186 il sonra "Türkmənçay" müqaviləsi - Tarixə baxış

16:10 | 11.02.2014
186 il sonra "Türkmənçay" müqaviləsi - Tarixə baxış

186 il sonra "Türkmənçay" müqaviləsi - Tarixə baxış

10 fevral 1828-ci ildə bağlanan və Azərbaycanın ikiyə bölünməsini rəsmiləşdirən "Türkmənçay" müqaviləsinin 186-cı ildönümü idi.Azərbaycan dünyada bəlkə də yeganə ölkələrdən biridir ki, onun ərazisi son iki yüz ildə iki hissəyə bölündü və bölünərək hissə-hissə işğallara məruz qaldı. Bölünmə və işğal faktı hələ də davam edir. Müxtəlif tarixçilər baş verənləri müxtəlif aspekdən dəyərləndirir. Bütün dəyərləndirmələr bir kənara, de-fakto dünyadakı 60 milyona yaxın Azərbaycan türklərinin cəmi 9 milyonun dövləti mövcuddur. Düzdür, hətta ölkə başçısı da dəfələrlə deyib ki, müstəqil Azərbaycan bütün azərbaycanlıların vətənidir. Amma bu gün 40 milyona yaxın Azərbaycan türkü Güney Azərbaycanda İran adlı coğrafiyanın tərkibindədir və ya “iranlı”, “fars” kimlikləri ilə dünyaya təqdim olunur. ANN.Az-ın əməkdaşı mövzu ilə bağlı İran üzrə tanınmış siyasi ekspert Rüfət Muradlı ilə danışaraq problemi tarixi aspekdən dəyərləndirməyə çalışıb.R.Muradlı hadisələri dəyərləndirməsində daha çox nəticə üzərində dayanıb: “Əslində, "Türkmənçay" müqaviləsinə ona qədərki dönəmə nəzər salmadan qiymət vermək doğru olmaz. Yəni "Türkmənçay" hələ 18-ci əsrin sonlarından başlayan Rusiya aqressiyasının, Gəncənin və Car-Balakənin işğalının və nəhayət, "Gülüstan" müqaviləsinin davamı və daha dəqiq desək, sonucu idi. Hər halda bu haqda kifayət qədər tarixi məlumatlar var. Amma Türkmənçay müqaviləsindən sonra yaşanan olaylara nəzər salaraq dəyərləndirmə aparsaq, bu daha məntiqi olar. Baxın, mən şəxsən o Türkmənçay kəndində olmuşam. Təbrizdən Tehran istiqamətində, Miyanaya çatmamış magistral yolundan 30 kilometr aralıda yerləşir. Yəni, bunu deməkdə məqsədim budur ki, ruslar indiki Güney Azərbaycan coğrafiyasının ortasına qədər gedib çıxmışdılar. Amma sonunda İrəvan və Naxçıvan xanlıqlarının da "Gülüstan" müqaviləsinə əlavə edilməsilə razılaşdılar. Təbii ki, bu anlaşmada Britaniyanın da təsirini nəzərə almalıyıq. Amma nəticədə bir millət olaraq itirdiklərimiz göz önündədir. İkiyə bölünmüş, on illərlə bir-birinin yaşam tərzindən uzaq düşmüş, psixologiyası və sosial yaşamı fərqli durumlarla üzləşmiş, amma eyni soya malik bir millət var qarşımızda”.Siyasi ekspert açıqlamasında müxtəlif tarixçilərin səsləndirdiyi bir antirezi də xatırladıb: “Eyni zamanda bunun antitezi olaraq belə bir yanaşma da var . Quzey Azərbaycanın sonralar milli dəyərlərdən uzaq düşən Qacar hakimiyyətindən qopmağı ilə sonrakı mərhələdə orada Şərqdə ilk cümhuriyyətin yaranması üçün münbit şərait yarandı. Nəzərə alsaq ki, ilk teatr, ilk qəzet və ilk professional musiqi əsəri də məhz bu dönəmdə və bu coğrafiyada yarandı. Amma bunu da unutmayaq ki, "Türkmənçay" müqaviləsinin bağlanması ilə Azərbaycan Türk coğrafiyasında erməni dövlətinin yaradılması haqda 1828-ci il martın 21-də çar I Nikolayın fərmanı var. Əslində həmin fərmana bu gün Quzeydə yaşanan faciələrin başlanğıcı kimi də baxa bilərik. Bir sözlə, "Türkmənçay" müqaviləsinə "qazandıqlarımız-itirdiklərimiz" tandemində baxsaq, məncə, itirdiklərimiz daha ağır görsənir”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM