XİN-dən verilən məlumata görə, nazir Ceyhun Bayramov və nazir Hakan Fidan arasında təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib.
Nazir Ceyhun Bayramov qardaş Türkiyə ilə müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, hərbi, müdafiə sənayesi, enerji təhlükəsizliyi, investisiyalar, humanitar, təhsil, mədəniyyət və s. sahələr üzrə münasibətlərin inkişaf dinamikasının məmnunluq doğurduğunu qeyd edərək, dostluq, qardaşlıq, qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan müttəfiqlik əlaqələrimizin bölgədə sabitliyin qorunmasında vacib rol oynadığını diqqətə çatdırıb.
Təməlində Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin "Bir Millət, İki Dövlət” kəlamının dayandığı qardaşlıq münasibətlərinin inkişafında hər iki ölkə liderləri arasında qarşılıqlı təmasların mühüm əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb.
Cari ildə imzalanmasının ikinci ildönümünü qeyd etdiyimiz "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”nin ölkələr arasında münasibətlərin inkişaf tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən nazir Ceyhun Bayramov, bundan sonra da əlaqələrimizin genişləndirilməsi istiqamətində əməli addımların atılacağını əminliklə vurğulayıb.
Post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın sülh gündəliyinin 3 istiqaməti olan sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və regional kommunikasiyaların açılması sahələrində apardığı fəaliyyəti, habelə Ermənistanın mövcud sülh gündəliyinin irəlilədilməsinə hədə törədən təxribatları barədə qarşı tərəfi ətraflı məlumatlandırıb.
Ermənistanın destruktiv mövqeyi və addımlarına baxmayaraq, Azərbaycanın sülh gündəliyini irəli aparmaq əzmində və niyyətində olduğu diqqətə çatdırılıb. Bu xüsusda, bölgədə bütün kommunikasiyaların açılması istiqamətində görülən işlərin əhəmiyyətindən bəhs edən nazir Ceyhun Bayramov, bağlantıların bərpasının Azərbaycan və Türkiyə arasında əməkdaşlığı daha da gücləndirəcəyinə dair inam ifadə edib.
Türkiyə xarici işlər naziri Hakan Fidan ortaq tarixə, mədəniyyətə və dəyərlərə sahib ölkələrimiz arasında mövcud münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini diqqətə çatdırıb. İki ölkənin ən çətin günlərdə daim bir-birini dəstəkləməsinin qardaşlığımızın yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapmasının göstəricisi olduğu bildirilib.
Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin, o cümlədən sülh gündəliyinin irəlilədilməsi istiqamətində görülən işlərin bölgədə davamlı sülhün bərqərar edilməsində mühüm rol oynadığı vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra keçirilmiş mətbuat brifinqində nazirlər görüşün nəticələrinə dair bəyanatlarla çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !