Yeni il keçirmək Azərbaycan ailəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA

09:17 | 31.12.2021
Yeni il keçirmək  Azərbaycan ailəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA

Yeni il keçirmək Azərbaycan ailəsinə neçəyə başa gəlir? - ARAŞDIRMA

2021-ci ilin son gününü yaşayır, 2022-ci ili qarşılamağa hazırlaşırıq. Bu gün artıq evlərdə bayram süfrəsi açılıb. Hər il hələ bayram öncəsindən bazar və yarmarkalarda qiymət dəyişikliyi müşahidə olunur. Bu il də bu tendensiya özünü göstərdi. 
 

Bəs, Bakı sakinlərinin bazardakı qiymətlərə münasibəti necədir?
 

Paytaxt sakini Əlövsət Məmmədovun sözlərinə görə, bu il qiymətlərdə kəskin artım müşahidə olunur.
 
"Bayram bazarlığı etməyə sadə dildə desək məcburuq. Bu bazarlığa həm süfrəni doldurmaq, həm evi bəzəmək daxildir. Evi bəzəmək üçün yolka, zər, şar, işıq almışam. Təxminən 70 manat xərcim çıxıb. Keçən il də almışdım. Onda 45-50 manat arası pul ödəmişdim. Onda düşünürdüm ki, bahadır. Amma indi həmin günə şükür edirəm. Uşaqlarım dəcəl olduğu üçün keçən il aldığım yolkanı "parçaladılar". Bəlkə də keyfiyyətsiz idi. Bu başqa müzakirə mövzusudur. Eyni ölçüdə yolkaya bu il 15 manat artıq pul ödədim. Kasıbı düşünən yoxdur" , - deyə o təəssüfləndi.
 
Məmmədov minumum əmək haqqından ( red. 2020-ci il üçün 270 m) 200 manat artıq maaş alır, bu da bayram günlərində onun dolanışığına və əhvalına mənfi təsir edir. Onun sözlərinə görə, bayram bazarlığına da keçən il ilə müqayisədə 50 faiz çox pul ödəyib.
 
"Hər Azərbaycan ailəsi kimi mən də bayramda süfrəmdə düyü, paytaxt salatı və toyuq olsun istəyirəm. Hələ imkanım olsa daha da zəngin edərəm. Amma təəssüf ki, ancaq sadaladığım təamları bişirmək üçün lazım olan məbləğ büdcəmə zərbədir. Bu il təkcə 2 günlük bayram süfrəm üçün 200 manat xərcləmişəm. Keçən il 400 qram mal ətinə 5 manat vermişdimsə, bu il 7, 50 vermişəm. Qoyun əti də bahalaşıb. Bu il 9 manata bir az ət ala bilmişəm. Meyvə-tərəvəzdə qiymət artımı çox deyil. Adamın Allahı var bu il bahalaşmayıb. Amma ərzaqlar od tutub yanır. Bizim imkanımız bunları ödəməyə çatmır", - deyə o bildirdi.
 
2 uşaq atasının digər narazı olduğu durum isə yeni il şənliklərinin bilet qiymətlərinin baha olmasıdır. O düşünür ki, yeni ildə uşaqları sevindirmək əsas meyar olsa da, övladları həmin şənliklərə iştirak edə bilmir. 
 
"1 uşaq üçün biletin qiyməti 12 manat olan bayram şənlikləri var. Yaxşı şənliklərin qiyməti isə daha bahadır. İki uşağa xərcləyəcəyim məbləğ mənim bir günlük qazancımdan çoxdur. Məcbur qalıb uşaqları göndərə bilmirəm, onlar da haqlı şəkildə məndən küsürlər", - deyə Əlövsət Məmmədov bildirirdi.
 
Əlövsət Məmmədovdan başqa yeni il bazarlığı edən 5-6 paytaxt sakini ilə də həm söhbət olduq. Onların hamısı cari ildəki qiymətlərdən narazıdır. 
 
Həmsöhbət olduğumuz Bakı sakinlərindən yalnız yeni evlənən cütlük (red. adlarının anonim qalmasını istədilər) bazar qiymətlərinin büdcələrinə uyğun olduğunu bildirdi. 

"Müharibə və pandemiyanın kəskin dönəmindən çıxmış xalq kimi hər şeydən narazı olmaq lazım deyil. Bazar qiymətləri normaldır, çünki paralel olaraq minimum əməkhaqqı artır, müxtəlif sahələrdə çalışanların maaşları yüksəlib. Bazarda da buna uyğun artım var və bu normaldır. Bəlkə də övladımız olsa  idi, düşüncəmiz fərqli olardı. Amma cari durumdan tam razıyıq. Bizim bayram bazarlığımıza 170 manat xərcimiz çıxıb", - deyə xanım vurğuladı, həyat yoldaşı da onun sözlərini təsdiqlədi. 
 
Paytaxt sakininin sözlərinə əsasən, 4 nəfərlik bir ailənin bayram keçirməsi üçün 270 manat, əlavə gəzintilərə çıxıldığı təqdirdə 300 manat lazımdır. 

 
Sakinlərin sözlərində yola çıxaraq bir neçə bazara üz tutduq ki, qiymətləri müqayisə edək. 
 
Bayram bazarlığına xərclənən məbləğin miqdarı bazar və mağazaların yerləşdiyi əraziyə görə dəyişir. 


 
Sədərək Ticarət Mərkəzində 11 manata satılan şam ağacı, şəhərin mərkəzində yerləşən 28 Mall Ticarət Mərkəzində 38 manata satışa qoyulub. Bu fərq ərzaqlarda özünü göstərmir. Yalnız supermarketlər şəbəkəsi ilə yarmarkalar arasında müəyyən qədər qiymət fərqi var ki, yarmarkalarda ərzaqlar daha ucuzdur. 
 
Sədərəkdə və yarmarkalarda qiymətlər bir-birinə yaxındır. 60 sm-lik yolka - 6 manat, 90 sm - 11 manat, 1,5 m ölçüdə - 37 manat, 1,2 m - 23 manat, 1,80 m ölçüdə olan yolkalar 57 manata satılır. 3 metr hündürlüyündə yolkanın qiyməti 600, 850, 1200 manat arasında dəyişir. Yolkanın bəzədilməsi üçün oyuncaqların qiyməti isə 3 manatdan 20 manatadək dəyişir. Daha iri ölçüdə olan yolka oyuncaqları isə 22-25 manata satılır. Zərlərin pərakəndə satışı 50 qəpikdən, topdan satışı isə 30 qəpikdən başlayır. Yolka işıqlarının qiyməti uzunluğuna görə dəyişir. Topdan qiyməti 1 manatdan, pərakəndə qiyməti isə 2 manatdan başlayır. Daha bəzəkli rəngli işıqların ən ucuzunun qiyməti 7 manatdan 25 manata qədərdir.
 


 
Şarların topdan qiyməti 3 qəpik olsa da, pərakəndə şəkildə 10 qəpik idi. Hazırda ən çox təlabat 2022-ci ilin rəmzi olan pələng oyuncaqlarınadır. Bu oyuncaqların ən kiçiyi 3 manata, ən böyüyü isə 12 manata satılır. Bundan əlavə, yeni ilin atributlarından olan Şaxta baba və Qar qız aksesuarların da qiyməti ölçüsündən asılı olaraq 7-26 manat arasında dəyişir. Ən bahalı şaxta baba 120, qar qız isə 95-130 manata satılır.  Yumşaq oyuncaqların ən ucuzunun qiyməti 3 manat 50 qəpik, bahalılarının isə 20 manatdan 80 manata qədər dəyişir. 
 

Bakının mərkəzində olan iri ticarət mərkəzləri, mağazalarda bu qiymətlər azı 10-20 faiz daha çoxdur. 
 
Həm yarmarka, həm bazar, həm də mərkəzi mağazalarda olan satıcıların əksəeiyyəti bu il az məhsul gətirdiklərini və qiymətlərdə bahalaşma olmadığını dedi. Alıcıların əksəriyyəti isə əksini düşünür. 
 
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət və Xidmət Departamentindən bildirilib ki, dekabrın 2-dən Bakının 12 rayonunda 20-yə yaxın bayram çadırı qurulub.

 
Yarmarkalarda şam ağacının qiyməti böyüklüyündən və formasından asılı olaraq 10 manatdan 90 manata qədər dəyişir. Şam ağacını bəzəmək üçün lazım olan bəzəklərin qutusu isə 2 manatdan başlayır. Zərlər hər biri 50 qəpikdən 5 manata, şar qiymətləri isə 1 dənəsi 10-20 qəpik arası dəyişir.Yarmarkada şam ağacı işıqlarının qiyməti uzunluğundan asılı olaraq dəyişir. İşıqların qiyməti 4 manatla 40 manat arasındadır. Əgər evinizi daha da gözəlləşdirmək istəsəniz, bu zaman süni qarlar da ala bilərsiniz. Süni qarların qiyməti isə 2 - 3 manat təşkil edir. Yeni il üçün sadə oyun maskalarının qiyməti 50 qəpikdən başlayır, 10 manata kimi davam edir. Keyfiyyətli oyun maskası almaq üçün azı 2 manat xərcləməlisiniz. Yeni il papaqları 2 manatdan 8 manata kimidir. 

 
Bayram süfrəsini bəzəyən ərzaqları da yarmarkalardan daha ucuz qiymətə tapmaq mümkündür. 
 
Bazarlarda qoz ləpəsinin kilosu 19-32 manat, fındıq ləpəsi isə 17-25 manat arasıdır. Qərzəkli qozun bir kiloqramı 7 manata, fındıq isə 6 manatadır. Düyünün kilosu 8-16, ərik qurusu 8-11, kişmiş - 7-15, gavalı 7-9 manata təklif olunur. Badam ləpəsi 25, qabıqlısı isə 8 manatdır. Püstə 26 manata, araxis 6 manata satılır.

Mal əti 12 manata, qoyun əti isə 14 manatadır.  Hind quşunun bir kiloqramı 15 manat, kənd toyuğu 8 manat, qaz 11 manat, balığın qiyməti isə növlərinə görə 9 manatdan 35 manatadək dəyişir. Kartof 1 manata, soğan 70 qəpiyə, pomidor 3 manat 50 qəpik-5 manata, xiyar 3-6 manata təklif olunur. 

Standart 4-5 nəfərlik ailəyə növbəti günə qalmaq şərti ilə hazırlanan "Paytaxt" salatının xam çəkisi təxminən 2,7 kq olacaq və salatın qiyməti 12 manat təşkil edəcək. Bu, dekabrın əvvəli ilə müqayisədə 1,8% azdır. Qiymət artımlarına gəldikdə, aylıq müqayisədə təzə xiyarın qiymətində 50 faizədək artım baş verib . Yeni il qabağı mağazaların təklif etdiyi endirimlər fonunda yaşıl noxud və mayonezin ortalama qiymətləri isə 10 faiz aşağı düşüb. 

Ərzaqların qiymətləri aşağıdakı kimidir:
 
300 qram turşu xiyar - 1 manat
400 qram yaşıl noxud - 2 manat
500 qram kartof - 70 qəpik
400 qram kök - 40 qəpik
4 yumurta - 68 qəpik
300 qram toyuq filesi - 2 manat 30 qəpik
250 ml xama - 1 manat
400 ml mayonez - 2 manat 40 qəpik
400 qram təzə xiyar - 1 manat
2 dəstə şüyüd - 40 qəpik
 
"Kənddən-şəhərə" yarmarkasında qiymətlər nisbətən daha aşağıdır.
 
Meyvələrdən alma 60 qəpik-3 manat, armud 50 qəpik-2 manat 80 qəpik, nar 1 manat 30 qəpik-2 manat 50 qəpik, heyva 1 manat-1 manat 20 qəpik, naringi 1 manat 80 qəpik-2 manat 20 qəpik, portağal 1 manat 80 qəpiyə satılır. Qabıqlı qoz 4 manat 50 qəpik-6 manat, fındıq 7 manat 50 qəpikdir. Qoz ləpəsi 8-14 manat arası, fındıq ləpəsi isə 13-15 manatdır. Püstə 24 manata, badam ləpəsi isə 22 manatdır. Qara kişmiş 8-14 manat, sarı kişmiş isə 6-14 manata təklif edilir. Ərik qurusu 6-11 manata, gavalı qurusu 4-5 manatadır. Yarmarkada düyünü 3 manat 50 qəpiyə-4 manata, mal əti 9, qoyun əti 10 manata satılır. Kənd toyuğu 5-6 manat, hinduşka əti 13, qaz və ördək 9 manatadır. Kartof 60-70 qəpik, soğan 55 qəpik, kələm 45 qəpik, kök 50-70 qəpiyədir. Çuğundur 60 qəpiyə, pomidor 2-2 manat 50 qəpiyə, xiyar 2 manar 30 qəpik, brokkoli 2 manat 30 qəpikdir. Göyərtinin bir dəstəsi isə 15 qəpikdir. Kənd yumurtası 25 qəpik, kərə yağı 15 manatdır. 
 
Alıcılarla yanaşı satıcılar da supermarketlərdə qiymətlərin daha baha olduğunu bildirdi. Satıcıların sözlərinə görə, iki kiloqramlıq düyü paketlərinin qiyməti 8 manatadək bahalaşıb. Satıcılar ötən həftə qiymətin 7 manat olduğunu bildirdi. Kərə yağının qiyməti isə 16 manatdan 17 manat 80 qəpiyədək bahalaşıb. Qiymət artımı çərəzlərdə  və meyvə qurularında da baş verib. Mağazalarda qoz ləpəsinin qiyməti 14 manatdan 17 manatadək yüksəlib. Fındıq ləpəsi isə 17-19 manatdır. 
 
Dövlət  Statistika Komitəsinin məlumatına əsasən 2021-ci ilin noyabrında istehlak səbətinə daxil olan məhsul və xidmətlərin dəyəri 1,5 faiz, 2020-ci ilin noyabr ayına nisbətən isə 11,1 faiz artıb.

Məlumata əsasən, ötən ilin noyabrı ilə müqayisədə 2021-ci ilin noyabr ayında çörək, çörək məmulatları və yarmalar 9,5 faiz, ət və ət məhsulları 3,5 faiz, balıq və balıq məhsulları 10,3 faiz, süd və süd məhsulları, yumurta 13,3 faiz, kərə və bitki yağları 12,5 faiz, meyvələr 11 faiz, tərəvəzlər 59,1 faiz, qənd, cem, bal, şokolad və konfetlər 12 faiz, digər kateqoriyalara aid edilməyən ərzaq məhsulları 8,9 faiz, çay, qəhvə və kakao 7,9 faiz, mineral sular, sərinləşdirici içkilər və şirələr 6,5 faiz, araq, konyak 3,6 faiz, çaxır 5,8 faiz, pivə 4,1, tütün məmulatları 8,2 faiz bahalaşıb.

Son bir ay ərzində (noyabr) qiymətində 3 faizdən çox artım müşahidə olunan ərzaq məhsullarından xüsusilə ağartıları - süd, qatılaşdırılmış süd, yoğurt, xama, qatıq, ayran, pendir növləri, kəsmik, yumurta və kərə yağı qeyd etmək lazımdır. Həmçinin ölkədə bir ay ərzində qarabaşaq yarmasının, meyvələrdən banan, armud, qurudulmuş meyvələrdən əriyin qiymətində artım olub. Çərəzlərdən qoz, tərəvəzlərdən ağ kələm, xiyar, pomidor, badımcan, şirin bibər, sarımsaq, soğan, kartof, qara noxud, mərci və şəkər tozunun qiyməti daha çox artıb.

Oktyabr göstəricilərinə görə, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 6,7 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,0 faiz təşkil edib. Cari ilin oktyabrında istehlak qiymətləri indeksi əvvəlki ilin oktyabr ayına nisbətən 10 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları 13,1 faiz, qeyri-ərzaq məhsulları 6,7 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər 8,4 faiz bahalaşıb.
 
Qlobal bazarda isə bahalaşma davam edir. Birləşmiş Millətlər Təşkilaytının  Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına əsasən oktyabrda qlobal ərzaq indeksi sentyabrdakından 3,9 bənd, ötən ilin oktyabrındakından isə 31,8 bənd yüksək olmaqla 133,2 bəndə çatıb. Bu bahalaşmanın əsas səbəbi isə bitki yağları və taxıl qiymətlərindəki yüksəlişdir. Həmin dövrdə taxıl qiymətləri indeksi əvvəlki ayla müqayisədə 4,3 bənd, ötən ilin eyni dövrünə nisbətən isə 25,1 bənd yüksələrək 137,1 bəndə çatıb. 

Ərzaq qiymətlərinin qlobal səviyyədə bahalaşması Azərbaycana idxal olunan məhsulların qiymətində özünü büruzə verməkdədir. Rəsmi statistikaya əsasən 2021-ci ilin sentyabrında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 20,2 faiz, 2021-ci ilin yanvar-sentyabrı ərzində 2020-ci ilin yanvar-sentyabr aylarına nisbətən isə 21,5 faiz artıb.  2021-ci ilin oktyabrında 2021-ci ilin sentyabrı ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 5,1 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 8,5 faiz, heyvandarlıq məhsulları üzrə 2,0 faiz bahalaşıb.

Müşahidələrə görə, maraqlı yeni il şənlikləri üçün azı 100 manat xərclənməlidir. 

Canlı ifalar, rəqs qrupu, eləcə də yeni il personajlarının da daxil olduğu şou-proqramın qiyməti 1 nəfər üçün 100 manatdır. Bu qiymətə menyu daxil deyil. Başqa restoranda isə həm şou-proqramın, həm də menyunun birgə qiyməti 1 nəfər üçün 150-200 manat arasında dəyişir. Ənənəvi olaraq, hər il yeni il şənliyi keçirən bəzi restoranlarda bu il şou proqram tərtib edilməyəcək. Səbəb 150 nəfərlik qonaq limitidir. Restoran sahiblərinin sözlərinə görə, bu sayla yeni il gecəsi təşkil etmək sərfəli deyil. Həmin restoranların bir qismi isə menyunu və xidməti 40 faizə kimi artırılıb. 
 
Bazarlardakı qiymətlərdən gəlinən nəticəyə əsasən, şənliksiz Yeni il bayramı 4 nəfərlik Azərbaycan ailəsi üçün minimum 175-200 manat arası, şənlik və gəzintilər daxil olduğu təqdirdə  isə minimum 300-400 manata başa gəlir. 
 
Ləman Qasımova


 
1
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM