Bu həftənin ikinci günü ölkə başçısı İlham Əliyev keçən ilin yekunları ilə bağlı konfransdakı çıxışında maraqlı ifadələrilə diqqət çəkdi.
Mənim baxışıma görə, bu çıxışda ən diqqət çəkən məqamlar bundan sonra bizim valyuta ehtiyatlarımızın əvvəlki illərdəki kimi artıra bilməyəcəyimizi və xalqın yox, məhz məmurların xalqın xidmətçisi olması ilə bağlı deyilənlər idi.
Çıxışın əvvəlində prezident qeyd etdi ki, bu gündən başlayaraq dövlət yalnız pioritet sahələrə investisiya yatıracaq. Prezident daha sonra bildirib ki, həm dövlət strukturları, həm dövlət şirkətləri artıq xərclərə yol verməməlidirlər. Çıxışına davam edən prezident deyib: "İndiki şəraitdə israfçılığa, ümumiyyətlə, yol vermək olmaz - nə həyatda, nə siyasətdə, nə də ki iqtisadi məsələlərin həllində”.
Çıxışının ikinci hissəsində prezident Əliyev növbəti dəfə məmurların kimin üçün çalışdığını, kimə xidmət etdiyini, kimin problemlərini həll etmək lazım olduğunu unutmamalarını xatırlatdı və insanlarla yekəxana davranmamalarını və kobudluğa son qoymalarını tapşırdı.
"Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb” – deyə dövlət başçısı əlavə edib.
Bir tərəfdən aydındır ki, biz yeni bir mərhələyə, yəni kəmər sıxma mərhələsinə qədəm qoyuruq. Paralel olaraq prezident məmurların oyanmasını və bu ölkədə kimin kim olmasını unutmamalarını tapşırır.
Əlbəttə ki, burada maraqlı olan məqam məmurların prezidentin bu çıxışından sonra necə davranacaqları ilə bağlıdır. Məsələn, görəsən bizim məmur-oliqarxlar və onların ailələri yalnız nazirliyin maaşı ilə yetinəcəklərimi, ya yox? Öz uşaqlarını oxumaq üçün London-Parisə göndərməkdən əl çəkəcəklərmi? Mühafizəkarlarının və xidmətçilərinin sayını azaldacaqlarmı? Bahalı xarici maşınları buraxıb, yerli istehsal olan "Lifan” maşınlarında oturacaqlarmı?
Dövlət strukturunda işləyən və aylıq maaşdan əlavə "paket” alan tanışlarım artıq bir neçə aydır bu gəlirin də quruduğundan şikayətlənirlər. İndi isə paketlərın incələcəyi, bəzi yerlərdə isə onun tamamilə aradan qalxdığı xəbərdarlığı edilib.
Əlbəttə ki, aşağı və orta səviyyəli məmur "paket”dən məhrum olduqdan sonra onun rəisinin düzgün həyat tərzi sürməyə başlayacağını kimsə iddia etmir. Təbii ki, bu yaxşı olardı, amma inanmaq çox çətin işdir.
İndiki durum onlar üçün ikiqat kədərlidir, çünki təvazökar olmaqdan əlavə insanlarla da hesablaşmalı olacaqlar. Amma uzun illər xalqa ağa kimi davranmış və onun pulunu öz pulu kimi xərcləmiş məmura onun xidmətçi olduğunu izah etməklə, ona bunu xatırlatmaqla işlər düzələn deyil.
Bəlkə də, ola bilsin, biz öz "xidmətçilərimizi” başqa tərəfdən görməyə başlayacaq və nəhayət ölkəmizdə "vətəndaş – məmur” münasibətləri öz təbii axarı ilə yaranmağa başlayacaq.
Təbii ki, bütün bunlar çox yaxşı olardı, amma bu məsələ ilə bağlı mənim şübhələrim daha çoxdur.
Bəli, əgər prezident özü-özünü xalqının xidmətçisi olduğunu bəyan edirsə, mən – cəmiyyətin sadə bir üzvü kimi "ondan müsahibə alımmı görəsən” - deyə fikirləşirəm. Görüşəsən, əlini sıxasan, baxasan, danışasan, sual verəsən və bəlkə fikir də bildirəsən...Amma nəsə naqolay görünür. Belə ki, biz sanki ev sahibiyik, amma qapını döyüb və müsahibəni almaq - çox adi bir şey kimi görünsə belə - heç cür almaq olmur.
P.S Bir neçə gün bundan öncə birinci xanımın mətbuat xidməti mənim ondan müsahibə almaq istəyimi rədd etdi. Danışmaq istədiyim mövzu isə sadəcə gimnastika və yaxınlaşan Avropa Oyunları ilə bağlı idi...
Prezidentin mətbuat xidməti özü istədikdə mətbuatla əlaqə qurur, amma bizim onlara göndərdiyimiz emailə, məktuba və sorğuya bir partizan kimi susur.
Bəlkə, öz özümə deyirəm, bu gündən sonra başqa cür olacaq, nə deyirsiniz? Hə?..
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !