Xalq artisti: “Mübariz Mənsimov şərlənərək həbs edilib”

16:40 | 26.03.2020
Xalq artisti Canəli Əkbərov Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimova görə prezident İlham Əliyevə müraciət edib.
 
Pravda.az-ın xəbərinə görə, müraciətdə deyilir:
 
"Bu dəqiqə bütün dünya ölkələri kimi bizim ölkə əhalisi də olduqca böyük sınaq qarşısındadır.Amma hamımız arxayınıq ki,belə bir həssas məqamda Dövlətimizin başında sizsiniz. Əhali sizə güvənir. Tam əminik ki, ölkə bu sınaqdan da sizin başçılığınızla itkisiz çıxacaqdır.
 
Bu müraciəti Sizə ürəyimin hökmü ilə ünvanlayıram. Belə ki, dünya miqyaslı iş adamı Mənsimov Mübariz şərlənərək qardaş Türkiyə Respublikasında həbs olunması xəbəri mənə də çox pis təsir etmişdir.
 
Mübariz Mənsimovun valideynlərini keçmiş qonşuluqdan, babalarını uzaq qohumluqdan mərd, vicdanlı, dürüst zəhmətkeş insanlar kimi, onun özünü isə uşaqlıqdan çalışqan, zəkalı və işgüzar bir uşaq kimi tanımışam, xətrini istəmişəm, onu öz oğlanlarımdan heç vaxt ayırmamışam.
 
Sonralar onun xoş sədalarını eşidəndə, el-oba üçün gördüyü faydalı işləri, xalqımıza, dövlətimizə sədaqətini, sənət adamlarına göstərdiyi qayğı və hərməti görəndə çox fərəhlənmişəm. Elin-obanın xeyir-şərinə həmişə yarayan, istər Azərbaycan Dölətinə, istərsə də vətəndaşı olduğu Türkiyə Dövlətinə həmişə sonsuz sadiqlik nümayiş etdirən Mübariz Mənsimovun hansısa şübhəli işlərlə bağlılığına heç cür inanmıram. İnanıram ki, xalqını, millətini varlığı qədər sevən Mübariz Mənsimov mənəvi dəyərlərə heç vaxt xəyanət etməyəcəkdir.
 
Ona görə də ona qarşı irəli sürülən ittiham əsassızdır və anlaşılmazlıq üzündən baş vermişdir.
 
Bunları nəzərə alaraq Mübariz Mənsimovun işinə ədalətlə baxılması və tezliklə həbsdən olunmasına köməklik göstərilməsi barədə Türkiyə Respublikasının Prezidenti çox hörmətli Rəcəb Tayyib Ərdoğana müraciət etməyinizi Sizdən öz adımdan, həmçinin Cənub ziyalıları və ağsaqqallıları adından xahiş edirəm”.

www.anews.az