Yaxın aylarda sülh müqaviləsi imzalana bilər - Paşinyan

12:37 | 26.10.2023
Yaxın aylarda sülh müqaviləsi imzalana bilər - Paşinyan

Yaxın aylarda sülh müqaviləsi imzalana bilər - Paşinyan

Yaxın aylarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalana bilər. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 
 
"İndi biz Azərbaycanla sülh və münasibətlərin nizamlanması haqqında saziş layihəsi üzərində işləyirik. Ümid edirəm ki, yaxın aylarda bu proses uğurla başa çatacaq. Bu prinsiplərə əsaslanaraq, yaxın aylarda Azərbaycanla sülh və münasibətlərin qurulması haqqında saziş imzalayacağıq", - baş nazir Tbilisidə keçirilən "İpək Yolu” beynəlxalq forumunda bildirib. 
 
Paşinyan bir daha təsdiqləyib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq ərazi bütövlüyünü tanıyıblar və 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında Ermənistan və Azərbaycan sərhədlərinin delimitasiyası barədə razılığa gəliblər.
 
Hazırda Tbilisidə keçirilən "İpək Yolu” beynəlxalq forumunda Azərbaycan tərəfini baş nazir Əli Əsədov təmsil edir. 
 
Oktyabrın 25-də Avropa İttifaqının rəsmisi ayın sonunda Brüsseldə Azərbaycanla Ermənistanın liderlərinin keçiriləcəyi görüşün təxirə düşdüyünü açıqlayıb. 
 
Oktyabrın 10-da Prezident İlham Əliyev Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, Ermənistanın Azərbaycanla sülh müqaviləsi bağlaması üçün tarixi şərait yaranıb. 
 
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşməsi üçün razılığı olduğunu qeyd edib. 
 
Bundan əvvəl Rusiya prezidenti Putin də açıqlamasında bildirib ki, Moskva iki ölkənin sülh müqaviləsinin imzalanması üçün dəsətək göstərməyə hazırdır. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçtərəfli bəyanata əsasən dayandırılıb. Bundan sonra Azərbaycan və Ermənistanın rəhbər şəxsləri sülh imzalanması istiqamətində bir neçə görüşlər həyata keçirib. 
 
Azərbaycan tərəfi sonuncu dəfə sülh sənədini Ermənistana göndərib. Ermənistan tərəfi həmin sənəd üzərində işlədiyini vurğulayıb. 
 
Sentyabrın 28-də Qarabağın separatçı rəhbəri Samvel Şahramanyan 2024-cü il yanvarın 1-dən qondarma rejimin ləğv olunması ilə bağlı qərar qəbul edib. 
 
Gülnar Nazimqızı 
 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti