Zəhmətkeş adamın mükafatı - KÖŞƏ

13:52 | 01.05.2015
Zəhmətkeş adamın mükafatı - KÖŞƏ

Zəhmətkeş adamın mükafatı - KÖŞƏ

Orxan Aslanlı

"Zəhmət tənbəl üçün əzab, əməkçi üçün həzdir!” – zəhmət, əmək, iş və s. atalarımızın bu məfhumlarla bağlı o qədər gözəl məsəlləri var ki… Əvvəllər zəhmət-zəhmətkeş dedikdə əliqabarlı, bütün günü tarlada, zəmilərdə, yaxud fabrik və zavodlarda  çalışan insanlar anlaşılırdı. Hazırda bu ifadə öz formasını bir qədər dəyişsə də, məzmunu eynilə qalıb. Müasir dövrdə sadəcə fiziki əməklə məşğul olmaqla "zəhmətkeş” adını qazanmırlar. Bu gün elə sənət, elə peşə var ki, stol arxasında əyləşib beyin işlətməklə, qeyri-fiziki işlə məşğul olmaqla da əmək sərf edə, əvəzində yaxşı qazanc əldə edə bilərsən. 

1 May tarixinə gəlincə, bu təqvim əsasən yaşlı nəsildə nostalji hisslər yaradır.  Hər hansı yaşlı şəxsdən, yaxud təqaüdçüyə 1 May haqqında sual versən, az qala bütün  tərcümeyi-halını danışa bilər. Onları anlamaq mümkündür – axı 1 May paradına hazırlaşarkən onlar az qala bir ay vaxt sərf edir, yuxusuz gecələr keçirirdilər. Düzdü, bu hazırlıq prosesinin mahiyyətində bir qorxu da olub – "birdən nəsə əksik olar, nəsə düz olmaz, "yuxarılar” bunu görər və cəzası ağır olar”  - deyə.

Amma bütün bu məcburiyyətə baxmayaraq, zəhmətkeş vətəndaşlar həmin gün onların əməyinə verilən qiymətdən qürrələnir, sevinir və dəyəri hiss edirdilər – sinələrinə döyərək "1 May mənim günümdür” deyirdilər. Bu günün qeyd olunmasında həm də bir həmrəylik vardı, zəhmətin, əməyin ən böyük problemləri aşmasına inam vardı, müftəxorlara, havayıyeyənlərə qarşı bir olub, onlarla mübarizəyə səsləmə vardı. 

Hazırda gənclər, məktəb uşaqları bu günün nə olduğunu bilməzlər, olsa –olsa tarix fənnini yaxşı oxuyanlar deyə bilər ki, 1 May nə günü olub? Digərləri üçün bu tarix sadəcə ilin 5-ci ayının başlanğıcıdır, vəssəlam.

Amma mənə maraqlı gələn odur ki, əgər biz sovetlərdən qalmasına baxmayaraq, 8 Mart Beynəlxalq Qadınlar Gününü, 9 May Qələbə Gününü qeyd ediriksə, o zaman nə üçün 1 May Beynəlxalq Zəhmətkeşlər Gününü təqvimdən silək? Məgər əli qabarlı, ayaqları yorğun, beli bükülmüş, yaxud bütün günü gözlərini kompüterə dükməkdən qıpqırmızı, şişkin bəbəkli insanlar bu cəmiyyətdən deyil? Əgər zəhmətkeş adamlar deyillərsə, o zaman pik saatlarda metrolarda, avtodayanacaqlarda zorla ayaq üstə dayanan, 5-10 manat pul qazanacaq deyə kilometrlərlə yol qət edən, tıxaclarda ömür keçirənlər kimlərdir bəs? Ölkənin zəhmətkeş təbəqəsini görmək üçün bircə saat metrostansiyaların qarşısında, avtobuslarda olmaq yetər ki, onları görəsən, tanıyasan.

Televiziyalardan birində belə bir veriliş var: "Zəhmətkeş ulduzlar”. Guya sənət adamları bir günlük hansısa kəndə gedib yarım saatlıq kənd həyatı yaşayır və şou göstərib olurlar "zəhmətkeş ulduz”. Bəlkə elə zəhmətə, əməyə belə yanaşma bizi geri salıb -  hər şeydən şou yaratmaq niyyəti.

Tariximizdən qürrələnmək üçün əvvəl o tarixi yaratmaq, o tarixi yaşamaq lazımdır. Bir pensiyaçı babanı, nənəni danışdırsaq, 1 Mayla bağlı o qədər maraqlı təəssüratlar bölüşə bilər ki? Mənə maraqlı gələn odur ki, indiki nəsil qocalanda hansı nostalji hisslərini nəvələrinə, nəticələrinə ifadə edəcək? Bəlkə bu haqda ciddi düşünək. Kimsə deyə bilər ki, 1 May bayramını qeyd edən kimi hər şey yerinə düşəcək? O zaman deyək ki, məhz tarix də damla-damla yaranır...

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti