XİN Ballıqaya qətliamı ilə əlaqədar paylaşım edib

10:28 | 28.08.2023
XİN Ballıqaya qətliamı ilə əlaqədar paylaşım edib

XİN Ballıqaya qətliamı ilə əlaqədar paylaşım edib

31 il əvvəl avqustun 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Goranboy rayonunun Ballıqaya kəndində 6-sı azyaşlı olmaqla 24 mülki azərbaycanlı qətlə yetirilib. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Ballıqaya qətliamının 31-ci ildönümü ilə əlaqədar paylaşımında qeyd olunub.

"Qətlə yetirilənlər arasında 6 aylıq körpə və 93 yaşlı qadın da var", - paylaşımda qeyd olunub.
 
Ötən əsrin 90-cı illərində Bağanis Ayrım (24.03.1990), Kərkicahan (1991), Meşəli (22.12.1991), Qaradağlı (14-17.02.1992), Başgüneytəpə (06.1991-03.1992), Ağdaban (08.04.1992), Ballıqaya (28.08.1992), Başlıbeldə (18.04.1993) azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların üzərindən 31 il ötüb. 
 
Politoloq  Şəbnəm Həsənova bildirir ki, Ballıqaya faciəsi tarixin ən ağır səhifələri kimi Azərbaycanın yaddaşında qalıb.

"Azərbaycana qarşı Xocalı soyqırımı və digər ərazilərdə baş verən kütləvi qırğınları törədən Ermənistan hələ də cəzalandırılmayıb. Ermənilər tarix boyu Azərbaycana qarşı ərazi iddiaları irəli sürüb. Bunun nəticəsidir ki, Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlıları kütləvi şəkildə məhv etmək niyyəti ilə qırğın aktları törədiblər. Xocalı soyqırımı daxil olmaqla Daşaltı, Ballıqaya, Kərkicahan  kimi soyqırım cinayətləri hələ də dünya birliyi tərəfindən qəbul edilmir. Ermənilərə qarşı hüquq çərçivəsində bir çox cinayət işləri açılıb və cinayəti törətməkdə şübhəli bilinən şəxslər beynəlxalq axtarışdadır. Ballıqaya qətliamı azərbaycanlılara qarşı törədilən ən ağır cinayətlərdən biri sayılır",- politoloq əlavə edib.
 
Ballıqaya qətliamı 1992-ci ilin avqustun 28-də səhər saat 5 radələrində  Goranboyun Ballıqaya kəndində baş verib. Hadisə günü Ermənistan ordusunun 10-12 nəfərdən ibarət diversiya dəstəsi əraziyə daxil olaraq 24 nəfəri qətlə yetirib, 9 nəfəri isə ağır yaralayıb. Qətlə yetirilən və ağır bədən xəsarəti alan şəxslərin hamısı heyvandarlıqla məşğul olan mülki şəxslər, çobanlar və onların ailə üzvləri olub.
 
Ermənilər Xocavəndin Qaradağlı, Kəlbəcərin Ağdaban kəndində azərbaycanlı əhalisini kütləvi şəkildə məhv etmək niyyəti ilə silsilə qırğın aktları törədiblər.
 
1992-ci il fevralın 25-dən 26-na keçən gecə 9sə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı törətdiyi ən qanlı soyqırım Xocalıda baş verib. .
 
Xocalı soyqırımı nəticəsində  613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.  613 nəfərdən 63-ü uşaq, 106-ı qadın, 70-i isə qoca olub. Bundan başqa 76-ı uşaq olmaqla, 487 nəfər yaralanıb, 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
 
İndiyədək ABŞ-ın 22 ştatı Xocalını qətliamını tanıyıb.  Bu hadisə Azərbaycanda "Xocalı soyqırımı" və "Xocalı faciəsi" kimi, digər ölkələrdə isə "Xocalı qətliamı" kimi tanınır.
 
 
Aytac Zeynalova
 





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM