Nərgiz Babayeva-Kərimova: “Xeyriyyəçilik mənim vəzifəmdir” – MÜSAHİBƏ

09:30 | 13.02.2016
Nərgiz Babayeva-Kərimova: “Xeyriyyəçilik mənim vəzifəmdir” – MÜSAHİBƏ

Nərgiz Babayeva-Kərimova: “Xeyriyyəçilik mənim vəzifəmdir” – MÜSAHİBƏ

Rüstəm Qasımov

ANN.Az-ın "Uşaqların xoşbəxt gələcəyi” qeyri-hökumət təşkilatının rəhbəri, həyatını xeyriyyəçiliyə həsr edən Nərgiz Babayeva-Kərimovayla müsahibəsi. 

- Nərgiz xanım, gəlin təşkilatınızı necə qurduğunuzdan və onun nəyə görə məhz ürəyi qüsurlu uşaqlar üçün nəzərdə tutulduğundan danışardız. 

- Buna kədərli bir hadisə səbəb oldu. Çox sevdiyim atamda yaş artdıqca ürək xəstəliyi özünü biruzə verməyə başladı. O, Almaniyada cərrahiyə əməliyyatı olundu, 11 gün komada yatdı, ancaq üstündən 5 il keçəndən sonra vəfat etdi. Atamın başına gələn məni çox sarsıtmışdı. Mən əminəm ki, insan sevdiklərinin və yaxınlarının başına gəldikdən sonra ağrının və əzabın mahiyyətini dərk edir. Bundan sonra başa düşdüm ki, bir sıra hallarda insanın xilası maddi təminatdan asılı olur, məsələn, bahalı əməliyyat gərək olur. Əlbəttə, pulun artıq əhəmiyyət kəsb etmədiyi sağalmaz xəstəliklər də var.

Ancaq biz ürək qüsuruyla üz-üzəyiksə, onda maddi kömək real olaraq insanın həyatını xilas edə bilər, bizim timsalımızda isə uşaqlar xilas olur. İstənilən xəstə uşağın əzabları ana qəlbini üzür, ancaq bütün uşaqları xilas etməyə də biz qadir deyilik. Ona görə də mən qərara gəldim ki, ürək qüsuru olan uşaqların üzərində dayanım. Bizim xeyriyyə təşkilatımızın 9 yaşı var və bu zaman ərzində 931 uşağı əməliyyat etdirə bilmişik.
 


- Köməyə ehtiyacı olan uşaq barədə hardan öyrənirsiz? 

- Bugün onlar artıq məni tapırlar (gülür). Ancaq əvvəllər belə uşaqları uşaq evlərində, sığınacaqlarda özüm axtarardım. 

- Son dövlər sosial şəbəkələrdə istifadəçilər xəstə və yardıma ehtiyacı olan uşaqların şəkillərini tez-tez paylaşırlar. Həqiqətən yardıma ehtiyacı olanlarla fırıldaqçıları necə müəyyən etmək olar? 

- Biz işimizi bu istiqamətdə görürük: əvvəlcə sənədləri toplayırıq, sonra ailəyə baş çəkirik, onların həyat şəraiti və ailə üzvlərinin fəaliyyət növləriylə tanış oluruq, onların maddi durumunun necə olduğunu və s. müəyyən edirik. Mən şəxsən özüm "araşdırma” aparmamış və ailənin həqiqətən də yardıma ehtiyacı olduğunu təsdiq etməmiş, biz pulun toplanılmasına başlamırıq. Sonra mən uşağı həkimə göstərirəm, o diaqnoz təyin edəndən sonra isə mən xeyriyyətçiliklə məşğul olan insanlara müraciət etməyə başlayıram. Mən özüm heç vaxt tanımadığım adamların köməklə bağlı postlarını paylaşmıram.  Həmvətənlərimə demək istərdim ki, öz gözləriylə görməmiş kiminsə sözlərinə inanmasınlar. Təəssüf ki, bəzi valideynlər xəstə uşaqlarını istifadə edərək, pul qazanmaq, biznes qurmaq istəyirlər. 
 


- Siz əməliyyat üçün vəsaiti və ya maddi köməyi hardan alırsınız? Yəqin xeyriyyəçilər anonim qalmağı xoşlayırlar...

- Bu əksəriyyətin bilmək istədiyi ən maraqlı detaldır (gülür). Mən öz "Facebook” hesabımda nəsə yazanda, tez də cavab verirlər. İnsanların sənə etibar etməsini bilmək çox xoşdur. Hər gün xeyriyyəçilik etmək istəyən çox sayda insandan zənglər alıram. Çox vaxt xeyriyyəçilər mənim səhifəmdə paylaşdığım bu və ya digər konkret uşağa yardım göstərmək isəyirlər. Bəzən də onlar fonda pul göndərirlər və hansı uşağa yardım göstəriləcəyinə mənim isiqamət verəcəyimi gözləyirlər. Əgər vəsait böyükdürsə, biz onu bir neçə uşaq arasında bölürük.  

Qeyd edim ki, bugün çox sayda zəngin insan xeyriyyəçiliklə məşğul olur, ancaq onların çoxu anonim qalmağı üstün tuturlar. Yardım üçün səbəblər müxtəlif ola bilər, ancaq vacib olan həyat qurtarmaqdır. Həyatını qurtardıqları uşaqları real görəndə, xeyriyyəçilərin necə sevinc hissi keçirdiyini görmək bir ayrı gözəllikdir. Belə olanda, fəaliyyətlərinin necə əhəmiyyətli olduğunu biləndə, onlar yenidən və yenidən yardım emək isəyirlər. Xeyriyyəçilik onlar üçün adət halını alır. Bundan daha gözəl nə ola bilər? 
 


- Müəyyən dövr ərzində sizin "facebook” səhifənizi izləyəndən sonra, mən fərqinə vardım ki, Sizin dostlarınız və yaxınlarınız fəaldırlar və həqiqətən kömək etmək istəyirlər...

- Yəqin kənardan görünür. İş burasındadır ki, mənim işim şəffaflığıyla seçilir. Mən fondumuzun fəaliyyəti barədə detalbadetal hesabat verirəm. Məsələn, sənədləri, əməliyyatdan əvvəl, eləcə də sonra uşaqların şəkillərini paylaşıram. Bundan əlavə, yardım etmiş kəslərə zəng edib xəstəxanaya dəvət edir və kömək etdikləri uşağın vəziyyətini görməyə dəvət edirəm. Bu insanları cəlb edir, çünki onlar vəsaitlərinin həqiqətən yardıma ehtiyacı olanlara yönəldiyini görürlər. İşdə şəffaflıq insanları daha da yardım göstərməyə həvəsləndirir. 

- İşinizdəki ən kiçik və ən böyük xeyriyyə vəsaiti yadınızdadırmı? 

- Ən kiçiyi 5 manat, ən böyüyü isə 100000 manat olub. 
 


- Hansısa dövlət qurumu və ya fondu sizə dəstək göstərirmi? 

- Səmimi desəm, bu işə başlamazdan əvvəl heç bilmirdim ki, Azərbaycanda bu qədər insanın, xüsusilə uşaqların bahalı əməliyyatlara, mümkün müalicəyə, tibbi yardıma ehtiyacı var. 
Heydər Əliyev Fonduna ağır xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərdiyinə görə təşəkkür edirəm. Digər dövlət müəsissələrinin, hər zaman maddi olmasa da, uşaqları dəstəkləməyə yönəlmiş bir sıra təşəbbüsləri olur. 

- Əgər bizim oxucularımızdan hansısa biri bu müsahibəni oxuduqdan sonra yardım təşəbbüsü göstərmək istəsə, neynəməlidir? 

- Onlar mənim "Facebook” və ya telefon vasitəsiylə əlaqə yarada bilərlər. 
 


- Mən eşitmişəm ki, siz heç vax valideynlərin əlinə böyük vəsait vermirsiniz. Bu doğrudurmu? 

- Bəli. Məsələ burasındadır ki, bu valideynlərin çoxlu problemləri var, onların əksəriyyəti ağır şərtlər altında yaşayırlar. Ona görə də vəsaiti aldıqdan sonra, onlar bunu əməliyyatı təxirə salaraq, başqa işlərinə istiqamətləndirə bilərlər. Ancaq bizim işimiz əməliyyatın keçirilməsidir və toplanan pul artıq qalarsa, biz onu digər uşağın müalicəsinə yönəldirik. 

- Əməliyyat üçün lazım olan vəsaiti toplaya bilmədiyiniz olurmu..? 

- Demək olar ki, yox. 5-10 gün gecikən hallar olub, ancaq bundan o tərəfə keçməyib, sonra hər yaxşı qutarıb. 

Ancaq heç vax unuda bilmədiyim iki hal var ki, biz vəsaiti toplaya bilmədik və uşaqlar vəfat etdilər. Başa düşürsünüzmü, vaxtında müraciət edilməyibsə, bir-iki gün ərzində böyük vəsait tapmaq müşkül məsələdir. İnşallah, bir də belə hallar təkrarlanmaz!
 


- Siz tək, yoxsa komanda halında işləyirsiniz...

- Sayımız çoxdur. Deyərdim ki, bütün Azərbaycanın yarısı yardımçımızdır (gülür).

- Köməkçim Arzu Şəriflinin işini xüsusi qeyd etmək istəyirəm. O sənədləri hazırlayır, lazımlı məlumatları toplayır və uşaqların işini mənə göndərir, mən də qərar verirəm hansı uşaq əməliyyat olunmalıdır, hansı yox. Qeyd edim ki, kömək təkcə maddi yox, mənəvi də ola bilər və bu bizim işimizdə çox vacibdir, axı biz həmfikirsiz keçinə bilmərik. 

- Yardım arealınız nə qədər genişdir? 

- Bizim fəaliyyətimiz təkcə Bakıyla məhdudlaşmır. Çalışırıq bütün ölkəni əhatə edək, təkcə rayonları da deyil, kəndləri, aulları və s. Məsələn, adını belə səsləndirməkdə çətinlik çəkəcəyiniz kəndlərdən olan uşaqlara yardım etdiyimiz olub (gülür). 

- Birinci mərhələ vəsaitin toplanmasıdır, bəs ölkəni və həkimi necə seçirsiniz? Əgər yanılmıramsa, siz xəstə uşaqlarla birgə səfər edirsiniz...

- Siz doğru buyurursunuz. İlk mərhələdə vəsait toplanır. Sonra hansı ölkədə əməliyyatın keçiriləcəyini müəyyən edirik. Qeyd edim ki, indiyədək Azərbaycanda, Ukraynada, Türkiyədə, İranda, Rusiyada və digər ölkələrdə əməliyyatlar keçirmişik. Biz ukraynalı həkim-kardiocərrah, professor, Kiyev şəhər ürək mərkəzinin direktoru Boris Mixayloviç Tudorovla əməkdaşlıq edirik. Onun rəhbərlik ediyi "Ürək Mərkəz”ində yüksək səviyyəli peşəkar mütəxəssis İrina Aksenova çalışır. O bizim çox ağır vəziyyətdə olanda uşağımızı xilas etmişdi.

Ancaq son bir il, 8 ayda biz uşaqları Azərbaycanda əməliyyat edirik. Məsələn, eksperimental xəstəxananın həkimi Elnur Həsənov 200-dən çox uşağı əməliyyat edib. O, mənim çox hörmət etdiyim savadlı həkimdir. "Neftçilər” xəstəxanasına gəldikdə isə, Rəşad Mahmudova da təşəkkür, o da çox sayda uşağı xilas edib. 
 


- Müxtəlif ölkələrdə ürək əməliyyatı keçirmək neçəyə başa gəlir? 

- Məsələn, Ukraynada 5 min dollar, Azərbaycanda 3-4 min manat (Eksperimental xəstəxana), 7-9 min Neftçilər xəstəxanasında, İranda isə 10 min dollardır, ona görə də son vaxtlar uşaqlarımızı Tehrana göndərmirik, çünki bu pulla Azərbaycanda bir neçə uşağı xilas edə bilərik. 

- Yardım etdiyiniz uşaqların sonrakı taleyini izləyirsinizmi? 

- Əlbəttə (gülür)! Onların əksəriyyəti artıq böyüyüb. Biz dostluq edirik. Hər bayramda çox sayda mesaj və zəng alıram, bunların 99 faizi ya əməliyyat etdiyimiz uşaqlardan, ya da valideynlərdəndir. Təssəvvür edin ki, xilas etdiyimiz qızlardan biri bu yaxında evlənəcək (gülür). 
 
 

- Nərgiz xanım, eşitmişəm siz müntəzəm olaraq xeyriyyə aksiyaları keçirirsiniz...

- Bəli! Bütün ənənəvi baramlarda biz böyük konsertlər, uşaqlar üçün tədbirlər, həmçinin valideynlərlə çayiçmə mərasimləri, xeriyyə shər yeməkləri təşkil edirik. Adətən xeyriyyə aksiyalarını "FourSeasonsHotelBaku” və "Dalloyau”da keçiririk. Bundan başqa, ehtiyacı olan ailələrə tez-tez baş çəkir, onlara ərzaq və s. alırıq. Mənim postlarım diqqətdən kənarda qalmır, ona mütləq cavab verilir. Qeyd edim ki, xeyriyyə aksiyalarımız artıq ənənə halını alıb. Ən vacibi isə biz bunları bütün qəlbimizlə, əlavə öhdəçilik olmadan edirik. 

- Nərgiz xanım sizin peşəniz nədir, bu sizə fəaliyyətinizdə yardımçı olurmu? 

- İxtisasca mən həkim-pediatram (Tibb universitetini bitirmişəm). Ancaq ixtisasımın hər hansı bir şəkildə işimə təsir etmədiyini düşünürəm. Hesab edirəm ki, xeyriyyəçilik mənim vəzifəmdir! Tanrıya və məni böyüdən valideynlərimə minnətdaram ki, mən məhz beləyəm. Mən öz ailəm və nəslimdə insanları həmişə bir-birinə yardım edən görmüşəm və bu mənim şüuraltıma yazılıb. Məncə, uşaqlara lap erkən yaşlardan yaxınlarına canıyananlıq və sevgi hissini aşılamaq lazımdır, çüni sənin yardımın kiminsə həyatını xilas edə bilər!

- Nərgizxanım, sizcə əvvəl axır gözəllik, yoxsa xeyirxahlıq dünyanı xilas edəcək? 

- Dünyanı qəlbin gözəlliyi xilas edə bilər. Əgər sənin gözəl, təmiz və mərhəmətli ürəyin varsa, o mütləq dünyanı xilas edəcək!
 


- Sizin arzunuz nədir? 

- Ən böyük arzum, tanınma çevrəm genişlənməkdə olsa da, insanlığımı itirməmək, həmişə olduğum kimi qalmaqdır. Bu mənimçün çox vacibdir! 

- Nərgizxanım, maraqlı müsahibəyə görə təşəkkür edirik. Biz sizə xeyriyyəçilik işində bol-bol uğurlar və müvəffəqiyyətlər arzulayırıq. 

- Təşəkkür!
 






www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb