3 ölkə lideri arasında sammit ola bilər - Hansı gözləntilər var? - Şərh

13:59 | 26.07.2023
3 ölkə lideri arasında sammit ola bilər - Hansı gözləntilər var? - Şərh

3 ölkə lideri arasında sammit ola bilər - Hansı gözləntilər var? - Şərh

Rusiya, Azərbaycan və Ermənistan növbəti görüşlərin hazırlanması üzərində işi davam etdirəcəklər, 2023-cü ildə üç ölkə liderlərinin sammiti planlaşdırılır. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun deyib. 
 
"Biz növbəti görüşlərin, o cümlədən bu il Rusiya, Azərbaycan və Ermənistan liderlərinin növbəti sammitinin keçirilməsi planlarının hazırlanması üzərində gərgin işi davam etdirəcəyik”, - nazir Azərbacan və Ermənistan xarici işlər nazirlərinin görüşündən sonra açıqlamasında bildirib.

Rusiya parlamentarilər vasitəsilə üçtərəfli dialoqa başlamağı təklif edib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Moskva sülh müqaviləsinin imzalanmasının Bakı ilə İrəvan arasında böyük danışıqlar prosesinin kulminasiya nöqtəsi olacağını gözləyir.

Millət vəkili Aydın Mirzəzadə deyir ki, dünya bu gün Azərbaycan və Ermənsitan arasında olan məsələni siyasi gündəmində saxlayır. 

"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına dünyanın güc mərkəzlərinin maraq göstərməsi müsbət bir haldır. Faktiki olaraq dünya bu gün bu məsələni siyasi gündəliyində saxlayır. Azərbaycan üçün fərqi yoxdur bu problemin həllinə dair təkliflər hardan gəlir. Əsas odur ki, problem həll edilsin, Azərbaycanın ərazi bütövlüyü rəsmən Ermənistan tərəfindən tanınsın və regionda artıq gərginlik ocağı yox olsun. Məsələnin kökü çox dərin və mürəkkəbdir. Qısa bir zamanda bir neçə görüşlə bunun həll edilməsi heç də asan görünmür. Ona görə də danışıqlar mərhələli şəkildə davam etməlidir", - millət vəkili vurğulayıb. 
 
Deputat hesab edir ki, regionda böyük güclərin marağı var. 
 
"Regionda böyük güclərin marağı var və onlar öz siyasətləri ilə burada iştirak edirlər. Buraya həm ABŞ və Avropa Birliyi, həm də Rusiya daxildir. Bu baxımdan belə bir sammitin keçirilməsini məsələnin həllində yeni bir mərhələ hesab edirəm. İstənilən halda Azərbaycan öz prinsipial mövqeyini daim ortaya qoyur. Ona görə Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımaqdan başqa bir yolu yoxdur”, - deputat söyləyib.

Siyasi məsələlər üzrə şərhçi Tural İsmayılovun sözlərinə görə kifayət qədər vacib sammit ola bilər. 
 
"Üç ölkə liderlərinin danışıqları Azərbaycan-Ermənistan münasibətlərinin bir sonrakı mərhələyə adlaması baxımından vacib əhəmiyyətə malikdir və ölkələr arası münasibətlərin düzəlməsində, müəyyən fikir ayrılıqlarının aradan qaldırılmasında mütləq şəkildə üç ölkə liderlərinin qarşılıqlı şəkildə görüşlərinin mütəmadiliyinin vacib əhəmiyyəti var. Amma eyni zamanda bu günə qədər praktiki olaraq Rusiya tərəfindən Ermənistana təzyiqlər edilmir. Rusiyanın Ermənistana lazım olan və gözlənilən təsirləri etməməyi nəticəsində biz bu gün bölgədə hələ də gərginliyin qaldığını və Ermənistanın təxribatlardan əl çəkmədiyini görürük."- şərhçi qeyd edib. 
 
Politoloq hesab edir ki, ilin sonuna qədər yekun sülhlə bağlı ciddi addımlar atılmalıdır. 
 
"Əgər Rusiya bu məsələdə səmimi davransa, eyni zamanda qərb formatlarından daha fərqli mövqe ortaya qoya bilsə, praktiki olaraq Ermənistanı sülhə məcbur etmə şansları Rusiyanın daha çox imkanında olan bir məsələdir. Ona görə Azərbaycan cəmiyyətinində bu konteksdə Rusiyadan gözləntiləri daha çoxdur”, - İsmayılov açıqlamasında vurğulayıb. 
 
İyulun 25-də Moskvada Ermənistan, Rusiya və Azərbaycan xarici işlər nazirləri Ararat Mirzoyan, Sergey Lavrov və Ceyhun Bayramovun üçtərəfli görüşü olub. Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ilə İrəvandan və Bakıdan olan həmkarları arasında ikitərəfli görüşlər olub.
 
İyulun 25-də Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfrasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi layihəsi hələ imzalanmağa hazır deyil.
 
Bundan əvvəl, Paşinyan Brüselldə keçirilən görüşü şərh edərkən vurğulayıb ki, Ermənistanla Azərbaycanın görüşü nəticəsiz qaldı.
 
Gülnar Nazimqızı
Eltac Nurullazdə 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM