Google tətbiqlərə qarşı xəbərdarlıq sistemi tətbiq edir
Google 2026-cı il martın 1-dən Google Play mağazasında enerji sərfiyyatı yüksək olan tətbiqlər üçün xüsusi xəbərdarlıq sistemi tətbiq edəcək. Bu barədə məlumat Android inkişaf etdiricilərinin rəsmi bloqunda yer alıb.
Yeni mexanizm Samsung ilə birlikdə hazırlanmış Excessive Partial Wake Locks metrikasına əsaslanır. Alqoritm tətbiqlərin cihazın yuxu rejiminə keçməsinə nə qədər və nə zaman mane olduğunu analiz edir.
Kriteryaya görə, tətbiq cihazı gün ərzində ümumilikdə iki saatdan çox oyaq saxlayarsa, “enerji-yeyən” hesab ediləcək.
Belə tətbiqlər Google Play-də xüsusi işarə ilə qeyd olunacaq, onların mağazadakı irəliləməsi məhdudlaşdırıla və tövsiyə olunan siyahılardan çıxarıla bilər.
Mütəxəssislər bildirir ki, Google bu addımla inkişaf etdiriciləri tətbiqləri optimallaşdırmağa təşviq etməyi və Android ekosisteminin enerji səmərəliliyini artırmağı hədəfləyir.
N.Təbrizli