Rusiya Lavrov-Rubio görüşünün təxirə salınmasını təkzib edib

Sergey Lavrov ilə ABŞ dövlət katibi Marko Rubionun görüşünün guya təxirə salınması barədə məlumatlar düzgün deyil, çünki tarix və yer barədə konkret razılıq olmayıb. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
“Razılaşdırılmamış bir şeyi təxirə salmaq olmaz. Bizim hətta ilkin olaraq vaxt və yer üzrə razılaşmamız olmayıb,” – Ryabkov CNN-in xəbəri ilə bağlı deyib.
Onun sözlərinə görə, görüş ideyası mövcuddur, lakin hazırlıq prosesi vaxt və diqqətli işlənmə tələb edir. Bu məsələ ilə bağlı dünən Lavrov və Rubio arasında telefon danışığı olub.
CNN daha əvvəl Ağ Ev rəsmisinə istinadla görüşün Ukrayna müharibəsinin həlli ilə bağlı mövqelərdəki fərqlərə görə təxirə salındığını xəbər vermişdi.
N.Təbrizli