Xəstəliyə görə, evimi satdım indi isə "havada" qalmışam- Qeydiyyata düşə bilməyən vətəndaş

10:47 | 21.11.2023
Xəstəliyə görə, evimi satdım indi isə

Xəstəliyə görə, evimi satdım indi isə "havada" qalmışam- Qeydiyyata düşə bilməyən vətəndaş

Bakı sakini Yusif Ələkbərov neçə illərdir evi olsa, da yaşadığı evə qeydiyyata düşə bilmir. Bununla bağlı o anews.az-a bildirib.

Onun sözlərinə görə, bələdiyyə torpaqlarına çıxarışın verilməsi prosesi dayandığına görə, qeydiyyata düşə bilmir.

"Yoldaşım onkoloji xəstə olduğu üçün illərdir yaşadığım evi satmalı oldum, evin pulunu onun müalicəsi üçün xərclədim. Qalan pulun 10 mininə isə 1 otaqlı ev tikdirdim.  Ancaq həmin evdə qeydiyyata düşə bilmirəm. Bələdiyyədən "mən sənə ev tikməmişəm ki,  səni qeydiyyata salım" deyə cavab verirlər. Bələdiyyə təkcə arayış verdi ki, həqiqətən də bu şəxs burda yaşayır. Bunun üçün komunal kağızlar və s. var. Hazırda inzibati məhkəməyə vermişəm.  İnzibati məhkəmə də  qərarı qəbul edib,  Qaradağ Rayon Baş Polis idarəsinin inzibati binasına  qeydiyyata alınsınlar.  Orada isə qeydiyyata salmaq mümkün olmayıb. Bu dəqiqə mən havada qalmışam. Əvvəl satdığım evdə qeydiyyatda idim, sonra yeni ev sahibi məni evin qeydiyyatından çıxardı. Onun öz evidir, qeydiyyatdan çıxarma deyə bilmərəm.  Pis vəziyyətdəyəm. Nə uşaqlarıma,  nə  ailəmə gün ağlaya bilmirəm. Məcbur olub, yoldaşımı Şəkidə müvəqqəti qohumumuzun evinə qeydiyyata  salmışam ki,  Şəki polinklinikasından dərmanlar ala bilsin.  Həmin şəxslərdə hazırda qeydiyyatdan çıxmağımızı tələb edirlər",- o əlavə edib.
 
Ələkbərov bildirir ki, şəxsiyyət vəsiqəsi olmadığı üçün heç yerdə işləyə bilmir.
 
"Yoldaşım, iki uşaq və mən çarəsiz vəziyyətdəyəm.  Heç yerdə işləyə bilmirəm.  Adi bir yanacaqdoldurma məntəqəsinə məni  işə götürmürlər.  Hər yer müqavilə ilə iş görür.  Adicə pul yardımı və s. gəlir pasportum yoxdur deyə,  yararlana bilmirəm. Dost (Dayanıqlı və Operativ Təminat Agentliyi) xidmətinə müraciət etdim ki, vəsiqəm yoxdur, işləyə bilmirəm, yardımçı olsunlar.  Sistemdə baxdılar ki, şəxsiyyət vəsiqəm yoxdur, buna görə mənə xidmət göstərə bilmədilər",- o vurğulayıb.
 
Sözügedən məsələ ilə bağlı bağlı Milli məclisin deputatı Fazil Mustafa düşünür ki, vətəndaşların qeydiyyatdan çıxarılması onlar üçün böyük bir problem yaradır.

"Milli Məclisdə bu məsələ artıq neçənci dəfədir ki, qaldırılıb. Vətəndaşların qeydiyyatdan çıxarılması böyük bir problem yaradır. Əgər onun rayon yerində qeydiyyatı yoxdursa,  mütləq hansısa bir dövlət qurumunda qeydiyyata alınmalıdır. Əvvəlki ənənəyə görə qeydiyyatsız şəxslər polis məntəqələrində qeydiyyatdan keçirdilər.  İndi isə o qanun ləğv olunub. Qanunun ləğvi ilə bu cür problemlər gündəmə gəlir. Bunu mütləq şəkildə hüquqi müstəvidə çözmək lazımdır. Təssüf ki, bu məsələyə hələki konkret reaksiya bildirilmir.  Bizim tərəfimizdən də məsələnin nə qədər ciddi və  aktual olduğu diqqətə çatdırılıb. Hələki bununla bağlı hər hansı bir konkret qərarın qəbul olunduğu müşahidə olunmur"- deputat əlavə edib.
 
Digər bir deputat Əziz Ələkbərli isə Milli məclisin noyabrın 16-da keçirilən Əmək və sosial siyasət komitəsinin iclasında bildirib ki, polis bölmələrində vətəndaşların qeydiyyatdan çıxarılması həmin şəxslər arasında gərginlik yaradır. 
 
"Bu yaxınlarda polis bölməsində qediyyata düşənlər qeydiyyatdan çıxarılıb. Bunlar arasında Qərbi Azərbaycandan olan vətəndaşlar da var. Belə şəxslər həm işləmək imkanını, həm sosial layihələrdən istifadə etmək imkanını itirir. Bizə bununla bağlı çoxlu müraciətlər daxil olub. Bunlar daha çox həssas kateqoriyadan olan insanlardır. Bu şəxslərin ya evləri qeydiyyata alınmalıdır, ya da bölmədə qeydiyyatda qalmalıdır. Yoxsa ortada bir gərginlik yaratmış oluruq”, - deputat  vurğulayıb.
 
İnsan hüquqları müdafiəçisi Rüfət Səfərov anews.az-a açıqlamasında söyləyib ki, qanunun doğru qəbul edilməməsi Azərbaycanda vətəndaşların hüquq pozuntusuna gətirib çıxarmasına səbəb olur.

"Azərbaycanda minlərlə tikililər var ki, onların dövlət qeydiyyatı aparılmayıb. Bu problem Ali İcra hakimiyyətinin, yəni Prezident İlham Əliyevin muşavirələrində diqqətini cəlb edib.  Pezident problemlərin aradan qaldırılması ilə bağlı layihələrin və konsepsiyaların hazırlanması ilə bağlı göstərişlər verib. Eyni zaman da bu problem parlamentdə də müəyyən qədər müzakirələrə səbəb olub. Amma təssüf ki, ortada bir nəticə yoxdur. Bu gün Bakıda və  xüsusilə də Bakı ətrafı ərazilərdə minlərlə evlər qeydiyyatdan kənardadır.  Məsələ budur ki, zamanında bələdiyyələr qərar verib, torpaqları satıblar. Biz bilirik ki, qanunvericiliyə görə, bələdiyyələr hərracdan kənar torpaq alqı-satqısı həyata keçirməsi qanuna ziddir.  Ancaq bu satışları həyata keçiriblər. İndi isə əhali bunun əziyyətini çəkir. Problemi vətəndaş özü yaşayır.  Qanunun doğru qəbul edilməməsi vətəndaşın hüquq pozuntusuna gətirib çıxarır.  Xüsusi mülkiyyət formasi kimi tanınmayan torpaqlarda yaşayan vətəndaşların şəxsiyyət vəsiqələri, pasport qeydiyyatı olmur. Bu da arayışların alınmasında, işsizlik problemlərinin artmasına gətirib çıxarır",- hüquq müdafiəçisi əlavə edib.
 
Məsələ ilə bağlı hüquqşunas Səməd Vəkilov bildirir ki, bu problem  demək olar ki, geniş yayılıb. 

"Vaxtilə bu vəziyyətdə olan insanları pasport idarəsində, polis idarəsində qeydiyyata alırdılar.  Lakin sonradan həmin şəxslərin bəzilərinin cinayət törətməsi nəticəsində  onların axtarışı  zamanı tapılması qeyri-mümkün olurdu. Belə problemlər daha da dərinləşdiyinə görə,  polis idarəsində artıq qeydiyyat məsələsi ləğv edildi. Ancaq öz başına, qanunsuz, bələdiyyə torpaqlarında tikilən evlərdə yaşayan şəxslərin pasport qeydiyyatına alınmaması müəyyən bir problemlər yaradır. İnsanlar mülki, siyasi və digər hüquqlarından  demək olar ki, məhrum olurlar. Bu isə əlbətdəki arzuolunmazdır. Ancaq bunun da qanunvericilik çərçivəsində həlli tapılmalıdır.  Buna kompleks yanaşma, mülkiyyət hüquqlarının qeydiyyatı, həm də insanların şəxsi hüquqlarının təmin olunması kontekstində qiymət vermək lazımdır. Hesab edirəm ki, bu vəziyyətdən hökmən çıxış yolu tapılmalıdır. Bu artıq kütləvi hal alıb. Bu problemlə bağlı məsələ həllini tapmalıdır. Çünki insanlara verilmiş konstitusiya hüquqları bu problemlə məhdudlaşdırılır.
 
Əmlak məsələləri üzrə ekspert Ekspert Ramil Osmanlı bildirib ki, hazırda paytaxt ərazisində sənədsiz evlərin sayının 450-600 min arasında olduğu bildirilir.
 
"Vətəndaşların belə mənzillərə "Çıxarış” ala bilməmələrinin əsas səbəbi isə ərazi ilə bağlı yaranan problemlərlə əlaqələndirilir. Çünki həyət evləri çox zaman kənd təsərrüfatı, yaxud sənaye əhəmiyyətli, habelə digər kateqoriyalı sahələrdə tikilir. Həmçinin bələdiyyələr tərəfindən bir çox hallarda müxtəlif dövlət mülkiyyətindəki torpaq sahələri vətəndaşlara qeyri-qanuni satılır. Düzdür, dövlət başçısının müvafiq tapşırığına əsasən, evlərin sənədləşdirilməsi ilə bağlı müəyyən addımlar atılıb. Lakin problemi qısa zamanda tam həll etmək mümkün olmayıb. Çünki saysız-hesabsız yaşayış sahələri xüsusi mühafizə xətlərində–neft müqaviləsi zonalarında, magistral su və qaz kəmərləri keçən ərazilərdə, elektrik xətləri altında yerləşən nöqtələrdə salınıb. Belə yerlər son dərəcə təhlükəli sayıldığından bu sahələrdəki evlərin  mülkiyyətinin tanınması, "Çıxarış”la təmin olunması gerçəkləşdirilməyib. 

Ekspert bildirir ki, hazırda təkcə Bakı şəhəri və Abşeronda təxminən 600 minə yaxın,  regionlarda isə 200 min mənzilin sənədləşdirilməsinə ehtiyac var. Onu da deyək ki, bu rəqəmlər kommunal xidmətlərlə müəyyənləşdirilir. Belə ki, məsələn, ölkədə elektrik enerjisi verilən mənzillərin sayının 3 milyona yaxın olduğu bildirilir. Bu, respublikada qanuni sənədlər əsasında tikilməsinə baxmayaraq, mülkiyyət sənədi verilməyən mənzilləri, habelə qanunsuz tikililəri əhatə edir.
 
Yusif bəyin yaşadığı Ələt qəsəbəsinin bələdiyyə sədri Azad Musayev anews.az-a açıqlamasında söyləyir ki, qeydiyyata düşmək üçün evin gərək çıxarışı olsun. Çıxarış verilmə prosesi isə hələ ki dayandığına görə, qeydiyyata sala bilmirik.

''Yusif bəy illər öncə bələdiyyə torpağı kimi bu ərazini  etibarnamə ilə alıb və orada ev tikib. Ancaq hazırda qeydiyyatında problem yaşayır.  Qeydiyyata düşmək üçün evin gərək çıxarışı olsun. Çıxarış verilmə prosesi isə  hələ ki dayanıb. Hazırda bu məsələyə məhkəmə baxır. Məhkəmə araşdırma apararaq,  aidiyyatı üzrə qeydiyyat prosesini həll edir.  Vətəndaşın evi özünə məxsus olduğu sübut edildikdən sonra qeydiyyat salınır",- bələdiyyə sədri vurğulayıb

Bəs görəsən, evinin çıxarış sənədi olmayan, başqa cür desək, "kupça”sız evdə yaşayanların qeydiyyat məsələsində  qeydiyyata düşməkdə çətinlik çəkənlər evlərinə qeydiyyata düşə bilərlərmi? Bunun üçün nə etməlidirlər?
 
Bu barədə  AR Vəkillər Kollegiyasının üzvü Vəkil Roman Qaraşov cavablandırıb.

O bildirib ki, hazırda paytaxtda tikilən fərdi yaşayış evlərinin böyük bir hissəsi uzun illərdir ki, dövlət qeydiyyatına alınmayıb və həmin evlərdə yüz minlərlə vətəndaş yaşayır ki, onların sadəcə yaşayış yerindən arayış alması çox böyük çətinliyə səbəb olur.

"Qanunla bu cür evlərdə qeydiyyat məsələsi mümkünsüz olsa da, məhkəməyə müraciət edərək müsbət qərar almağa nail olan vətəndaşlar da var. Çünki hüquqlar Daşınmaz Əmlakın Reyestri Xidmətində qeydiyyata alınmayıbsa "mövcud olmayan tikiliyə” necə qeydiyyata alınmaq olar?! Lakin vətəndaşlarımız bəzən yaşayış yerindən arayış alaraq Daxili İşlər Nazirliyinin yerli qeydiyyat orqanlarına müraciət edirlər ki, onları həmin ünvanda qeydiyyata alsınlar, həmin orqandan qeydiyyatın mümkün olmaması barədə imtina məktubu alaraq məhkəmələrə üz tuturlar. İnzibati məhkəmələrdə baxılan bu cür işlərdə isə məhkəmələr çarəsiz vəziyyətdə qalan vətəndaşlara kömək etmək üçün faktiki tikililərə bəzən qeydiyyata alınmaqla bağlı müsbət qərarlar qəbul edirlər. Lakin bu vəziyyətdən çıxış yolu deyil, çünki müsbət nəticələnməyən çoxsaylı bu cür situasiyalar da var”,- o  bildirib.
 
Bakının Ələt qəsəbəbinin ərazi üzrə deputatı Aydın Hüseynov sğzlərinə görə, məsələ artıq nəzarətindədir. Yaxın zamanda öz həllini tapacaq.

Konstitusiyanın 28-ci maddənin tələbinə görə, hər bir şəxs Azərbaycan ərazisində müstəqil hərəkət edə, özünə yaşayış yeri seçə bilər. Bütün bu məsələlər isə 1996-cı ildə qəbul edilmiş «Yaşayış yeri və olduğu yerdə qeydiyyat üzrə Azərbaycan Respublikasının Qanunu»na əsasən tənzimlənir. Həmin sənədə görə, vətəndaş olduğu yer üzrə qeydiyyata düşməlidir. Sözsüz ki, Qanunda bununla bağlı yerli və xarici vətəndaşlar üçün müəyyən müddət də nəzərdə tutulur. Amma ümumilikdə sözügedən qanunun 1-ci maddəsinə görə, ölkə vətəndaşları üçün qeydiyyat məcburi sayılmır.
 
"Bu yazı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı tərəfindən həyata keçirilən "Azərbaycanda Həssas Qrupların Hüquqlarının Müdafiəsi” layihəsi çərçivəsində İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinin icra etdiyi "Həssas insanların sosial təminat hüquqlarının təşviqi və səmərəli müdafiəsi üçün yerli bacarıqların artırılması” qrant layihəsi üzrə keçirilən müsabiqəyə təqdim olunur. Məqalədə istifadə edilən məzmun heç bir halda Avropa İttifaqı və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının mövqeyini əks etdirmir”.
 
 
Aytac Zeynalova
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb