Avropanın gender təxribatı

17:46 | 25.10.2014
Avropanın gender təxribatı

Avropanın gender təxribatı

Azərbaycan tarixində cəmiyyətin inkişafının bütün mərhələlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ilk dəfə olaraq Şərqdə demokratiyanın beşiyi sayılan bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl qadına seçmək və seçilmək hüququ verilib. İndi Azərbaycanda gender bərabərliyinin vəziyyəti ilə bağlı vəziyyət necədir?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən ANN.Az-a bildirilib ki, Azərbaycanın yerləşdiyi coğrafi məkan və malik olduğu zəngin milli-mənəvi və tarixi dəyərlər bizi Avropa, Şərq, xüsusilə, İslam ölkələrindən fərqləndirir. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbayan qadını fəaliyyəti və vətəndaşlıq mövqeyi ilə cəmiyyətdə ifadəsini tapıb və töhfələr verib. 
Statistikaya görə, hazırda Azərbaycan əhalisinin ümumi sayının 50,3%-ni qadınlar təşkil edir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi artaraq 28%-ə çatıb. Milli Məclisdə qadın deputatların sayı artır, ölkə parlamentində qadınların xüsusi çəkisi 16 faizdir. Parlament sədrinin 3 müavinindən biri qadındır. Son bələdiyyə seçkilərində bələdiyyə üzvü seçilmiş qadınların sayı 5 dəfə artıb və onların xüsusi çəkisi 26,7 % olub. Bələdiyyə sədrlərinin 17,7%-i, əksər İcra Hakimiyyəti başçısının müavinləri qadındır. İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) və Konstitusiya Məhkəməsinin sədr müavini qadındır. Nazir müavinlərindən üçü qadındır. Auditorlar Palatasının 3 müavinindən biri, Dövlət Komitələrindən və Dövlət Komissiyalarının birinin sədri qadındır. Naxşıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini və Naxşıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) qadındır. ARDNŞ-ın vitse-prezidenti qadındır. Daxili İşlər orqanlarında orta və böyük rəis heyəti vəzifələrində 287, sıravi və kiçik rəis vəzifələrində 835 nəfər qadın xidmət edir. 52 nəfər qadın hakimdir. Ədliyyə orqanlarında işləyənlərin 1055 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 80 nəfərdir. Diplomat qadınlarımızın sayı artır. Elmin müxtəlif istiqamətlərində fəaliyyət göstərən qadınların xüsusi çəkisi 50%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 40 %-i qadınlardır. 
Bundan əlavə, ölkədə qadın siyasətinin daha da güclənməsinə xidmət edən mühüm sənədlər var. Dövlət ailə, qadın və uşaq siyasətinin təkmilləşdirilməsi, geniş və davamlı formada həyata keçirilməsinə xüsusi diqqət göstərir. Gender bərabərliyi və qadın hüquqlarının müdafiəsi istiqamətində əldə olunan nailiyyətlər yüksək qiymətləndirilir, bu sahədə Azərbaycan təcrübəsi beynəlxalq səviyyəli tədbirlərdə təşviq olunur. 
Ekspertlərin isə bu məsələyə baxışı müxtəlifdir. Onların sözlərinə görə, kişilərdən və qadınlardan ibarət olan bütün cəmiyyətlərdə gender problemi var. Azərbaycanda bununla bağlı qanunvericiliyin və konvensiyaların zəif təbliği müəyyən çətinliklər yaradır. İdarəetmə orqanlarında kişi və qadın iştirakının balanslaşdırılması, qadınların iqtisadi azadlığının təminatı üçün bərabər imkanların yaradılması, şəxsi biznesin inkişafı, xidmət pilləkənində maneəsiz yüksəlmənin təmin edilməsi, ailədə hüquq və məsuliyyətlərin bərabər həyata keçirilməsi üçün şəraitin yaradılması, cinsi zəmində zorakılığın azaldılması və bu zəmində zorakılığın cəmiyyətdə tamamilə yox edilməsi isitiqamətində görülən tədbirlər heç də istənilən nəticəni vermir.
Onların fikrincə, bu sahədə problemin biri də mülkiyyətə sahibliklə bağlıdır. Bu gün Azərbaycanda mülkiyyətin təxminən 96%-i kişilərə, qalan 4%-inin də 95 %-i formal olaraq qadınlara məxsusdur. Ölkədə gender bərabərliyində nisbətən qənaətbəxş sahə müvafiq hüquqi bazanın mövcudluğudur, lakin gender bərabərliyi ilə bağlı qanun çox vaxt işləmir. İslam qaydalarına görə, kişi güclü cins deyil, qadın da zəif cins deyil. Cəmiyyətdə kişilərlə qadınların hüquq bərabərliyindən başqa, digər bərabərlik qəbul olunmur. Avropanın ortaya atdığı bəzi mövzular cəmiyyətimiz, o cümlədən ailə institutunun dağıdılmasına təhlükə törədir.
Xatırladaq ki, kişi və qadınlar arasında resurs və imkanların bölüşdürülməsi üzrə Dünya İqtisadi Forumunun ötən ilin oktyabrında yaydığı Qlobal Gender Bərabərliyi hesabatında 136 ölkə arasında İslandiya 1, Finlandiya 2, Norveç 3, İsveç 4-cü yerdə qərarlaşıb. Cənubi Qafqaz ölkələri arasında ardıcıllıq belə olub: Gürcüstan (86), Ermənistan (94) və Azərbaycan (99).
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür