Oxu.Az-ın əməkdaşları Park ərazisində zubrlar üçün yaradılan xüsusi yerdə olub, zubrların həyat tərzi, reintroduksiya olunan ərazilər və təbiətdəki rolu, nadir canlı növünün təbiətimizə qaytarılması istiqamətində görülən işlər, keçirilən reintroduksiya layihəsindən reportaj hazırlayıblar.
Vaxtilə Avrasiyada çox geniş yayılan zubrların ötən əsrin əvvəllərindən etibarən nəsli kəsilməyə başlayıb. Vəhşi təbiətdə demək olar ki, bu heyvanlara artıq çox az rast gəlinir. Qafqaz dağlarında isə sonuncu zubr 1927-ci ildə öldürülüb. Hazırda dünyada mövcud olan az sayda zubrlar var ki, onların da böyük əksəriyyəti zooparklarda saxlanılır. Bu yolla onların sayının artırılmasına çalışılır.
Bu məqsədlə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən birgə həyata keçirilən "Zubrların Azərbaycana reintroduksiyası” proqramı çərçivəsində vaxtilə ölkəmizdə nəsli kəsilmiş vəhşi öküz - Qafqaz zubru növündən olan 12 baş heyvan Fransa və Belçika zooparklarından Azərbaycana gətirilib. Şahdağ Milli Parkının İsmayıllı bölməsində xüsusi ərazi yaradılıb və may ayının 21-də zubrlar həmin əraziyə buraxılıb. Heyvanlar bir müddət bu ərazidə adaptasiya dövrü keçdikdən sonra həmin ərazidən təbiətə sərbəst buraxılacaq.
Əməkdaşlarımızı qarşılayan Şahdağ Milli Parkının direktor müavini Əfqan Qəribov bu vəhşi heyvanlar barədə danışıb.
Bildirib ki, may ayında gətirilməsinə baxmayaraq artıq 12 baş zubrdan dördü vəhşi təbiətə buraxılıb:
"İlk olaraq 8 baş zubr gətirilmişdi və həmin heyvanlara mütəxəssislər tərəfindən baxış keçirilmişdi. Onlar ekoloji cəhətdən Azərbaycan təbiətinə uyğunlaşdırıldıqdan sonra vəhşi təbiətə buraxılıb. Bu heyvanlar, daha dəqiq desək, Qafqaz təbiətində yaşayan zubrlar olub. Sadəcə olaraq onların nəsli 1927-ci ildə kəsilib”.
Ə.Qəribovun sözlərinə görə, zubrlar gün ərzində 32 kq-a qədər quru ot yeyir:
"Bu heyvanlar, yetkin fərd olaraq gün ərzində 23-32 kq-a qədər yem və quru ot qəbul edə bilir. Zubrun qida rasionuna 200-ə qədər bitki növü, ağac qabığı, cavan budaqlar, yarpaq, fıstıq və palıd qozaları daxildir. Bu heyvanlar gündəlik suya olan tələbatlarını yay mövsümündə şirin su mənbələrindən, qışda isə dırnaqları ilə nəm torpaqda çuxurlar qazaraq orada yığılan qar və yağış suyunu içərək təmin edirlər. Bəzən də qar yeyirlər”.
Təbiətdə çox az rast gəlinsə də, bəzən zubrları Amerika bizonu ilə də səhv salırlar. Zubrların uzunluğu orta hesabla 2,1-3,5 metr, hündürlükləri 1,6-2,1 metrə qədər, Amerika bizonlarının isə uzunluğu 2-,2,8 metr, hündürlükləri isə 1,5-2 metrə qədər çatır. Bundan başqa, Amerika bizonu zubrdan fərqli olaraq daha iri bədən quruluşuna malikdir. Baş, boyun və alın hissəsi zubrlarla müqayisədə daha tüklü, ayaq və buynuzları isə daha qısadır.
Ə.Qəribov deyir ki, dişi zubrlar 20 ilə qədər ömür yaşayır, bu müddət ərzində isə 9 bala verə bilirlər:
"Gətirilmiş 12 baş zubrdan üçü erkək, qalanları isə dişi fərdlərdir. Onlar arasında bir zubr isə beş aylıq boğazlıq dövründədir. Təbii şəraitdə zubrlar 20 ilə qədər yaşayır. Bir dişi fərd yaşadığı müddətcə 9 bala doğur. Boğazlıq dövrü 254-277 günədək davam edir. Yetkin erkən fərdin çəkisi 530-480 kq, dişi fərdin çəkisi isə 320-540 kq, yeni doğulmuş balanın çəkisi isə 25-30 kq arasında dəyişir”.
Vəhşi zubrlar yalnız iki halda insanlara hücum çəkə bilir. Ə.Qəribov deyir ki, bu məsələ olduqca həssasdır:
"Heyvanlar mütəmadi olaraq baytarlar tərəfindən yoxlanılır. Onların gərgin və aqressiv olmalarının iki səbəbi ola bilir. Dişi fərd bala doğarkən və iri ölçülü erkək fərdi qıcıqlandırdıqda zubrlar insanlara hücum edə bilər. Ümumiyyətlə, əgər təbiətdə zubrla qarşılaşmısınızsa, aranızda 50 metr təhlükəsizlik məsafəsi saxlamağınız və onu qətiyyən qıcıqlandırmamağınız tövsiyə edilir. Belə halda zubra yaxınlaşmadan, sakitcə yanından ötüb keçmək lazımdır”.
Çəkilişdə olduğumuz zaman yerli sakinlər, məktəblilər, turistlərin belə zubrları görmək üçün xüsusi maraq göstərdiklərinin şahidi olduq.
Zubrların Azərbaycanda biomüxtəlifliyin daha da zənginləşdirilməsi və meşə ekosistemlərinin inkişafında potensial rolunu nəzərə alaraq, layihənin təşkilatçıları Azərbaycanın şimal bölgələrində yaşayan əhalini və ümumiyyətlə, bütün ölkə ictimaiyyətini Qafqaz zubrlarının təbiətimizə qaytarılması, onların mühafizəsi və qanunsuz ovlanmasının qarşısının alınması işində dəstək olmağa çağırıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !