Yaşar Nurinin anım günüdür

13:29 | 22.11.2017
Yaşar Nurinin anım günüdür

Yaşar Nurinin anım günüdür

Bu gün Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatı, aktyor Yaşar Nurinin anım günüdür.

Anews.az xəbər verir ki, Y.Nuri 1951-ci il sentyabr ayının 3-də Bakıda tanınmış aktyor Məmmədsadıq Nuriyevin ailəsində dünyaya gəlib.

Aktyor səhnəyə ilk dəfə on bir yaşında "Toy kimindir?” (dramaturq Məhərrəm Əlizadə) tamaşasında Tapdıq rolunda çıxıb.

O, 1968-ci ildə Bakıdakı 173 nömrəli orta məktəbi bitirib, Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) dram və kino aktyorluğu fakültəsinə daxil olub.

Tələbəlik illərində  "Sevil”də Balaş, "Toy”da Salmanov, "Günahsız müqəssirlər”də Neznamov və b. obrazlar yaradıb.

1972-ci ildə institutu bitirdikdən sonra 1 il orduda xidmət edib və institutun tədris teatrında aktyor işləyib. 1974-cü il dekabr ayının 1-də Akademik Milli Dram Teatrının baş rejissoru Tofiq Kazımovun dəvəti ilə bu kollektivin aktyor truppasına qəbul olunub.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşa, bədii kompozisiya, satirik səhnəciklərdə iştirak edib.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı "Dörd bazar günü” filmində yaratdığı Seyran obrazı Yaşar Nurinin kinoda ilk işi olub.

Yaşar Nurinin obrazlar kolleksiyasından söz açdıqda onun "Yaramaz”dakı Maşallahını, "Lətifə”dəki Məmmədini, "Qətl günü”ndəki Mahmud doktorunu, "Nə Gözəldir Bu Dünya...”dakı Asim Əliyeviçi, "Hər Şey Yaxşılığa doğru”, "Nakəs”, ""Fransız”, "Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq xatırlamalıyıq.

Yaşar Nuri uzun sürən xəstəlikdən sonra 22 noyabr 2012-ci ildə Bakı şəhərindəki Dövlət Gömrük Komitəsi Tibbi Xidməti İdarəsinin Mərkəzi Gömrük Hospitalında vəfat edib.

A.S.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM