Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO

18:41 | 16.05.2022
Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO

Yay məktəblərində qiymətlər necə tənzimlənməlidir?- FOTO/ VIDEO

Azərbaycanda ən ucuz yay məktəbinin  qiyməti 150, ən bahalısı isə  2000 manatdır. Bu barədə açıq internetdə yetərincə məlumat var. 

Valideyn Sevinc Heydərova deyir ki, yay tətilində uşaqlarının vaxtlarını səmərəli keçirmələrini istəyir. Lakin buna nail olmaq elə də asan deyil.  

"Keçən il bir çox yay məktəbləri ilə maraqlandım, ancaq qiymətlər baha olduğundan övladlarımı qoya bilmədim. İki uşağım var, biri dördüncü sinifdə, digəri isə 6-cı sinifdə oxuyur. Birini düşərgəyə qoyub, digərini saxlaya bilmərəm", - Heydərova bildirib.
 



Valideyn söyləyir ki, ailənin aylıq gəliri 400 - 500 manatdır.

"Bu pul ilə həm ailəni dolandırmaq, həm də düşərgəyə göndərmək olmur. Bakıya yaxın olan düşərgələrlə maraqlandım ki, uşağı heç olmasa bir neçə günlük ora göndərim . Büdcəmə uyğun olmadığı üçün göndərə bilmədim. Azərbaycanda yay məktəbləri yoxdur. Olanlar da çox bahadır. "Cırtdan" adlı yay məktəbi ilə maraqlandım, qiyməti 450 manatdan başlayır. Belə qiymət olar? Yayda uşaqlar nə qədər evdə qalsınlar? Əgər evdə üç uşaq varsa, 250 manatdan hesablasaq, xeyli pul edir. Bir uşaq üçün 250 manat çox bahadır", - o deyir.

Heydərovanın fikrincə, sovet dövründə olduğu kimi düşərgələr təşkil olunsa, bu çətinliklə üzləşməzdi.
 
 


Bakıda özəl yay düşərgələri təşkil edən bir çox şirkətlər var. Düşərgələr 1-10-cu sinif şagirdləri  üçün nəzərdə tutulub.

Düşərgələrin qiyməti göstərilən xidmətdən asılıdır.  Xidmətə yay tapşırıqları, rəsm, gimnastika, ingilis dili, şahmat üzrə master- klasslar, piknik, film saatı, karaoke, oxu klubu, dünya mətbəxi, əyləndirici və öyrədici oyunlar, karate və tekvando məşqləri, məntiq oyunları və s. daxildir.

Bakıda fəaliyyət göstərən yay məktəbinin direktoru Nərgiz Əliyeva bildirir ki, yay məktəblərinin qiyməti valideynin seçimindən asılıdır.
 

 

"Məktəbdə qiymətlər 150-300 manat arasındadır. Qiymətlər göstərilən xidmətdən asılıdır. Biz çalışırıq ki, hər kəsin büdcəsinə uyğun qiymətlər olsun. Bu il hələlik müraciət edənlərin sayı azdır", - direktor bildirib.

Milli Məclisin deputatı Ceyhun Məmmədov anews.az-a bildirdi ki, uşaqların istirahət hüququ ilə bağlı xüsusi dövlət proqramının qəbul olunması vacibdir.
 



"Əvvələr yay məktəbləri dövlət tərəfindən təşkil olunurdu. Sovet dövrünə nəzər salsaq, məktəblilər üçün xüsusi düşərgələr hazırlanırdı. Şagirdlər vaxtlarını  düşərgələrdə səmərəli keçirərdi. Hazırda isə bir çox təşkilatlar və Təhsil Nazirliyi tərəfindən  bu məsələyə baxılır. Azərbaycanda xüsusi kateqoriya uşaqlar üçün ödənişsiz düşərgələr təşkil edilsə də,  maliyyə vəsaitinə görə bütün uşaqları əhatə edə bilmir", - millət vəkili bildirib.
 
Təhsil eksperti Kamran Əsədov deyir ki, yay fəsli uşaq orqanizminin inkişafı üçün çox əhəmiyyətlidir. Buna görə də, uşaqlar yay tətilini həm sağlamlıqları, həm də inkişafları baxımından səmərəli keçirməlidirlər.
 


 
"Valideynlər uşaqları üçün tətil planlarını əvvəlcədən tədris zamanı hazırlamalıdırlar. Yay tətili gəlib çatandan sonra uşağın 3 ayı necə keçirəcəyini planlaşdırmaq çox çətin olur. Belə olanda isə uşaq gününü ya küçədə, ya da kompüter qarşısında keçirməli olur. Əvvəllər, uşaqların yay tətilini səmərəli keçirə bilmələri üçün yay düşərgələri var idi. Sonradan onlar ləğv olundu. Nəticədə,  3 aylıq tətil var, istirahət üçün düşərgə isə yoxdur", - Əsədov deyib.
 
Əsədov bildirir ki, hazırda Azərbaycanda 1,6 milyon şagird təhsil alır.  Amma onların heç yarısı üçün  yay düşərgəsi yoxdur.
 
"Əvvəllər uşaqlar üçün tədris ilinin sonunda pioner düşərgələri fəaliyyət göstərirdi. İndi bu düşərgələr yox vəziyyətindədir. İndi məktəbliləri düşərgələrə yönləndirmək də çox çətindir.  Ümumilikdə, bu düşərgələr 9 aylıq təhsildən sonra tətil adlandırılsa da, əslində tətil, istirahət deyil, öyrəndiklərinin təcrübəsini keçmək olmalıdır. Şagirdlər 3 aylıq tətil dövründə oxumaq, yazmaq vərdişlərini yadırğamamalıdır. Hazırda düşərgələrin sayı azdır və qiymətlər reallığı əks etdirmir. Həmin düşərgələrdə adambaşına düşən maliyyələşmə kifayət qədər yüksək göstərilib. Hazırda həmkarlar ittifaqlarının nəzdində 4 uşaq düşərgəsi fəaliyyət göstərir. Həmin düşərgələrin 3 ay ərzində uşaqları qəbul etmə imkanı 3400 nəfərdir. Uşaqlar düşərgələrdə 21 gün müddətində qala bilər" , - ekspert bildirir.
 
Əsədovun sözlərinə görə,  Nabranda, Şüvəlanda "Olimp", "Şahin", "Aypara" uşaq düşərgələri ilə yanaşı Milli Elmlər Akademiyasının da uşaq-sağlamlıq düşərgələri var.
 
"Bütün valideynlər  işlədikləri müəssisələrin həmkarlar ittifaqına  hər ay 1 faiz pul ödəyir. Bu da o deməkdir ki, bu valideynlərin uşaqları uşaq düşərgələrinə böyük endirimlə getməlidir. Qanunvericiliyə görə, 180 manatlıq göndərişə valideyn 27 manat ödəməlidir. Hazırda uşaqlar üçün təşkil edilən yay düşərgələrinin səmərəsi yoxdur. Çünki yay düşərgələrində əslində maarifləndirici tədbirlər, kino nümayişləri, görkəmli şəxslərlə görüşlərin keçirilməsi, ölkə təbiətinin öyrədilməsi, ekoloji biliklərin aşılanması yox səviyyəsindədir. Sadəcə uşaqları  gəzdirir, şəkil çəkdirir və hesabat verərək işlərini bitmiş hesab edirlər. İndiki yay düşərgələri plan yerinə yetirmə və görüntü xarakteri daşıyır. Sovetlər dönəmində yay düşərgələri tamam fərqli idi.
 
Uşağın tətil vaxtı gördüyü mənzərə dəniz kənarında baş verənlər və valideynlərinin meşələrdə kabab çəkərək içki məclisi qurma mənzərələridir. Şagirdlər 9 aylıq təhsildən sonra minimum 21 gün istirahət etməsə, təbiət qoynunda olmasa, onlar yeni tədris ilinə həvəssiz başlayacaqlar. Təəssüf ki, bizdə istirahət dedikdə dənizə girmək, meşəyə getmək, yatmaq başa düşülür. Əslində isə bu, dünyada istirahətin ən son meyarlarıdır. Düşərgələrin qiymətləri, adambaşına düşən maliyyə xərcləri reallığa uyğun olmalıdır. Adambaşına 300 manat düşərgə qiyməti real qiymət deyil. Adambaşına 21 gün üçün maksimum 50-70 manatdan artıq ola bilməz", - Əsədov söyləyib.
 
Kamran Əsədovun fikrincə,  Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyəti çox aşağı səviyyədədir. Bütün bunların hamısı Təhsil Nazirliyi, Rayon Təhsil şöbələri, Şəhər Təhsil Şöbələri tərəfindən həyata keçirilməlidir.

Sözügedən məsələ ilə bağlı Təhsil Nazirliyi bildirib ki, yay məktəbləri ilə bağlı məlumat hələki  yoxdur. Bununla bağlı yenilik olduğu halda ictiamiyyətə məlumat veriləcək.

Bakı sakinləri arasında yay düşərgələrinin qiyməti barədə sorğu keçirdik. Məlum oldu ki, valideynlərin çoxunun həmin məktəblərdən xəbəri yoxdur. Bəziləri isə qiymətlərin baha olmasından şikayətləndi.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb