ABŞ Prezidenti Co Bayden Azərbaycan Prezidenti İlham Əliyevə məktub göndərib və Bakını Ermənistanla sülh müqaviləsini 2024-cü ilin sonuna qədər tamamlamağa çağırıb.
"Dünyanın diqqəti COP29-a bağlı Bakıya yönəldiyi bir vaxtda, Sizin dünya ictimaiyyətinə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün unikal bir imkan var. Bildiyiniz kimi, sülh müqaviləsinin razılaşdırılmayan maddələrinin tamamlanması hər iki tərəfdən kreativlik və kompromis tələb edəcək. Ancaq əminəm ki, Siz bu fürsətdən yararlanacaqsınız. Mən cari il ərzində sülh müqaviləsinin üzərində işi tamamlamağa dəvət edirəm”, - Baydenin Azərbaycan Prezidentinin rəsmi saytında bazar ertəsi dərc olunan məktubunda qeyd edilib.
Amerikalı lider, "ABŞ-ın Azərbaycan və Ermənistan arasında davamlı və layiqli bir sülhün əldə olunmasına dəstək verməyə hazır olduğunu" vurğulayıb ki, bu da əsrlər boyu davam edən münaqişəyə son qoyacaq.
Bayden Əliyevə ünvanladığı məktubda qeyd edir ki, sülh sazişi Azərbaycan suverenliyi və ərazi bütövlüyünü təmin etməklə yanaşı, bütün regionu dəyişəcək, daha geniş ticarət, investisiyalar və Avropa ilə Mərkəzi Asiya arasında əlaqə imkanları yaradacaq.
ABŞ Prezidenti əlavə edib ki, onun administrasiyası sülhə yol açacaq cəsarətli təşəbbüslərə hazırdır.
"Mənim xahişimlə Milli Təhlükəsizlik Şurasının Avropa işləri üzrə baş direktoru və xüsusi köməkçim Maykl Karpenter sizə təqdim edəcəyimiz konkret addımlar barədə məlumat verəcək və Ermənistanla aparılan danışıqlarla bağlı mövqeyinizi öyrənəcək. Ümid edirəm ki, siz bu fürsətdən istifadə edərək region üçün ortaq rifah və ümumi yaxşılıq naminə yeni bir yol seçəcəksiniz”, - məktubda qeyd olunub.
N.Təbrizli
www.anews.az