Abel Məhərrəmov nə qədər günahkardır? – KÖŞƏ

22:31 | 07.03.2014
Abel Məhərrəmov nə qədər günahkardır? – KÖŞƏ

Abel Məhərrəmov nə qədər günahkardır? – KÖŞƏ

Bakı Dövlət Universitetində baş qaldıran tələbə etirazı neçə gündür mətbuatın gündəmindədir. Kəsr üçün əlavə ödənişə görə baş qaldıran tələbə etirazı, vətəndaş və özəlliklə də BDU məzunu kimi baş verənləri yaxından izləyir və diqqətdə saxlayırdım. Həqiqətə qalsa, elə hadislər başlayan gündən məsələnin heç də göründüyü kimi olmadığının fərqində idim. Sadəcə Azərbaycanda əksəriyyət kütlə olduğundan və hələ ictimai-siyasi düşüncəsi formalaşa bilmədiyindən, fikirləri bir az gizli saxlayıb proseslərin gedişatı ilə nələrin ortaya çıxacağını müşahidə etmək qərarı verdim. Tələbəliyin ilk ilindən ictimai-siyasi fəaliyyətə başladığımdan digər universitetləri, ən əsası da BDU-nu çox gözəl tanıyır, onun daxili sistemindən, nələrin baş verdiyindən yaxşı xəbərdar idim. Çünki təhsil aldığım universitetin elə bir fakultəsi yox idi ki, orda təşkilatımızın nümayəndələri olmasın. Onlar vasitəsilə olub bitənlər haqqında geniş məlumat almaq imkanımız olurdu. Bir məsələni də vurğulayım ki, həmişə tələbə yanında olduğum üçün dəfələrlə universitet rəhbərliyi ilə-üz-üzə qalmışam və mübarizəmi sona kimi davam etdirmişəm. Bu gün nə tələbəyəm, nə də universitet və ya onun rektoru Abel Məhərrəmov qarşısında heç bir öhdəliyim yoxdur. Amma vicdan varsa, gərək həqiqəti deyəsən və yazasan. Bakı Dövlət Universiteti bəlkə də yeganə təhsil ocağıdır ki, orda tələbənin kifayət qədər müstəqilliyi var. Tələbə sözünün eşidilməsi baxımından universitet başqa təhsil ocaqlarından çox fərqlənir. Hələ tələbəlik illərimizdə bir sıra tələbələr bunu universitetin inqilab beşiyi olması və rəhbərliyin qorxu hissi ilə izah edirdilər. Mənim isə əsaslandırmam həmişə fərqli olub və bu fərqliliklə bağlı fikirlərimin üzərində indi də dayanıram. Tələbənin öz hüquqlarını bilməsi və onu tələb etməsinin həmişə tərəfdarı olmuşam və buna görə bir çox tələbələri qınamışam da. Amma xaricdə sığınacaq almaq, hansısa qüvvənin marağını universitet daxilində təmin etmək məqsədilə təhsildən uzaq olan gəncin hüquq tələb etməsi, sadəcə absurddur. Kimsə desə ki, BDU-da rüşvət yoxdur, bu həqiqətən yalan olar. Ölkəmizin bir sıra sahələrində olduğu kimi, təhsil sektorunda da rüşvət var. Qısa desək rüşvət alan da, gecə-gündüz rüşvət vermək üçün yalvaran da var. Elə tələbəlik illərində belə hallarla az qarşılaşmamışam. Universiteti bir qəpik rüşvətsiz bitirən tələbə kimi, həmin hallara qarşı mübarizə apardıqda, daha çox rüşvət verənlərin təzyiqinə məruz qalmışam. Ona görə universitetlə bağlı çox xatirələrim var. Fərqli məqsədlə universitet auditoriyasına daxil olan tələbələri də az görməmişəm. Bütün bunlara rəğmən, universitet rəhbərliyi humanist şəkildə hər kəsin sərbəst fəaliyyətinə şərait yaradıb. Heç yadımdan çıxmaz, bir dəfə bir neçə tələbənin xaricdən idarə olunan dini-siyasi cərəyanın müdafiəçisi olduğu və auditoriyalarda təbliğat materialları yayması ilə faktları toplamışdım. Məsələni rəhbərlik qarşısında qaldırıb onların qovulmasını tələb etdikdə, problemin həll yolu kimi qovulma olmadığı bildirildi. Həll yolu ilə bağlı müəyyən tövsiyyələr verildi və lazımı addımların atıldığı çox sonralar məlum oldu.Mövzunu çox uzatmadan bildirmək istəyirəm ki, Bakı Dövlət Universitetində dərsini oxuyub təhsillə məşğul olan, hətta istənilən sahədə fəallıq göstərən tələbəyə kifayət qədər münbit şərait mövcuddur. Universitet rəhbərliyi, konkret olaraq onun rektoru Abel Məhərrəmov kifayət qədər humanist və tələbənin yanında olmağı bacaran bir şəxsiyyətdir. Həmin diqqəti və qayğını Məhəmməd Əmin Rəsulzadənin universitetin həyətində büstünün qoyulmasını tələb edən, istənilən ictimai-siyasi təbliğat növünü həyata keçirən, tələbələrin hüquqlarını müdafiə edən bir tələbə kimi Abel Məhərrəmovdan görmüşəm. Buna görə də, gərək hər birimiz vicdanlı olaq. Seymur HəsənliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM