PaşinyanTRIPP yolunun iqtisadi nəticələrindən danışıb
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən Beynəlxalq Sülh və Rifah Marşrutunun (TRIPP) Yerevan–Astana xətti üzrə iqtisadi əməkdaşlığı əhəmiyyətli dərəcədə artıracağına inanır. Paşinyan bu fikri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı səsləndirib.
Paşinyanın sözlərinə görə, tərəflər artıq “Tramp Marşrutu” layihəsi üzərində işləyir və bu təşəbbüs həm Ermənistan, həm də Qazaxıstan üçün yeni ixrac imkanları yarada bilər. O bildirib ki, layihə Ermənistan üçün şərq istiqamətində, Qazaxıstan üçün isə qərb istiqamətində ticarət və logistik axınları genişləndirəcək.
Paşinyan həmçinin Ermənistan və Azərbaycanın rabıtə xətləri, boru kəmərləri, elektrik xətləri, fiber-optik kabellər və yol-nəqliyyat infrastrukturu üzrə əməkdaşlığa hazır olduqlarını xatırladıb.
TRIPP layihəsi ilk dəfə 8 avqustda Vaşinqtonda ABŞ prezidenti Donald Trampla keçirilən üçtərəfli görüşdən sonra elan edilib. Həmin görüşdə Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev Bakı–İrəvan münasibətlərinin sülh yolu ilə tənzimlənməsi və materik Azərbaycanla Naxçıvan arasında nəqliyyat əlaqəsinin yaradılmasına dair birgə bəyannamə imzalayıblar. Layihə rəsmi olaraq “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” adlandırılıb.
Aytac