“Çayxanada, toyda, yasda Qarabağ haqqında danışmaq qadağan edilsin!..”

13:04 | 12.11.2018
“Çayxanada, toyda, yasda Qarabağ haqqında danışmaq qadağan edilsin!..”

“Çayxanada, toyda, yasda Qarabağ haqqında danışmaq qadağan edilsin!..”

"Başım çıxmır, niyə birdəfəlik demirlər ki, Qarabağı yadınızdan çıxarın?..”

Müsəlmanlar üçün müqəddəs cümə günündə parlamentdəki bir neçə deputatın haqsevər, vətənpərvər çıxışı ürəyimə yağ kimi yayıldı. Kişilər dəyərli söz danışır da... Deyirlər ki, hər yoldan ötən Qarabağdan danışmasın, boş-boş mitinq keçirməsin, bu haqda ancaq buna səlahiyyəti çatan partiya, dövlət nümayəndələri, bir də bəzi deputatlar danışa builər. Qarabağ mitnqinə gedənlər, orda çıxış edənlər avantüristlərdir...

O deputatların parlamentdə vaxtı çatmadı bütün ürək sözlərini deməyə, amma onların deyə bilmədikləri mənim də qəlbimdən keçir. Kişilər demək istəyir ki, əgər meriya Qarabağla bağlı mitinq keçirmək üçün Azadlıq meydanına toplaşmağa icazə vermirsə, hətta bunun üçün balaca bir kənd klubu təklif edirsə, sonda da o təmirsiz "Məhsul” stadionunu zorla, böyük minnət-sünnətlə verirsə, deməli, Qarabağ haqqında danışmaq azadlığı hər kəsə verilməyib və məhdudlaşdırııb. Nə təhər ki, kartofun, badımcanın, pomidor-xiyarın, bananın, qoz-fındığın, qoyun-quzunun, uşaq bezinin və s. idxalını-ixracını inhisara, monopoliyaya alan cəngavər oğullarımız var, Qarabağ məsələsinin də öz inhisarçıları var... Odur ki, bir futbol meydançasına yığışıb boş-boş "Qarabağ” qışqırmaq - yazılmamış qanunları pozmaqdır...

Futbol demiş, hökumət "Azərsun”un sponsorluğuyla gül kimi futbol komandasını verib kütlələrin ixtiyarına... Dırnaq içində "Qarabağ”... Gördünüz o gün Olimpiya stadionunda 70 minə yaxın adam ikiqat dırnaq içində ""Qarabağ!”” qışqırdı, bir faydası olmasa da, əlini, ayağını yerə, skamyalara döydü... Görün, onlara güldən ağır bir söz deyən oldu?.. Daha nə istəyirsiz, şərait yaratmışıq da; "Qarabağ” futbol klubunun Bakıdakı hər oyununda ailəli-uşaqlı gedin stadiona, doyunca ""Qarabağ”” qışqırın, dişlərinizi qıcayın, oturacaqları yumruqlayın, tum çırtlayıb zibilləyin oraları, saqqız çeynəyib sonra oturacaqlara yapışdırın. Bir sözlə, stresinizi çıxardıb rahat qayıdın evinizə-eşiyinizə, çayınızı-çörəyinizi yeyib sakitcə yıxılıb yatın, uyuyun. Uyumaq çox xeyirlidi, bütün həkimlər deyir, dünyanın dərdi-sərini yaddan çıxarıb o dünyaya yaxınlaşırsan... Hətta, istəsəniz, yuxuda Qarabağı da görə bilərsiniz, qaçqın olanınız royayi-aləmdə Şuşadakı, Laçındakı, Kəlbəcərdəki, Ağdamdakı... evlərinizin xarabalıqlarına da baş çəkə bilərsiniz, buna da azadlıq, sərbəstlik veririk... Hələ istəsəniz, pulunuz çatarsa, gedib Avropada, İspaniyada, İngiltərədə, Almaniyada da "Qarabağ”ın oyunlarına baxıb yenə ikiqat dırnaq içində ""Qarabağ”” qışqıra bilərsiniz...

Belə baxanda kişilər düz deyir də... A kişi, heç o məmurların, deputatların bəzisi Qarabağın xəritədə yerini tanımır, biz hardan bilək, Qarabağ nədir, nə deməkdir, onu niyə işğal ediblər, kimlərin güdazına gedib, niyə azad edə bilmirik. Hər kəs getsin öz işi lə məşğul olsun, başını aşağı salıb çörəkpulunu qazansın, partiya və hökumətimiz nə vaxt məsləhət biləcək, onda da azad edəcək Qarabağı...

Deyirlər ki, xalq, qaçqınlar daha dözmür, dünyadan Qarabağ, torpaq dərdi ilə köçüb gedirlər, camaat öz torpağında ölmək istəyir. A kişi, 30 il dözüblər, bir 10 il də dözsünlər də, nə olar?.. 40-a dözən 41-ə də dözər... Ölməyə gəldikdə, onsuz da əvvəl-axır hamımız öləcəyik də, nə fərqi var, ya Bakıda, Yevlaxda, Kürdəmirdə basdırdılar səni, ya da Laçında, Şuşada... Dağın başında kim sənə qəbir qazacaq? Bir də gördün, qəbirə qoyanda ayağın minaya toxundu, meyitin də ələ gəlmədi. Bir də ki, kim gedib tapacaq, kim ziyarət edəcək qəbrini Murovda, Dəlidağda? Hamısından yaxşı Bakıda, özü də yeri pulla alınmış bahalı qəbirlərdə yatmaqdır...

Ümumiyyətlə, biz bir qrup zəhmətkeş yığışıb yekdilliklə belə bir qərara gəlmişik ki, Qarabağla bağlı nəinki mitinqləri, 2-3 nəfərin çayxanada, yasxanada, toyxanada, avtobusda, taksidəki və s. söhbətini də qadağan etmək lazımdır... Qardaş, o kişi deputatlar düz deyir də, Qarabağ böyük siyasətdi, ondan bizim –qara camaatın başı çıxmaz. Biz Qarabağdan danışırıqsa, deməli, siyasətə qarışırıq, siyasətçilərimizin, diplomatlarımızın işinə pəl vururuq. Odur ki, nə təhər ki, bu məscidlərdəki xütbələrdə, yas məclislərindəki söhbətlərdə mollalara siyasətdən danışmaq qadağan edilib, bizlərə də çayxanada, pivəxanada-filanda Qarabağdan danışmaq qadağan edilsin... O boyda sovet hökumətinin evini bu çayxanada, meyxanada toplaşıb siyasətdən, Qarabağdan danışan ektremistlər yıxmadı?.. Bir də gördün, çayxanalardan camaat sel kimi stadionlara, ordan da Azadlıq meydanına axır...

Amma məndən olsa, məsələni kökündən həll etmək üçün "Qarabağ” sözünü birdəfəlik unutmaq, işlətməmək lazımdır. Başım çıxmır, niyə bu savadlı deputatlar, birdəfəlik demir ki, Qarabağı unudun, yaddan çıxarın?.. Kor-kor, gör-gör... Kor deyilik ki? Görürük ki, 25 ildən çoxdur, bu hökumət, BMT, ATƏT başda olmaqla beynəlxalq güclər nə qədər zülm çəkir, məsələni həll edə bilmirlər. Minsk qrupu nümayəndələrinin Qarabağa, İrəvana yeyib-içməyə gedib-gəlməkdən ayaqları, bizim xarici işlər nazirinin də həftə səkkiz-mən doqquz erməni həmkarının əlini sıxmaqdan əli qabar olub. Yazığınız gəlsun bunlara, gəlin Qarabağı unudaq, lap "Qarabağ” futbol komandasının da adını dəyişib "Aladağ” qoyaq. Təki bu söz, bu torpaq yaddan çıxsın... Belə bir təcrübəmiz də çoxdur axı. Hələ Təbrizi-filanı demirik, XX əsrin əvvəlində İrəvanı, Zəngəzuru, Basarkeçəri, Göyçəni –filanı ermənilərə verəndən sonra da sovet hökumətini yıxmaq istəyən bir-iki araqarışdıran bir neçə il daldada- bucaqda hay-küy salmaq istədi. Onların da yarısını sürgün elədilər, güllələdilər, yarısı da öz əcəli ilə xəstələnib, dərddən-filandan çərləyib öldü... Sonra da sovet hökumətinin uğurlu daxili və xarici siyasəti, bir də erməni qızları və erməninin tut arağı sayəsində ermənilərlə olduq kirvə və qardaş... Bununla da hər şey yaddan çıxdı... Onnan da Zəngəzur, Göyçə və s. problemləri həllini tapdı... Daha heç kəs torpağa qayıtmaq sözünü dilinə gətirmədi... Vəssəlam-şüttəmam... İndi də belə olacaq. Bəs bu BMT, AŞ, ABŞ, ATƏT, Minsk Qrupu, Rusiya, Fransa, neçə-neçə savadlı, uzaqgörən deputatlar, məmurlar nə işə yarayır?...
Sultan Laçın 

moderator.az

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti