komitəsi onun bu addımlarını mükafat üçün yetərli saymayıb.
2025-ci ilin əvvəlində Tramp Mariya Korina Maçadonu “nümunəvi bir azadlıq döyüşçüsü” adlandıraraq onun Nobelə layiq olduğunu bildirmişdi.
“ABŞ-da böyük Venesuela-Amerika icması azad Venesuelanı qətiyyətlə dəstəkləyir və mənə də böyük dəstək göstərdi. Bu azadlıq döyüşçüləri əziyyət çəkməməlidir”, – Tramp yanvar ayında sosial mediada yazmışdı.
Bundan əlavə, avqustun 8-də Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan üçtərəfli sənəddən sonra, hər iki lider Trampın Nobelə namizədliyini dəstəklədiklərini bəyan etmişdi.
Aytac