Akutaqava Rünoske: Düşüncələr, duyğular - E-kitab

13:21 | 13.03.2014
Akutaqava Rünoske: Düşüncələr, duyğular - E-kitab

Akutaqava Rünoske: Düşüncələr, duyğular - E-kitab

Müasir yapon ədəbiyyatının banisi Akutaqava Rünoske (1892-1927) haqqında Azərbaycanda da çox yazılıb və çox danışılıb. «Xəzər»in oxucularına təqlim etdiyimiz miniatürlər bu dünya şöhrətli yazıçının yaradıcılığının yeni hüdudlarını görməyə imkan verir.

Parovoza baxanda

Uşaqlarımız çox vaxt özlərini parovoza bənzədirlər. Əlbəttə ki, bir yerdə dayanan parovoza yox. Fısıldaya-fısıldaya əl-qollarını tərpədib, sürətlə irəli gedən parovozu yamsılayırlar. Bunu təkcə mənim uşaqlarım etmirlər. Axı niyə onlar parovoza bənzəmək istəyirlər? Yəqin onda güc-qüvvə hiss eləyirlər. Ya istəyirlər ki, onlar da parovoz kimi coşqun həyat sürsünlər. Bu cür arzular yalnız uşaqlara xas deyil.

Ancaq böyüklərin parovozu – sözün həqiqi mənasında parovoz deyil. Doğrudu, sürətlə irəli getdiyinə, yolunun düzlüyünə görə parovoza oxşayır. Bu yol isə – ya pula aparır, ya şöhrətə, ya da qadına. Uşaq, ya böyük – fərqi yoxdu, biz sürətlə irəli getmək istəyilə alışıb yanırıq, ancaq elə bunu istəməyimiz azadlığın itirilməsi deməkdi. Bu, paradoks deyil. Bu, paradoksal həyat gerçəkliyidi. Ancaq qan yaddaşımızla hiss etdiyimiz saysız-hesabsız əcdadlarımız, müəyyən ölkənin müəyyən dövrdəki sosial şəraiti bu və ya başqa dərəcədə istəklərimizi tormozlayır. İntəhası, bu istəklər içimizdə hələ qədim zamanlardan kök salıb.

Hündür qum təpəsinin üstündə dayanıb, ora-bura qaçışan uşaqlara, yanımdan keçib-gedən parovozlara baxanda bu haqda düşünməyə bilmədim. Dayandığım qum təpəsinin qarşısında bir təpə də varıydı və onun üstündə artıq rurumağa başlamış əyri şabalıd ağacı bitmişdi. Bax o 32-71 parovozu isə Mussolinidi. Onun sürətlə getdiyi yol indi par-par parıldayır. Ancaq yada salsaq ki, qatarların getmədiyi istənilən yol axırda paslanır, onda yəqin Mussolininin də həyatı biz adi adamların həyatı kimi sona çatacaq. Bundan başqa…

Bundan başqa, biz özümüz üçün heç nəyə qadağa qoymadan irəli şütümək istəyilə alışıb yanırıq və eyni zamanda yol ilə hərəkət eləyirik. Bu ziddiyyəti heç vaxt yaddan çıxartmaq olmaz. Bax bizim faciəmiz də onda yaranır. Heç şübhə yoxdu ki, Maqbet, hətta Koxara və Dzixey[1] kimi personajlar da axırda parovoza çevriliblər. Bəlkə Koxara və Dzixey Maqbet kimi güclü xarakterə malik olmayıblar. Ancaq eşq yolunda başılovlu irəli cumublar. (Faciənin Qərbdə qəbul olunan prinsipləri, nə qədər kədərli olsa da, burda tətbiq oluna bilməz. Faciəni insanlar yaradır, estetiklər yox.) Bu faciə qəhrəmanların əsaslandığı səbəblərin aydın olmamasındadı (istisna deyil ki, səbəblərin aydın olması faciənin bilavasitə iştirakçıları üçün də arzuolunmazdır), kənar adamların nəzərində onlar məzə üçün irəli cumurlar, məzə xatirinə dayanırlar, qəzaya uğrayırlar. Onda faciə komediyaya çevrilir. Ona görə komediya, kənar adamlarda mərhəmət oyatmayan faciədir.

Ümumiyyətlə, biz hamımız - uşaqlar və böyüklər istisnasız olaraq parovozuq. Misal üçün, mən özümü hündür trubası olan köhnə 32-36 parovozu hiss eləyirəm. Döndərici dairədə duran 32-36 parovozu.

Ancaq bu parovozların hərəkətini cəmiyyət və bizim əcdadlarımız müəyyən ölkənin müəyyən dövrlərində necə tormozlayıblar? Mən hər vaxt tormozu hiss eləyirəm və eyni zamanda maşının odluğundakı alovun gurultusunu duymaya bilmirəm. Biz heç də özbaşına deyilik. Biz də parovozlar kimi özümüzdə çoxəsrlik tarixi yaşadırıq. Üstəlik də, saysız-hesabsız porşenlərdənvə dişli çarxlardanibarətik. Sürətlə irəli şütüyümüz yol isə parovoz kimi bizə də məlum deyil. Ola bilsin, bu yol tunellərdən, körpülərdən keçəcək. Yol bizə sərbəstliyi, hətta azacıq kənara çıxmağı da qadağan eləyir. Bu fakt çox dəhşətlidi. Biz istəsək də, istəməsək də, o, heç şübhəsiz, mövcuddu.

Maşinist nə qədər qətiyyətli də olsa, parovoza sərbəstlik verə bilməz. Hansı maşinisti hansı parovoza oturtmaq Allahların öz kefindən asılıdı. Ancaq parovozların hamısı tamam paslanana qədər sürətlə irəli şütüməkdə davam eləyirlər. Parovozun zahiri əzaməti də elə bundadır.

Biz hamımız parovozuq. Bizim işimiz vur-tut göyə atdığımız tüstü və qığılcıidı. Dəmiryolunun yanı ilə gedən adamlar tüstü və qığılcımdan parovoz gəldiyini, ya indicə keçib getdiyini bilirlər. Tüstü və qığılcımı, əgər söhbət elektrovozdan gedirsə, gurultu ilə əvəz etmək olar. Bax ona görə Floberin sözləri mənə doğmadı: «İnsan – heç nədi, iş – hər şey». Parovoz görəndə özünü parovoz hiss etmək yəqin tək mənə xas deyil. Sayto Ryöku Xakone dağını tövşüyə-tövşüyə aşan parovoz haqqında yazmışdı: «Vay, belə də dağ olar, vay, belə də dağ olar». Usiutoqe sıldırımından aşağı enən parovoz isə sevinir. O, həvəslə oxuyur: «Nə hündürdü Takasaki, nə hündürdü Takasaki». Əcər birinci – faciə parovozudusa, ikinci parovoz yəqin ki, kamediya parovozudu.

iyul 1927 

Mən necə düşünürəm

Ən çox susuzlayan adam, tuluğunda suyu qurtarmış səhradakı səyyahdı. Ən çox ədalət arzulayan adam, kapitalizm şəraitində sosial ədalət tapmayan inqilabçıdı. Biz insanlar üçün ən çatışmayan şey, ən vacib olan şeydi. Buna yəqin heç kimin şübhəsi olmaz.

Əgər mənim dediklərim doğrudusa, ayaqlarını itirən əsgər hər şeydən çox ayaqlarının olmasını istəyir. Ən çox sevgi həsrəti çəkən sevgilisini itirən aşiqdi. Ən çox ciddilik arzulayan – məntiqə riayət etməyə bilmərəm, - daxilən ciddi olmağı bacarmayan yazıçılar, tənqidçilər, dramaturqlardı. Ta bineyi-başdan insanların ciddi olmadığını deməyə, məncə, ehtiyac yoxdu. Üstəlik, yumor hissi olan adamları günahlandırmaq, onları təhqir etmək olardı.

Tarix göstərir ki, həqiqi ciddi sənətkarlar öz ciddiliyini heç vaxt gözə soxmur. Onların əsərlərində, az, ya çox, ancaq gülüş həmişə olub. Hətta qaraqabaq, zəhmli İbsen də heç vaxt bunu gözə soxmurdu. «Per Qyunta»dan az sonra tamaşaçıda qəhqəhələr doğuran «Çöl ördəyi» yarandı. 

Məzhəkəyə olan məhəbbətini «Timsah» və «Dayının yuxusu»nda göstərən Dostoyevski İbsendən geri qalmır. Tolstoy əri ilə öpüşəndə paltarının əziləcəyindən narahat olan qadını təsvir eləyir. Strindberq həyatda dəmdəməki olan, ancaq həmişə əxlaqdan dəm vuran kişi obrazı yaradır.

Məntiq ondan xəbər verir ki, necə deyərlər, ciddi yazıçılarda, tənqidçilərdə, dramaturqlarda, əslində, ciddilik çatışmır. Belə bir nəticəyə hələ heç kimin gəlmədiyini demək düzgün olmazdı. Bunu çoxları hiss eləyir…

Paskalın dediyinə görə, insan – düşünən qamışdı. Qamışın düşünüb düşünmədiyini deyə bilmərəm. Ancaq qamışın insan kimi gülmədiyi şübhəsizdi. Gülər sifətini görməyəndə, bu adamın ciddiliyi bir yana, ümumiyyətlə, insani keyfiyyətlərinə inanmağım gəlmir. Öz ciddiliklərini nəyin bahasına olursa-olsun saxlamağa çalışan yazıçılara, tənqidçilərə, dramaturqlara hörmət bəsləmədiyimi deməyə, yəqin, ehtiyac yoxdu.

1923 iyun

Qurbağa

Qurbağa ilə dolu olan gölün kənarında uzanmışam

Gölün ətrafında qarğı və su qamışları bitib. Sahildə, qarğı və qamışların üstünə əyilən hündür söyüdləri külək xışıldadır. Onların başı üzərində isə mavi səmadı, - adda-budda buludlar şüşə parçaları kimi parıldayır. Bütün bunların göldə əksi gerçəkdə olduğundan daha gözəl görünür.

Göldəki qurbağalar bütün günü yorulmadan quruldayırlar: qurr, qurr, qurr. Diqqətsiz dinləyici yalnız qurultunu eşidir. Əslində isə qurbağalar arasında gərgin mübahisə gedir. Qurbağaların yalnız Ezop dövründə danışdığını söyləmək düzgün olmazdı.

Qamışın yarpağına sərələnmiş qurbağalardan biri universitet professoru kimi danışırdı:

- Su nədən ötrüdü? Ondan ötrüdü ki, biz üzə bilək. Cücülər nədən ötrüdü? Ondan ötrüdü ki, biz qarnımızı doyduraq.

- Doğrudu, doğrudu, - göldəki qurbağalar qışqırışır. Səmanın, otların və ağacların əks olunduğu göl qurbağalarla doludu. Ona görə bu təqdir səsləri xeyli gur çıxır.

Bu vaxt söyüdün dibində yatmış ilan, qurbağaların zəhlətökən səsindən ayıldı. Başını qaldırıb gölə tərəf baxaraq, yuxulu-yuxulu fışıldadı.

- Torpaq nədən ötrüdü? Ondan ötrüdü ki, üstündə otlar, ağaclar bitsin. Bəs otlar, ağaclar nədən ötrüdü? Ondan ötrüdü ki, bizim üstümüzə kölgə salsınlar. Deməli, belə çıxır ki, bütün aləm biz qurbağalar üçün yaranıb.

- Doğrudu, doğrudu.

İkinci dəfə təqdir səslərini eşidən ilan qamçı kimi dikəldi. Səssizcə sürünə-sürünə qamışa dolanıb, qara gözlərini parıldadaraq, göldə nə baş verdiyinə diqqətlə baxmağa başladı.

Qamışın yarpağında oturmuş qurbağa öz iri ağzını açıb hələ də nitq söyləyirdi:

- Səma nədən ötrüdü? Günəşin orda durması üçündü. Günəş nədən ötrüdü? Bizim kürəyimizi qurutmaq üçündü. Deməli, belə çıxır ki, bütün səma bizim üçün yaranıb. Beləliklə, su da, ot da, ağac da, cücülər də, torpaq da, səma da, günəş də biz qurbağalar üçün yaranıb. Bütün kainatın bizdən ötrü yaradıldığı danılmaz faktdı. Bu faktı sizə bildirməklə, bütün kainatı biz qurbağalardan ötrü yaratdığına görə yaradan səmimi-qəlbdən təşəkkür etmək istəyirəm.

- Uca yaradana şükürlər olsun…

Bunu deməyə macal tapmamış, ilan ona tərəf sıçradı və bayaqdan dil boğaza qoymayan qurbağa bir göz qırpımında ilanın ağzına düşdü.

- Qurr, qurr, bu çox dəhşətlidi.

- Qurr, qurr,bu çox dəhşətlidi.

- Dəhşətlidi, qurr, qurr.

Gölün sarsılmış sakinləri qışqırdıqları vaxt, ilan sakitcə qurbağanı udub, qamışlıqda yoxa çıxdı. Bu dəfə elə çaxnaşma düşdü ki, dünyanın gözü, ən azı bu göl yaranandan belə çaxnaşma görməmişdi. Balaca qurbağanın ağlaya-ağlaya soruşduğunu mən özüm eşitdim:

- Su da, ot da, ağac da, cücülər də, torpaq da, səma da, günəş də biz qurbağalar üçün yaradılıb. Bəs onda ilanlar? İlanlar da bizim üçün yaradılıb?

- Tamamilə doğrudu. İlanlar da biz qurbağalar üçün yaradılıb. Əgər ilanlar biz qurbağaları yeməsəydilər, biz dəhşətli dərəcədə artıb çoxalardıq.  Biz belə çoxalandasa, bizim dünyamımızda – göldə darısqallıq olardı. Ona görə ilanlar sürünüb biz qurbağaları yeyirlər. Belə düşünmək lazımdı ki, yeyilən qurbağa çoxluğun xoşbəxtliyi üçün verilən qurbandı. Sən tamamilə doğru deyirsən: ilanlar da biz qurbağalar üçün yaradılıb. Dünyada hər şey biz qurbağalar üçündü. Uca yaradana şükürlər olsun.

Bu, yaşlı qurbağanın cavabıydı.

1917 sentyabr

Royal

Yağışlı bir payız günü İokoqamedə Yamate küçəsiylə iş dalınca gedirdim. Bu rayonda həmin vaxt zəlzələ[2] günlərində olduğu kimi xaos idi. Dəyişən bir şey vardısa, o da evlərin damından qopub düşən şiferlərin və dağılmış kərpic divarların arasıda bitən kol-kosdu. Hansısa bir evin xarabalığında mən birdən yarıya qədər divarın qalıqları altında qalan, klavişləri parıldayan royal gördüm. Kol-kosun içindəsə çəhrayı, mavi, qəhvəyi hərflərlə əsərlərin adı yazılan islanmış notlar səpələnmişdi.

Biz o adamla iş haqqında danışdıq. Xoşagələn söhbət deyildi. Tezliklə görüşmək barədə razılaşıb, axşamdan çox keçmiş onun evindən çıxdım.

Xoşbəxtlikdən yağış kəsmişdi. Külləyin qovduğu buludların arasından hərdən Ay görünürdü. Qatara gecikməmək üçün (təbii ki, siqaret çəkmək qadağan edilmiş dövlət dəmiryolunun elektrik qatarı mənə əl vermirdi), çalışırdım bacardıqca bərk gedəm.

Qəfil səslər eşitdim, elə bil kimsə royal çalırdı. Çalmaq yox, daha doğrusu, sanki kimsə klavişlərə toxunurdu. Addımlarımı qeyri-iradi yavaşıdıb, xarabalığa göz gəzdirdim. Ay işığında kol-kosun içindəki həmin royalın klavişlərini gördüm. İns-cins gözə dəymirdi.

Mən vur-tut bir not eşitmişdim. Ancaq bu, şübhəsiz, royal səsiydi. Özümü naqolay hiss eləyib, yenə addımlarımı yeyinlətdim. Bu vaxt arxadan yenə aydınca royal səsini eşitdim. Kürəyimi döyən isti küləyi hiss eləyərək, arxaya baxmadan lap bərk getməyə başladım…

Mən eşitdiyim bu səsə mistik izah vermək fikrindən uzaq idim. Doğrudan da orada heç kim yoxuydu, ola bilsin uçmuş divarın arxasında pişik gizlənmişdi. Pişik də olmasa, siçovul, ya qurbağadı – xarabalıqda yaşayan heyvanları fikrimdən keçirdim. Ancaq, hər halda, qəribəydi ki, royal insan əli dəymədən çalmışdı.

Aradan heç beş gün keçməmiş mən yenə həmin işə görə Yamate küçəsindən keçirdim. Royal əvvəlki kimi kol-kosun içində dururdu. Çəhrayı, mavi, qəhvəyi hərflərlə əsərlərin adı yazılmış notlar yenə ətrafa səpələnmişdi. Bütün bunlar, eləcə də kərpic və şifer yığını payız günəşinin şəfəqlərinə bələnmişdi. Notları ayaqlamamağa çalışaraq, royala yaxınlaşdım. Fil sümüyündən olan klavişlərin öz əvvəlki parıltısını itirdiyini, qapağın üstündəki lakın töküldüyünü indi gördüm. Royalın ayaqlarına meşə üzümü dolanmışdı. İçimdən ümidsizliyə oxşar bir hiss keçdi.

- Görən yenə çalacaqmı? – bərkdən dedim. Elə bu vaxt royal astadan səs elədi. Elə bil inamsızlığıma görə məni məzəmmət elədi. Ancaq buna heyrətlənmədim. Hətta gülümsədim. O zaman olduğu kimi. Ancaq indii ağ klavişlər gün işığında parıldayırdı. İntəhası, indii onların üstündə bir dənə şabalıd var idi – nə vaxt düşdüyünü bilmirdim.

Küçəyə qayıdanda, çönüb yenə xarabalığa göz gəzdirdim. Şabalıd ağacını axır ki, gördüm; uçmuş şifer damın ağırlığından gövdəsi royalın üstünə tərəf əyilmişdi. Kol-kosun içində atılıb qalan royaldan gözümü çəkə bilmirdim. O royaldan ki, həmin dəhşətli zəlzədən heç kimə məlum olmayan səsləri özündə qoruyub saxlamışdı.

aprel, 1925

[1] Tikamatsu Mondzazmonun «Sevgililərin səma toru adasında intiharı» pyesinin qəhrəmanları. Bir-birlərinə qovuşa bilmədiklərindən birlikdə intihar edirlər.

[2] Kantoda 1923-cü ildə baş verən dəhşətli zəlzələ nəzərdə tutulur.

Tərcümə: S. Budaqlı

Xəzər jurnalı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb