Yerli icma üzvlərinə ingilis dili kursları keçiriləcək - FOTOLAR

14:14 | 19.05.2016
Yerli icma üzvlərinə ingilis dili kursları keçiriləcək - FOTOLAR

Yerli icma üzvlərinə ingilis dili kursları keçiriləcək - FOTOLAR

Cənubi Qafqaz Boru Kəmərinin marşrutu boyunca yerləşən 5 - Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarında yerli icma üzvlərinə ingilis dili öyrədiləcək. Eyni zamanda həmin bu bölgələrdə orta məktəblərdə dərs keçən ingilis dili müəllimlərinin təkmilləşdirilməsi üzrə təlimlər də aparılacaq. 
 
 
ANN.Az  xəbər verir ki, layihə ingilis dilinin tədris keyfiyyətinin artırılmasını nəzərdə tutur. Məqsəd icma üzvlərinin məşğulluq imkanlarının artırılmasına kömək edəcək səriştə və bacarıqların yaradılması səylərinə dəstək olmaqdır. Layihəni "British Council" Təhsil Nazirliyi ilə birgə həyata keçirəcək. 


"BP- Azərbaycan” şirkətinin mətbuat katibi - Tamam Bayatlı
 
Mayın 19-da Park İNN otelində layihənin təqdimatı keçirilib. "BP-Azerbaijan” şirkətinin  mətbuat katibi Tamam Bayatlı qurumun həyata keçirdiyi sosial layihələr haqqında danışıb: "Təqdimatı keçirilən bu yeni layihəni  "Cənubi Qafqaz Boru Kəməri” maliyyələşdiriləcək və bu gün tərəflər arasında müqavilə imzalanacaq”.
 

"BP-Azerbaijan" şirkətinin xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli
 
 
"BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli layihənin kəmərboyu rayonlarının icmalarına dəstək olacağından, inkişaf etdirilməsinə yardımçı olmasından danışıb: "İnanırıq, bu yolla onların uzunmüddətli karyera qurmasına və həm özləri, həm də ailələri üçün davamlı fayda verməsinə kömək edə biləcəyik. Bu layihə bizim indiyədək Səngəçal terminalı və boru kəmərlərimiz yaxınlığında yaşayan əhali üçün həyata keçirdiyi çoxsaylı icma təşəbbüslərindən biridir. Artıq bu təşəbbüslərin nəticələrini görürük və bundan çox məmnunuq”.   
 
Vitse prezident əlavə edib ki, layihənin müddəti 1 il, dəyəri isə 150 min manatdan artıqdır: "Təlimlərdə 5 bölgənin icmalarından seçiləcək 10 orta məktəbi təmsil edən 75 ingilis dili müəllimi iştirak edəcək. Sonra həmin müəllimlər məktəblərdə ingilis dili dərsləri keçərkən təkmilləşdirdikləri tədris bacarıqlarından istifadə edəcək, həmçinin, icma üzvləri üçün ingilis dili kursları təşkil olunacaq. Layihənin 10-16 yaş arasında, təxminən 500 məktəblini və 150 icma üzvünü əhatə edəcəyi gözlənilir".
 
"BP və onun neft-qaz layihələrindəki tərəfdaşları bugünədək Azərbaycanda bu cür sosial layihələrə ümumilikdə 70 mln. dollardan artıq vəsait xərcləyib” – deyə B.Aslanbəyli söyləyib.
 
Daha sonra tədbirdə çıxış edən Təhsil Nazirliyinin Təhsilin inkişafı şöbəsinin müdiri Emin Əmrullayev həm BP şirkəti, həm də "British Council" ilə uzun müddət əməkdaşlıq etdiklərini xatırladıb: "British Council" ilə  Təhsil Nazirliyinin əməkdaşlığı 10 ildən çoxdur davam edir. Bundan sonra da davam edəcək. Bugünkü tədbirimizin məqsədi ingilis dilini ölkədə daha da təkmilləşdirməkdir. Onsuz da bu dil kifayət qədər ölkəmizdə tədris olunur. Buna misal olaraq, ötən il qəbul imtahanlarının hamısında ingilis dilinin imtahanlara salınmasının məcburi olmasını göstərə bilərik”. 

Təqdimatın sonunda rəsmilər müqaviləni imzalayıblar.

 
 
 
 
 

Orxan Aslanlı

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM