“Xaricdə təhsil məsələsinə nazirlik nəzarət edərsə, hərbi xidmətdən yayınma halları da baş verməz” - AÇIQLAMA

13:32 | 04.06.2015
“Xaricdə təhsil məsələsinə nazirlik nəzarət edərsə, hərbi xidmətdən yayınma halları da baş verməz” - AÇIQLAMA

“Xaricdə təhsil məsələsinə nazirlik nəzarət edərsə, hərbi xidmətdən yayınma halları da baş verməz” - AÇIQLAMA

"200 bal toplayan abituriyent  xarici ölkəyə necə gedib təhsil ala bilər?” - bu sözləri ANN.Az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert İlham Əhmədov deyib. 

Milli Məclisin son iclasında spiker Oqtay Əsədov xaricdə təhsil alan tələbə oğlanların əksəriyyətinin hərbi xidmətdən yayındığını bəyan edib. Bu problemi şərh edən İlham Əhmədovun sözlərinə görə, tələbə oğlanların xaricdə  magistr təhsili alması onların hərbi xidmətə getmələrinin qarşısını ala bilməz, sadəcə müəyyən maneə yaradar: "Bu maneə ondan ibarətdir ki, hansısa bakalavr təhsil almış tələbə magistratura təhsili almaq istəyir və onun istədiyi ixtisas bizim ali təhsil müəssisələrində yoxdur. Yaxud da var, amma təhsilin keyfiyyəti tələbəni qane etmir. Bu tələbə xaricdə təhsil almağa məcburdur. Ola bilər ki, tələbə təhsilin bakalavr pilləsini xaricdə dövlət hesabına oxuya bilər, amma  magistr pilləsini dövlət hesabına oxuya bilmir. Bu zaman o, öz hesabına xaricdə magistr pilləsinə daxil olmağa məcburdur. Milli Məclisdəki müzakirələrdən aydın oldu ki, bu halda məcburən tələbəni həmin xarici ölkədən geri çağırıb hərbi xidmətə aparacaqlar. Halbuki hərbi  xidmətin 1 ili ərzində tələbənin düşüncə tərzi, fikirləri dəyişə bilər və artıq magist təhsili almaq istəməz. Bu müzakirələrin ədalətsiz olsuğunu düşünürəm” 

Ekspert hesab edir ki, hərbi xidmətdən yayınmaq üçün xaricdə təhsil almaq istəyi də normal qarşılanmamalıdır. Eyni zamanda xaricə təhsil ardınca yollanılanlara birbaşa Təhsil Nazirliyin nəzarət etdiyi halda oğlanların hərbi xidmətdən yayınmaq istəməsi də başadüşülən deyil: "Bəzən 200 bal toplayan abituriyent də xaricdə təhsil almaq istəyir. Bu balı toplayan tələbə necə xaricdə təhsil ala bilər axı? Xaricdə təhsil məsələsi  çox ucuzlaşdırılıb. İmtahansız, atestatla ali məktəbə qəbul olan tələbənin təhsil keyfiyyətindən söz açmaq, məncə, düzgün deyil. Əsas məsələ odur ki, xaricdə bütün növ təhsil məsələlərinə Təhsil Nazirliyi ciddi nəzarət edərsə, hərbi xidmətdən yayınma halları da baş verməz”. 

İlham Əhmədov eyni zamanda xaricdə təhsil alan tələbələrin düşüncə tərzlərinin dəyişməsi və Azərbaycana döndükdən sonra bir çox qaydaları qəbul etməməsi məsələsinə də aydınlıq gətirib: "Nəinki təhsil almaq üçün gedən tələbələr, hətta 3-4 həftə istirahət etmək üçün gedən hər bir insan ölkəmizə döndükdə tamamilə başqa əhval-ruhiyyədə olur. Bu təkzibolunmaz həqiqətdir ki, xaricdə keyfiyyətli təhsil alan tələbə bizim ali məktəblərimizdə təhsil almış tələbələrdən iki pillə yuxarıdadır. Və onun hadisələrə, problemli məsələlərə baxış tərzi ilə ölkəmizdə təhsil almış tələbələrin baxış tərzləri həqiqətən tam fərqlidir. Bundan başqa hansısa tələbə öz şəxsi hesabına xarici ölkədə təhsil almağa gedirsə, ən azında Təhsil Nazirliyi və dövlət həmin şəxslər üçün xüsusi imtiyazlar ayırmalıdır. Məqsədəuyğun olan iş məhz budur”.


Orxan Aslanlı


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti