ADU-da “Ətraf mühit və onun mühafizəsi” adlı tədbir keçirildi - FOTOLAR

18:34 | 05.12.2015
ADU-da “Ətraf mühit və onun mühafizəsi” adlı tədbir keçirildi  - FOTOLAR

ADU-da “Ətraf mühit və onun mühafizəsi” adlı tədbir keçirildi - FOTOLAR


Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Alman dili kafedrasının təşkilatçılığı ilə Almaniyanın Xaricdə Məktəblərlə Əməkdaşlıq Mərkəzinin (ZfA) "Kinder-Uni Bakı” layihəsinə əsasən ADU, Bakı Slavyan Universiteti və ZfA-nın birgə əməkdaşlığı çərşivəsində "Ətraf mühit və onun mühafizəsi” adlı tədbir keçirildi.

Öncə ADU-nun rektoru vəzifəsini icra edən, professor Dünyamin Yunusov iştirakçıları salamlayaraq onları universitetdə görməkdən şad olduğunu dilə gətirdi. ADU-da 22-dən çox dilin tədris olunduğunu bildirən professor D. Yunusov universitetdə fəaliyyət göstərən fakültələr haqqında məlumat verdi. O, universitetdə gedən tədris prosesi, tədqiqat işləri haqqında danışaraq qonaqları tanış etdi. Universitetdə, həmçinin 15-dən çox müxtəlif dil və mədəniyyət mərkəzlərinin mövcud olduğunu diqqətə çatdıran D. Yunusov Alman oxu zalı və Avstriya Mübadilə Xidmətinin uğurlu fəaliyyətindən danışdı. Gələcəyimiz olan gənclərə həsr edilən, onlarla iş qurulması istiqamətində təşkil olunan tədbirin keçirilmə təşəbbüsünü yüksək qiymətləndirən professor Dünyamin Yunusov çıxışının sonunda iştirakçılara uğurlar arzuladı.

Almaniyanın Xaricdə Məktəblərlə Əməkdaşlıq Mərkəzinin (ZfA) müşaviri, metodist-mütəxəssisi Aleksander Eşer tədbirin universitetdə keçirilməsi üçün şərait yaratdığına görə ADU rəhbərliyinə təşəkkür etdi. O, layihə haqqında məlumat verərək bildirdi ki, Almaniyada şagirdlərə həsr olunan xüsusi gün olur və bu gün "Kinder-Universitet” adlanır. Bu layihənin şagirdləri elm və araşdırma mövzularında ruhlandırmaq, universitet həyatı ilə tanış etmək məqsədi daşıdığını diqqətə çatdıran A.Eşer bununla şagirdlərə tələbəlik illərinin gərgin olması ilə yanaşı, maraqlı olduğunu göstərməyə çalışdıqlarını qeyd etdi. Tədbirin mövzusunun aktual məsələ olduğunu dilə gətirən A.Eşer onun dünyadakı insanları bir-birinə birləşdirdiyini dedi. Aleksander Eşer sonda hər kəsə müvəffəqiyyətlər dilədi.

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Heidrun Tempel hər kəsi salamladı və ADU rəhbərliyinin daim yüksək səviyyəli tədbirlər keçirilməsində şərait yaratdığını vurğuladı. Bu günün tələbə və müəllimlər üçün bilik günü olduğunu söyləyən səfir tədbirdə elm sahəsində yeni nəticələr əldə ediləcəyinə əminliyini bildirdi. Səfir H.Tempel iştirakçılara tədqiqatlar aparmaq, elmi işlərdə fəal olmağı tövsiyyə etdi. ADU-nun Alman dili kafedrasının müdiri, dosent Elxan Yusifov və Bakı Slavyan Universitetinin Germanistika İnstitutunun direktoru, dosent Sevinc Rzayeva çıxış edərək layihə haqqında fikirlərini səsləndirdilər, təşəbbüsü dəstəklədiklərini və tədbirin Alman dilinin yayılmasında stimul olacağını söylədilər.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), A.A. Bakıxanov adına Tarix İnstitutunun, ”Tarixi coğrafiya,” şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri üzrə fəlsəfə doktoru Sahibə Budaqova "Azərbaycanda Ətraf Mühitin Mühafizəsi" mövzusunda təqdimatla çıxış etdi.

Bakı Dövlət Universitetinin Bioekologiya departamenitinin "Ekologiya və Torpaqşünaslıq” fakültəsinin əməkdaşı, bioloq Tilmann Dieterix "Təkrar emal və tullantıların qarşısının alınması" mövzusunda mühazirə dedi.

Tədbir ilə paralel olaraq 4 şagird qrupu və 4 workshop mövzusu ilə fırlanma metodu əsasında "Ətraf mühit haqqında -plakat", "Təkrar emal – emal etmə", "Ətraf mühitdə gəzinti", "Ətraf mühit haqqında müsahibə" mövzularında seminarlar keçirildi, "Torpaq: Su necə təmizlənir?”, "Hava: C02 (karbon qazı) bizim üçün təhlükəlidirmi?”, "Su: Balıq yuyuna bilərmi?”, "Alov: Enerjiyə necə qənaət edə bilərəm?” mövzularını əhatə edən eksperimenlər aparıldı. Nəticələrə uyğun olaraq final viktorina keçirildi və qaliblər "Kinder-Uni” diplomuna layiq görüldü.

Qeyd edək ki, Bakıda ilk dəfə "1. ZfA Uşaq –Universiteti Bakı” (1. ZfA Kinder –Uni Baku ) – Ekologiyanı tədqiq etmək və qorumaq layihəsi keçirilir. "Kinder-Uni" konsepsiyası ilk dəfə Almaniyada Tübingen Universitetində 2002-ci ildə həyata keçirildi və uğurlu olduğu üçün bu gün Almaniyanın 50-dən artıq universitet və ali məktəblərində "Uşaq universitetləri" təşkil olunur. Burada məqsəd uşaqlarda elm və tədqiqata heyranlıq aşılamaq və onlara öyrənməyin necə də cəlbedici və maraqlı olduğunu göstərməkdir. İlk "1. ZfA Kinder-Uni Bakı " layihəsi bu ideyaya söykənərək 7-ci sinif şagirdlərinə Azərbaycan Dillər Universitetində "Ətraf mühit və onun mühafizə" mövzusunda tədqiqat aparmaq və öyrənmək məqsədilə həyata keçirilir. Proqrama ali məktəb müəllimlərinin mühazirələri ilə yanaşı, uşaqların qruplar halında sərbəst və müstəqil şəkildə ekologiyaya dair müxtəlif sualları araşdıracaqları, interaktiv „workshop"ların keçirilməsi də daxildir. Burada şagirdlər ətraf mühitin həyatımız üçün əhəmiyyətini anlayacaq və ekologiyanın qorunmasının nə qədər vacib olduğunu və fərd olaraq ətraf mühitin qorunmasına necə töhfə verə biləcəklərini öyrənəcəklər.
 









www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti