“Xruşşovka”lar da sökülə bilər

14:36 | 26.02.2015
“Xruşşovka”lar da sökülə bilər

“Xruşşovka”lar da sökülə bilər

Yeni ailə quran Bakı sakini Cavib Babayev yaşadığı binaya görə narahatdır.

 31 yaşlı Cavid Babayev Biləcəri qəsəbəsində "Xruşşovka” layihəli binada yaşayır. Onu narahat edən isə yaşadığı binanın sökülməsilə bağlı gəzən söz-söhbətlərdir.

"Bir neçə dəfə gəlib binaya baxıblar. Deyirlər ki, guya binalar istismar müddətini keçib. Düzdür binanın söküləcəyi barədə dəqiq bir söz demirlər. Biz də narahat oluruq. Yaxşı binanı sökəndə, bizim halımız necə olacaq. Binanı sökməkdənsə onu möhkəmləndirsələr?”, - deyə Cavid Babayev bildirib.

Qeyd edək ki, bir neçə ildir ki, paytaxtdakı "xruşşovka” layihəli binaların istismar müddətini keçdiyi barədə söhbətlər yayılıb. 

Sakinləri isə narahat edən bircə məsələ var. Həqiqətənmi "xruşşovka” layihəli binalar istismar müddətini başa vurub? Mütəxəssislər yayılmış fikirlərin həqiqətə uyğun olmadığını deyirlər. Memar Maqsud Xudiyev ANS PRESS-ə açıqlamasında bildirib ki, "xruşşovka” layihəli binalar tikilərkən şərti olaraq onların istismar müddəti 40-50 il kimi göstərilib.

"Ümumiyyətlə "xruşşovka”ların və digər panel evlərin istismar müddətinin başa çatması barədə deyilənlərin heç bir əsası yoxdur. Beton binaya konkret istismar müddətinin qoyulması doğru deyil. Hər şey real şəraitdən asılıdır. Nəzəri baxımdan beton binaların istismar müddəti yüz illərlə ölçülür. Amma hər hansı bina normal istismar edilmədikdə yararsız hala salına bilər. Bakıda tikilmiş panel evlər yaxşı istismar edilərsə, 400-500 il əhaliyə xidmət göstərə bilər: "Sadəcə, binalara yaxşı baxmaq lazımdır. Zirzəmiyə yığılan su vaxtında yığılmalıdır”, - deyə mütəxəssis bildirib.

Mütəxəssisin dediklərini tikinti nəzəriyyəsi və MDB məkanında son illərdə aparılmış tədqiqatlar da göstərir. Qazaxıstanın Almatı şəhərində yapon mütəxəssisləri tərəfindən aparılmış müayinə panel evlərin zəlzələyə ən davamlı olduğunu ortaya çıxarıb. 

Bakıda da belə faktlara rast gəlmişik. Məsələn Bakı Dövlət Universitetinin yataqxanalarının sökülmə prosesinə diqqət yetirəndə gördük ki, bu elə də asan olmadı. Binalar o qədər möhkəm idi ki, hətta ekskavatorla vurulan zərbələr tikiliyə təsir etmirdi. Yataqxanaları uçurmaq üçün xeyli əziyyət və vaxt sərf olundu. Bundan başqa, "Elmlər Akademiyası" yaxınlığında sökülən daş bina da möhkəmliyilə seçilirdi. Hətta söküntü zamanı bulduzerin binanın üstünə çıxarmışdılar. Amma binanı sökmək buldozerçiyə çox baha başa gəlmişdi. Bütün sadaladığımız faktlar paytaxtda köhnə tikililərin əslində nə qədər möhkəm olmasına bir sübutdur. 

Məsələ ilə bağlı rəsmi qurumlardan da bildirilir ki, Bakıdakı "xruşşovka” layihəli binaların sökülməsi məsələsi əsassızdır. Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət Dövlət Agentliyi Baş Dövlət Tikinti Müfəttişliyinin rəisi Xalid Nəcəfov isə ANS PRESS-ə açıqlamasında bildirib ki, əslində paytaxtdakı bu tipli binalar doğurdan digərlərinə nisbətən daha etibarlıdır.

"Əvvəllər "xruşşovka” layihəli binaların istismar müddətinin 40-50 il olduğunu bildirilirdi. Lakin tikilini qorumaqla onun istismar müddətini artıra bilərik. Gəlin tarixi binalara diqqət edək. Əsirlərdir həmin binalarda yaşayış var. İçərişəhərdəki tikililərin yaşına baxaq. Yəni istismar müddəti 40-50 il olması şərti bir şeydir. İndi 50 il keçib, durub həmin binaları yerlə-yeksək edək? Duraq indi qoca adamları öldürək? Elə qoca var min cavana dəyər”. - deyə Xalid Nəcəfov bildirib.

Xalid Nəcəfov deyir ki, 2001-ci ildə baş verən güclü zəlzələ "xruşşovka” layihəli binaların etibarlı olmasını bir daha sübut etdi. Onun sözlərinə görə, həmin yeraltı təkanlardan sonra bəzi yeni binalar zədələndi. Amma "xruşşovka” layihəli binaların çoxunda heç çat da yaranmadı.
"Hələ ki "Xruşşovka” layihəli binalar istifadə edilir. Mən mütəxəssis kimi bu tipli binaların ucdantutma sökülməsinin qəti əleyhinəym. Belə binalar istifadəyə tam yararlıdır. "Xruşşovka” layihəli binalar İstifadə olunur və istifadə olunmalıdır. Onların arasında elələri var ki, bir neçə əsr də davam gətirə bilər”, - deyə Xalid Nəcəfov vurğulayıb.

Bütün deyilənlərdən bel nəticə çıxarmaq olar ki, "xruşşovka"ların ucdantutma sökülməsi fikri kökündən yanlışdır. Bu cür binalar ayrı-ayrılıqda yoxlanıldıqdan sonra nəticəyə əsasən sökülə bilər. Zirzəmisində su olan binaların ilkin olaraq suyu qurudulmalı və binanın özülü möhkəmləndirilməlidir. Bərkidilməsi mümkün olmayan binalar isə əhaliyə lazımınca kompensasiya ödəndikdən sonra sökülə bilər. Bakıya növbəti nizamsız kütləvi söküntü bumu heç lazım deyil. 

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM