Şuşada çox olmuşam - Arif Hacılıdan Zahid Oruca cavab

17:09 | 23.11.2022
Şuşada  çox olmuşam - Arif Hacılıdan Zahid Oruca cavab

Şuşada çox olmuşam - Arif Hacılıdan Zahid Oruca cavab

 "Siyasi partiyalar haqqında" qanun layihəsinin Milli Məclisin 3 komitəsində keçirilən müzakirələrində və buna qədər baş tutan dinləmələrdə ölkənin çoxsaylı müxalifət partiyalarının təmsilçiləri iştirak etməyib. 
 
 Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri, millət vəkili  Zahid Oruc jurnalistlərin  "AXCP və Müsavat partiyası təmsilçiləri ilə qanun layihəsi ilə bağlı  hər hansı təması, müzakirələri mümkün sayırsınızmı?" sualına cavabında bildirib ki, "görüş üçün heç bir problem yoxdur".

"Xaricə getmək üçün pasportları olmasa da, daxildə hərəkət edə bilirlər. Daxildə hərəkət üçün pasport tələb olunmur. Məsələn, Əli Kərimli, Arif Hacılı Şuşada olubmu? Biz qanun layihəsinin müzakirəsi zamanı həmrəyliyi pozmamaq üçün qətiyyən demədik ki, bu torpaqlar 90-cı illərdə kimin ucbatından, günahından itirilib. Mən öz subyektiv fikrim olaraq bildirirəm ki, görüş üçün heç bir problem yoxdur”, - Zahid Oruc deyib.

"Musavat” partiyasının başkanı Arif Hacılı Zahid Orucun cavabına münasibət olaraq anews.az-a açıqlamasında bildirib ki, o Şuşada dəfələrlə olub.

"Şuşa hər tərəfdən düşmən həmlələri altında olanda da, işğaldan azad olunandan sonra da dəfələrlə Şuşada olmuşam. "Siyasi partiyalar haqqında” qanunun müzakirəsinə gəlincə isə "Musavat" partiyası bu müzakirələrə dəvət olunmayıb. 

AXCP partiyasının sədri Əli Kərimlidən isə məsələyə münasibət ala bilmədik. Ona dəfələrlə zəng etməyimizə baxmayaraq partiya rəhbəri zənglərimizə  cavab vermədi.

Əli Kərimlinin müavini Seymur Həzi isə bildirib ki, nə zaman azad olunmuş ərazilərə gediş gəliş hər kəsə rahat şəkildə açılsa biz də o zaman gedəcəyik. 

"Partiya olaraq mövqeyimiz bundan ibarətdir ki, azad olunmuş zonalar vətəndaşların üzünə tur şəklində  təqdim olunmamalı,  vətəndaşlar həmin bölgələrə turist kimi getməməlidir. Əgər getmək mümkündürsə bu hamıya eyni cür tətbiq olunmalıdır. Şuşaya turist kimi getmək absurddur. Hesab edirik ki, bu şəhidlərin qanına hörmətsizlikdir. Nə zaman bu siyasət dəyişər, biz də torpaqlarımızı ziyarət edərik”, - Seymur Həzi vurğulayıb.

"Siyasi partiyalar haqqında" qanun  layihəsinin 15 maddəsinə 45 dəyişiklik edilib. 

Komitə üzvləri qanun layihəsinə I oxunuşda səs veriblər. Təkcə REAL partiyasının üzvü Erkin Qədirli bu qanun layihəsinin əleyhinə səs verəcəyini bildirib.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM