Məşhur "As I Lay Dying" rok qrupunun solisti Tim Lambezis həyat yoldaşını qətlə yetirmək üçün plan qurduğunu etiraf edib.
ANN.Az-ın "The Rolling Stone"a istinadən xəbərinə görə, Lambezisi 10 il həbs cəzası və 10 min dollar cərimə gözləyir.
Lambezis keçən ilin mayında San Diyeqoda ondan boşanmaq istəyən arvadını qətlə yetirmək üçün killer axtarışına çıxanda həbs edilib. O, killerə arvadını öldürməsi üçün min dollar pul veribmiş.
Lambezis həbs olunandan sonra 2 milyon dollar zaminə pul qoyaraq, azadlığa buraxılıb. Onun vəkili isə bildrmişdi ki, müştərisi narkotik maddələrin təsiri altında olub və killer tutarkən ağlı başında olmayıb.
Lambezis həyat yoldaşıyla 8 ildir ki, evlidir və onların 3 uşağı var. Onun həyat yoldaşı ərinin məsuliyyətsizliyindən, uşaqlarına diqqət ayırmamasından, hədsiz bədxərcliyindən, xəyanətlərindən bezib. Əri ona məktub yazaraq, onu artıq sevmədiyini və Allaha da artıq inanmadığını bildirəndə qadının səbr kasası daşıb və o, boşanmaq üçün məhkəməyə müraciət edib. Bu isə Lambezisin xoşuna gəlməyib və o, həyat yoldaşından qisas almaq qərarına gəlib.
"As I Lay Dying" rok qrupu 2000-ci ildə qurulub, kollektivin sonuncu albomu "Awakened" 2012-ci ildə işıq üzü görüb.
ANN.Az